Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1828/2022 29.08.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli e-2-2(115)-1828/2022 nömrəli qərardadından ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs Samux rayonu Alabaşlı qəsəbə Uşaq bağçası körpələr evinin Dövlət Sosial Müdafiə Fonduna 2036,94 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli e-2-2(115)-1828/2022 nömrəli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş üzrə ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, hüquqi şəxs barədə məlumat formasında digər kommersiya təşkilatı qeyd olunması həmin hüquqi şəxsin qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olması və yaxud heç bir halda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməməsi anlamına gəlmir. MPM-nin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığorta edən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 23-cü bəndində və Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (vergi orqanlarının) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Göründüyü kimi məhkəmə Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına istinad etsə də əsaslandırmasını düzgün formada aparmamış, adıçəkilən qərarın 23-cü bəndinin tələblərini gözləməmişdir. MPM-nin 355-5-355-7-ci maddələrinə, eləcə də Ali Məhkəmə Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 23-cü bəndinə əsasən qeyd edilməlidir ki, vergi ödəyicisi olan Samux rayonu Alabaşlı qəsəbə Uşaq bağçası körpələr evinin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı iş kommersiya işidir və bu mənada həmin işə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər, itirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi (çağırış icraatı) tələbləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən Plenum qərarından da göründüyü kimi tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblər o halda kommersiya məhkəmələri tərəfindən baxılır ki, həmin tələblər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmiş olsun. Lakin ərizəyə əlavə edilən hüquqi şəxs haqqında məlumatdan görünür ki, Samux rayonu Alabaşlı qəsəbə Uşaq bağçası körpələr evi xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeçiliyindədir. Təşkilatı-hüquqi forması digər qeyri-kommersiya təşkilatı, mülkiyyətinin növü dövlət mülkiyyəti, əsas fəaliyyət növü məktəbəqədər təhsildir. Həmin hüquqi şəxsə xx.xx.2004-cü il tarixdə ********** nömrəli VÖEN verilmişdir. Hüquqi şəxsin rəhbəri isə Maraqlı şəxsdır. Sadalanan xüsusatlar göstərir ki, maraqlı şəxsin rəhbəri olduğu uşaq bağçası dövlət orqanıdır, qeyri-kommersiya təşkilatıdır, əsas fəaliyyət növü təhsillə bağlıdır, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 31.1.-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilən Plenum qərarının 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, şikayət işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264 maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Gəncə Kommersiya Məhkəməsinin 19 avqust 2022-ci il tarixli e-2-2(115)-1828/2022 nömrəli qərardadından ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1828/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1828/2022
29.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver