Məhkəmə qərarları › İş №e-2-2(115)-1801/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1801/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1801/2025 07.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 2056 manat 18 qəpik məbləğində borcun, 200 manat cərimənin, 42 manat 57 qəpik məbləğində dövlət rüsumunun, cəmi 2298 manat 75 qəpik pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-112 saylı alğı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Mollaəhmədli kəndi ərazisində 2,7 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu idiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5294 manat 70 qəpik məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 112 manat məbləğində çöp doğrama, 214 manat məbləğindəşum, 108 manat məbləğində mala, 45 manat 90 qəpik məbləğində çiyid səpini, 340 manat 20 qəpik məbləğində kultivasiya, 153 manat 90 qəpik məbləğində gübrə kultivasiya, 275 manat 20 qəpik məbləğində dərman səpini, 405 manat məbləğində pambığın maşınla yığımı, 2430 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 866 manat məbləğində gübrə və dərman, 344 manat 50 qəpik məbləğində lifsiz çiyid, ümumilikdə 5294 manat 70 qəpik məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 4151,95 kq, 3238 manat 52 qəpik məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 2056 manat 18 qəpik məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Bərdə Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 05/23-112 saylı alğı-satqı müqaviləsindən görünür ki, alıcı Bərdə rayonu, Mollaəhmədli kəndi ərazisində 2,7 hektar sahədə pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, cavabdeh tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində iddiaçıya təhvil verilməsi və iddiaçı tərəfindən cavabdehin borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini tərəflər öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən satıcı alıcı tərəfindən göstərilən servis xidmətlərin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə alıcıya ödəməyi, əks halda alıcı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1 % həcmində, 10 %-dən artıq olmamaq şərti ilə satıcıya cərimə ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər qiymətlərlə bağlı razılığa gəlmişlər. İş materiallarında olan iddiaçı və cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5294 manat 70 qəpik dəyərində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmiş, 3238 manat 52 qəpik məbləğində xam-pambıq cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş və cavabdehin iddiaçıya 2056 manat 18 qəpik borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh 2056 manat 18 qəpik məbləğində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş sənədindən göründüyü kimi, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 42 manat 57 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2056 manat 18 qəpik əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2156 manat 18 qəpik məbləğində borc və ödənilmiş 42 manat 57 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2056 manat 18 qəpik əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2156 manat 18 qəpik məbləğində borc və ödənilmiş 42 manat 57 qəpik dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar