Məhkəmə qərarları › İş №e-2-2(115)-1852/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1852/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1852/2023 26.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh 5259,04 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 525,90 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5259,04 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 525,90 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 110 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə xx.xx.2022-ci il tarixli, 17 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıqları müddətində cavabdeh İddiaçı MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin cavabdeh təhvil aldığı məhsullara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək İddiaçı MMC-yə olan 5259,04 manat borcunu ödəməmiş və aralarında bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, aralarında bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx.xx.2022-ci il tarixli 17 saylı Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün Satıcı Alıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% kimi müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən ödənişi gecikdirilmiş məhsullara görə dəbbə pulunun məbləği 10%-dən çox olduğu üçün müqavilənin 5.5-ci bəndinə əsaslanaraq ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10%-ni təşkil edən 525,90 manat məbləğində dəbbə pulu yaranmışdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Belə ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsini gecikdirmişdir. Nəticə etibarı ilə, hazırda cavabdehin İddiaçı MMC-yə 5259,04 manat məbləğində əsas borcu və 525,90 manat məbləğində dəbbə pulu yaranmışdır. Həmin müqavilənin 8.1-ci bəndinə qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, Alqı-Satqı müqaviləsinin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara almışdırlar. Bununla da, onlar İddiaçı MMC olaraq pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 30 noyabr 2023-cü il tarixli, e-2-2(115)-1852/2023 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən məhkəmə bildirişi rəsmi qaydada xx.xx.2023-cü il tarixdə alınmasına baxmayaraq, iddiaçının tələbinə dair etirazlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, qiymətlərin razılaşdırılması protokolu, malların təhvil-qəbul aktı, elektron qaimə, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17 saylı müqaviləyə əsasən satıcı alıcıya malları satmağı, alıcı isə məhsulların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli X2 əsasən alıcı təhvil aldığı məhsullara görə ən geci 31 gün ərzində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin imzaları və X3 LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə mallar cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 5259,04 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, təhvil-qəbul aktı və elektron qaimə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 5259,04 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin 525,90 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 20 (iyirmi) manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 110 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 110 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 72,80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5259,04 manat məbləğində borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5279,04 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 72,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5259,04 manat məbləğində borc, 20 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5279,04 manat məbləğində pul və 110 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 72,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar