Məhkəmə qərarları › İş №e-2-2(115)-1798/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1798/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1798/2025 29.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilədən imtina, iradə ifadəsinin üsulları) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MLNZG00-000570 saylı dəyəri 8000 manat olan daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 6612,05 manat əsas borc, 1037,89 manat faiz borcu, 2892,84 manat dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 122 manat olmaqla ümumilikdə cəmi 10664,78 manatın tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli MLNZG00-000570 saylı dəyəri 8000 AZN olan daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinqi obyekti 20AB407 dövlət qeydiyyat nişanlı, 2015-ci il istehsalı, qara metallik rəngli “Chevrolet” markalı “Cruze” model minik avtomobili olmuşdur. Cavabdeh həmin daxili lizinq müqaviləsinin tələblərini pozaraq aylıq ödənişləri vaxtında etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər.

II. Tərəflərin mövqeyi

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

5. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli MLZNG00- 000570 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırlacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 8000 manat təşkil edir. Həmiçinin müqavilənin 1.7-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 24 ay müddətinə lizinqə verilir.

6. 30 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü tarixli MLZNG00-000570 nömrəli müqaviləyə əsasən lizinq müqaviləsinin lizinq predmeti olan 1 ədəd Chevrolet Cruze minik (Buraxılış: 2015, Rəngi: qara metallik, Mühərrik N/Z-SİL, Ban nömrəsi 1G1PF5SB6G7117424) markalı avtomobil satıcı tərəfindən alıcı və lizinq alana təhvil verilmişdir.

7. xx.xx.2024-cü tarixli MLZNG00-000570 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, ilk ödəniş xx.xx.2024-cü il, son ödəniş tarixi isə xx.xx.2026cı il olmaqla 8000 manat əsas məbləği və 5245,80 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.

8. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet Cruze minik, Buraxılış: 2015: Mühərrik E 1 N/Z SİL, Tip; Sedan, Ban: 1G1PF5SB6G7117424; Rəngi: qara metallik) markalı avtomobil İddiaçı QSC-nin mülkiyyətindədir.

9. xx.xx.2025-ci il tarixli, 4171 nömrəli maliyyə haqqında arayışdan görünür ki, Cavabdeh İlə İddiaçı QSC arasında xx.xx.2024-cü il tarixində 8000 azn 24 ay müddətinə aylıq ödəniş 551.90 azn olmaq şərti ilə MLZNG00-OO0570 saylı lizinq müqaviləsi bağlanmışdır. Cavabdeh ödənişləri ödəmədiyi üçün MLZNG0O-00570 saylı müqavilənin şərtlərini pozmuşdur. MLZNG00-000570 saylı müqavilə şərtlərinə əsasən əsas 6612,05 azn, faiz 1037,89 azn, dəbbə 2892,84 azn borc yaranmışdır. Ödənilmiş məbləğlər: xx.xx.2024 – 700 azn, xx.xx.2024 – 800 azn, xx.xx.2025 – 1000 azn, xx.xx.2025 – 2000 azn, xx.xx.2025 – 550 azn.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə və yaranmış borcun ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-5. Lizinq əməliyyatlarının hüquqi forması 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

12. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci tarixli Qərarı. Lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Göründüyü kimi, lizinq obyektinə dair sahiblik və istifadə hüquqları lizinq alana keçsə də, onlar müvəqqəti xarakter daşıyır və lizinq ödənişi tam icra edilənədək lizinq verənin hüququnun təminatı kimi əmlak onun mülkiyyətində qalır.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarı.

Lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir.

IV. Məhkəmənin mövqeyi

a) Lizinq müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. Məhkəmə mübahisənin kommersiya xarakteri daşımasına münasibətdə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi Cavabdeh fəaliyyət istiqaməti əvvəlcə “taksi fəaliyyəti” olmuş, hazırda isə “şəxsi maşınların sürücü ilə icarəsi”dir. Buna görə də məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə əldə edilmiş nəqliyyat vasitəsi sahibkarlıq məqsədləri üçün istifadə edildiyindən mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən yaranmışdır.

17. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü tarixli MLZNG00-000570 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə lizinq ödənişi müqabilində istifadə edilməsi üçün lizinqə verir, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. Lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lizinq obyektlərini lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir.

18. Hazırda iddiaçı xx.xx.2024-cü tarixli MLZNG00-000570 lizinq müqaviləsinə əsasən yaranmış 6612,05 manat borcu tələb edir.

19. Mülki Məcəllənin lizinq haqqında ümumi müddəalarının tələblərinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə lizinq müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 748-1.12.4-cü maddəsi təşkil edir.

21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Məhkəmə həmçinin kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. İş materiallarından görünür ki, iddiaçı lizinq müqaviləsi üzrə verilmiş qalıq borc məbləğinin (bütünlükdə) geri tələb edilməsini ilk dəfə pretenziya məktubunda ifadə etmiş və həmin məktub Cavabdeh 06 avqust 2025-ci il tarixdə göndərilmişdir.

25. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə iddia ilə məhkəməyə müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd).

26. Belə olan halda, iddiaçının xx.xx.2025-ci il tarixdə Cavabdeh pretenziya məktubu yollayaraq lizinq müqaviləsi üzrə hesablanmış bütün borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubda qeyd olunan xx.xx.2025-ci il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir.

27. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü tarixli MLZNG00-000570 saylı lizinq müqaviləsi üzrə tutulmalı əsas borc 6612,05 manat, faiz borcu isə 1037,89 manat müəyyən edilməlidir.

28. Beləliklə, məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

29. İddia ərizəsində iddiaçı 2892,84 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 2892,84 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 330,60 manat (əsas borcun 5% həcmində) həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı eləcə də 122 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 122 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,90 manat pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 22,10 manat hissəsi İddiaçı QSC-nin özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 may 2024-cü il tarixli MLZNG00-000570 saylı Daxili lizinq müqaviləsi üzrə 6612,05 manat gecikdirilmiş əsas, 1037,89 manat faiz və 330,60 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 7980,54 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

37. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2024cü il tarixli MLZNG00-000570 saylı Daxili lizinq müqaviləsi üzrə 6612,05 manat gecikdirilmiş əsas, 1037,89 manat faiz və 330,60 manat cərimə (dəbbə) borcu olmaqla, cəmi 7980,54 (yeddi min doqquz yüz səksən manat əlli dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,90 (doxsan doqquz manat doxsan qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 22,10 (iyirmi iki manat on qəpik) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar