Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1810/2024 02.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Aslan oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Aslan oğluna qarşı borcun tutulması və əmlakın qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 13156,58 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 183,65 manat dövlət rüsumunun Cavabdeh tutulmasına, həmiçinin Cavabdeh sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) **-UU-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında 01 aprel 2015-ci il tarixli 278/LA nömrəli daxili maliyyə lizinq müqaviləsi bağlanaraq İddiaçı ASC lizinq alanın sifariş etdiyi və həmin lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-ci il) 10-UU878 dövlət qeydiyyat nişanlı olan avtomobili (bundan sonra lizinq obyekti) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 32800 ABŞ dolları, o cümlədən lizinq obyektinin qiyməti 60000 ABŞ dolları təşkil etmişdir. Lizinq obyekti lizinq alana 12 ay müddətinə lizinq ödənişi illik 24 faiz olmaqla lizinqə verilmişdir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 18362,93 ABŞ dolları təşkil edir. Bundan 13156,58 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, lizinq alana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq lizinq ödənişlərini etməmişdir. Lizinq alan sonuncu dəfə xx.xx.2023-ci il tarixində 425 ABŞ dolları ödəniş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 13156,58 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 BŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 183,65 manat dövlət rüsumunun Cavabdeh tutulmasına, Cavabdeh sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009- ci il) **-AK-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, 32800 ABŞ dolları cavabdehə pul verilmişdir. Avtomobilin özünün dəyəri 60000 dollar olmuşdur. Cavabdeh avtomobili başqa şəxsdən alıb gətirib onlardan pul götürmüşdür. 32800 ABŞ dollarını cavabdeh ödəniş qrafikinə uyğun tam ödəsə idi sözü gedən avtomobil onun mülkiyyətinə keçəcəkdi. Müqavilədən sonra hər hansı pul məbləğinin ödənilməsi nəzərdə tutulmamışdır. 13156,58 ABŞ dollarını çıxmaq şərti ilə qalan pulu cavabdeh ödəmişdir. 5 faizlə hesablama müqavilə müddəti bitdikdən sonra hesablanmışdır. 06 sentyabr 2022-ci ildə cavabdeh faiz borclarının silinməsi üçün müraciət etmiş və komitənin iclasında tərtib edilmiş protokol əsasında cavabdehə güzəşt edisə də o protokolun şərtlərinə riayət etmədiyi üçün protokol öz qüvvəsini itirmişdir. Protokol 06 sentyabr 2022-ci ildə imzalanmışdır. 36 ay müəddətinə hər ay ödəniş edilməsi nəzərdə tutulmuşdur. Həmçinin protokolda ardıcıl 2 ay ödəniş edilmədiyi halda qüvvədən düşməsi nəzərdə tutulmuşdur. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Aslan oğlu izahat verərək bildirdi ki, onun banka 15000 ABŞ dolları borcu qalmışdı, o həmin puldan da 4 ay 500 dollardan ödəniş etmişdir. Tələb olunan pul məbləği ilə razı deyildir. 2015-ci il də müqavilə bağlamış, 1 aydan sonra dollar qalxmışdır. 1 dollar 1.05 manat ekvivalenti ilə o 3 ay ödəniş etmiş, 3 ay sonra dollar qalxaraq 1.70 manat olmuşdur. İddiaçıya o 50000 manat ümumilikdə pul ödəmişdir. Dollar qalxandan sonra o faiz borcunu ödəyib kredit borcunu dondurmuşdur, yəni ona faiz məbləği hesablanmamalı idi. Hesab edir ki, 13156,58 dollar borcu qala bilər. 2017-ci ildən 2022-ci ilə kimi banka ödəniş etməmiş, lakin 2022-ci ildə 2800 dollara yaxın iddiaçıya pul ödəmişdir. 2022-ci ildə bank ona 15300 dollar borcuna görə 36 aylıq yeni qrafik açmışdı. Həmin qrafik isə onun özündədir. Türkiyədə olan zəlzələyə görə ödəniş etməyə imkanı çatmamışdır. Belə ki, uşaqları orada oxuyur. Əsas borc məbləği ilə narazı deyildir. İddiaçı ondan 3000 dollar əlavə cərimə pulu almışdır. O 1 dollar 0.78 manat olarkən borc götürmüşdür, lakin 1 dollar 1.70 manat olarkən ödəniş etmişdir. Bank ona güzəşt etmədiyi üçün mübahisələri məhkəməyə gəlmişdir. 13156,58 ABŞ dollarını məbləğində borcu qalmışdır. Hazırda isə iddiaçıya olan əsas borcunu ödəməyə razıdır, qalan hissədə isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2015-ci il tarixli 38/LA nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşmadan görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı 1 ədəd RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009- ci il) **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 32800 ABŞ dolları, o cümlədən avadanlığın dəyəri 60000 ABŞ dolları, lizinq mükafatı isə 0 manat müəyyən edilmişdir. Həmiçinin müqavilənin 1.6-cı bəndinə əsasən lizinq obyekti lizinq alana 12 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinqə verilməsi nəzərdə tutulmuşdur. Həmiçinin müqavilənin 3.5-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, lizinq alan lizinq obyektini lizinq verənlə razılaşdırılmış qiymətə satın almaq hüququna malik olması müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 01 aprel 2015-ci il daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma bağlanmış, razılaşmaya əsasən müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı “RANGE ROVER SPORT” minik markalı Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-cu il olan avtomobilini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq obyekti olan avtomobili Cavabdeh almış, İddiaçı ASC ilə daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma bağlamış, razılaşmada ümumi məbləğ 32800 ABŞ dolları, o cümlədən avadanlığın dəyəri 60000 ABŞ dolları, lizinq mükafatı isə 0 manat müəyyən edilmişdir. Lizinq obyekti lizinq alana 12 ay müddətinə lizinq ödənişi illik 24% olmaqla lizinqə verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixdə 32800 ABŞ dolları məbləğində vəsait verilmişdir. Cavabdeh 32800 ABŞ dolları məbləği və faiz ödənişini xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğindən ödəniş etmiş, onun ləğv prosesində olan İddiaçı ASC-yə 13156,58 ABŞ dolları əsas borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də 13156,58 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5206,35 ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı əsas borcun ödənilməsinin gecikdirilmiş günlərinin sayını 2845 gün müəyyən etmiş və həmin müddəti xx.xx.2016-cı il tarixdən (müqavilənin bitmə müddətindən) maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək hesablamışdır. Halbuki cavabdehə verilən ödəniş qrafikində ən son ödəniş tarixi xx.xx.2017-ci il tarixi müəyyən olunmuşdur. Həmin tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixədək əsas borcun ödənilməsinin gecikdirilməsi müddəti 2515 gün təşkil edir. Ona görə də həmin müddətə illik 5%-lə hesablanmış fazi borcu 4595,67 ABŞ dolları təşkil edir və həmin məbləğ cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 13156 ABŞ dolları 58 sent əsas borc, müqavilə müddəti bitəndən sonra 5%-lə hesablanmış 4595 ABŞ dolları 67 sent faiz borcu olmaqla cəmi 17752 ABŞ dolları 25 sent pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində Cavabdeh sahiblik və istifadəsinə verilmiş “RANGE ROVER SPORT” minik markalı (Tip universal, Ban: SALLSAAE4AA234548, rəngi qara metallik, buraxılış ili 2009-cu il) **-AK-*** dövlət qeydiyyat nişanlı olan avtomobilin tam işlək vəziyyətdə ləğv prosesində olan İddiaçı ASC-yə qaytarılmasını tələb etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həm müqavilə şərtindən, həm də MM-nin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.5-ci bəndində qeyd edilir ki, müqavilə ilə müəyyən edilmiş bütün lizinq ödənişlərini tam ödədikdə və bu müqavilənin müddəti bitdikdə, lizinq alan lizinq obyektini lizinq verənlə razılaşdırılmış qiymətə satın almaq hüququna malik olması müəyyənləşdirilmişdir. Həmiçinin iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, 32800 ABŞ dolları cavabdehə pul verilmişdir. Avtomobilin özünün dəyəri 60000 dollar olmuşdur. 32800 ABŞ dollarını cavabdeh ödəniş qrafikinə uyğun tam ödəsə idi sözü gedən avtomobil onun mülkiyyətinə keçəcəkdi. Qeyd edilənlərə əsasən iddiaçı hazırkı halda lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişi (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə hesab edir ki, lizinqalanın lizinq obyektinin ona qaytarılmasını tələb etmək hüququ yoxdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 183,65 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180,54 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Aslan oğlu arasında bağlanmış 01 aprel 2015-ci il tarixli 38/LA saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşma üzrə yaranmış 13156 ABŞ dolları 58 sent əsas borc, müqavilə müddəti bitəndən sonra 5%-lə hesablanmış 4595 ABŞ dolları 67 sent faiz borcu olmaqla cəmi 17752 (on yeddi min yeddi yüz əlli iki) ABŞ dolları 25 (iyirmi beş) sent pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 180 (bir yüz səksən) manat 54 (əlli dörd) qəpik dövlət rüsumu Cavabdeh Aslan oğlundan tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1810/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1810/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver