Məhkəmə qərarları › İş №e-2-2(115)-1873/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1873/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1873/2025 08.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi, qanunsuz qoşulma, subyektiv hüquq) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "İrişəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 tərəfindən qeyri-qanuni hesablanmış 4.104 (dörd min bir yüz dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X15 küçəsi, 58 saylı yaşayış binasının şərq hissəsində yerləşən, sahəsi 108.50 kv.m olan qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə ona 15 mart 2024-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış təqdim olunmuşdur. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi avtoyuma və çayxana kimi fəaliyyət göstərməkdədir. 02 may 2025-ci il tarixdə bir neçə nəfər özlərini Gəncə Su İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər, obyektlərdə su təchizatına dair monitorinq keçirmələrini bildirdilər. Su təminatının necə olması barədə sorğularına cavab olaraq, günaşırı səhərlər saat 7-dən 9-dək su ilə təmin olunmağı bildirdi. Sonra sayğacdan kənar xəttin olub-olmadığını soruşdular. Heç bir boru xəttinin olmadığını, sayğac göstəriciləri əsasında istifadə etdiyim suya görə haqq ödədiyini bildirdi. Sonra müəyyən yerlərə baxış keçirdikdən sonra obyekti tərk etdilər. Sonra sayğac göstəricilərinə əsasən ödəniş etmək istədikdə, ödəniş terminalında 4087 (dörd min səksən yeddi) manat borcun olduğunu, minimum ödəniş məbləğinin 34 (otuz dörd) manat olması göstərildi. Məsələyə aydınlıq gətirmək üçün Gəncə şəhər Su-Kanal İdarəsinə 10 iy un 2025-ci il tarixdə getdi. 02 may 2025-ci il tarixdə obyektlə əlaqədar 603394 saylı Akt tərtib edildiyini bildirdilər və guya su təchizatı və kanalizasiya xidmətindən qanunsuz istifadəyə görə 4104 (dörd min bir yüz dörd) manat məbləğində borcu yarandığını bildirdilər. Akta əlavə olaraq "Qanunsuz istifadə fakturası" da təqdim olunmuşdur ki, həmin fakturada şişirdilmiş rəqəmlərlə hesablama aparılmışdır. Obyektə su verilməsi qrafiki günaşırı olmaqla, istifadə müddəti maksimum 1,5-2 saatdır. Həmin fakturada isə günlük istifadə müddəti guya hər gün 5 saat kimi göstərilir. Belə olan halda, yəni qrafiklə su verildiyi təqdirdə 360 gün istifadə müddətinə iddia etmək qeyri-qanuni və əsassızdır. Qeyd edir ki, monitorinq zamanı cavabdehin nümayəndələrinin aktda yazdıqları guya sayğacdan kənar "aşkar" olunmuş diametri 25 mm olan su borusundan xəbəri olmamışdır və ondan istifadə etməmişdir. Yuxarıda göstərilən xüsusatlardan belə qənaətə gəlmək olur ki, cavabdeh tərəfindən tərtib edilmiş Aktda sayğacdan kənar 25 mm olan boru xəttinin məhz ona məxsus ünvanda qanunsuz istifadə edilib edilmədiyini müəyyən etmək mümkün olmadığından mötəbər sübut kimi qiymətləndirilməməlidir.

İİ.Tərəflərin mövqeyi

3. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, su idarəsinin işçiləri gəlib əlavə xətt müəyyən ediblər. Obyekti təzə aldığı üçün kənar xətdən məlumatı olmayıb. Gün ərzidə 2 saat su veriblər, cərimə hesablayanda 5 saatdan hesablayıblar. 180 gün su verilsə də 360 günlük su pulu hesablayıblar. Hesablama reallığa uyğun aparılmayıb. O, dəfələrlə müraciət etmişdir ki, su gəlmir. O, su maşını gətirib suyunu doldururdu. Su maşınlarının gəlməsi ilə bağlı şəkillərim də var. Buna görə də qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək bildirdi ki, yoxlama ilə bağlı reysterdən də çıxarış var. Sudan istifadə qaydalarının 8.4-cü bəndinə əsasən yeni mülkiyyətçi 10 gün ərzində gəlib yeni müqavilə bağlanmalıdır. Ancaq mülkiyyətçi qaydalara uyğun hərəkət etməyib. Yoxlama ediləndən sonra mülkiyyətçinin dəyişdiyini bilmişlər. Sudan istifadə qaydalarına 4 saylı əlavəyə əsasən hesabat günlük 5 saatdan 360 günlük hesablanmalıdır. Yoxlama ilə bağlı video çəkiliş də var. Yoxlama aprel ayında olub. Akt tərtib edəndə tərəfin nümayəndəsi orda iştirak edib, ancaq qol çəkməkdən imtina edibdir. Sayğaca pul yüklənməyəndə klapan bağlanır, amma yer altı çənə su dolur. Bunu siz araşdırmalı idiniz. Nazirlər Kabinetinin qərarına 4 saylı əlavə əsasında hesablanır. Sorğuya verilmiş cavabdan da görünür ki, hesablanma qrafikə görə yox, qərara 4 nömrəli əlavəyə görə hesablanıb. Buna görə də qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Sübutların tədqiqi

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********20-06301 reyestr nömrəli “Çıxarış”dan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, 58 saylı yaşayış binasının şərqində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

6. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252305897 №-li Çıxarışdan görünür ki, müqavilə şərtlərinə əməl olunması ilə bağlı yoxlama qeydiyyatdan keçirilmiş, yoxlamanın müddəti xx.xx.2025xx.xx.2025-ci il, yoxlanılan sahibkarın adı X2, yoxlanılan sahibkarın VÖEN-i **********, fəaliyyət növü aptek qeyd edilmişdir.

7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X12 nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 603394 №-li aktdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, ev 41 ünvanında yerləşən istehlakçı X5 (Cavid Süleymanov) işlətdiyi avtoyuma çayxanada yoxlama zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan sudan sayğacdan kənar d=25 mm boru vasitəsilə qeyriqanuni olaraq istifadə edir. Borunun diametri d=20 mm.

8. xx.xx.2025-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, borunun daxili diametri 20 mm, su buraxma qabiliyyəti 1.14 m3/saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 2052 m3 olmaqla, sudan istifadə və çirkab sularına görə ayrı-ayrılıqda 1738,98 manat+313,02 manat ƏDV olmaqla, cəmi 2052 manat, ümumilikdə 4104 manat borc hesablanmışdır.

9. Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun silinməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. Abonent haqqında məlumatdan görünür ki, müqavilə nömrəsi 41113213, abonent kodu 801884 olan obyektin (müəssisə adı “aptek” X17) sudan qanunsuz istifadəyə görə 2052 manat, çirkab sularından qanunsuz istifadəyə görə 2052 manat borcu vardır.

11. Məhkəmə tərəfindən verilmiş sorğuya "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 tərəfindən verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan İstifadə "qaydalarının 8.6-cı bəndinə əsasən, Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi “Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1( bir) il müddətinədək hesablanır. “Sudan İstifadə” qaydalarının 4 nömrəli əlavəsində Kommersiya yöniü təşkilatlar üzrə gün ərzində sudan istifadə müddəti 5 (beş) saat müəyyən edilmişdir.

IV. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”

1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; 1.2.2. istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; 1.2.3. məişət (təsərrüfat)-içməli su – yaşayış məntəqəsində yaşayan əhalinin və sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün istifadə etdikləri sudur; 1.2.4. istehsalat məqsədli su – istehsalat, sənaye, texnoloji və digər texniki məqsədlər üçün istifadə olunan sudur; 1.2.5. tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır.

3. STKM-in hüquqları 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək.

4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.1. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək.

5. İstehlakçıların hüquqları 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək;

6. Suölçən cihazların quraşdırılması və istismarı 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

8. İstehlakçıya suyun verilməsinin dayandırılmasının əsasları və müqavilənin ləğv edilməsi 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

9. Kanalizasiya şəbəkə və qurğularından istifadəyə dair xüsusi tələblər 9.11. STKM aşağıdakı hallarda yazılı xəbərdarlıq etdikdən sonra və akt tərtib edərək onun bir nüsxəsini istehlakçıya vermək şərtilə istehlakçını təsərrüfat-məişət kanalizasiya şəbəkəsindən ayırmaq hüququna malikdir: 9.11.3. təsərrüfat-məişət kanalizasiya sisteminə qanunsuz qoşulmalar aşkar edildikdə.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

17. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

V. Məhkəmənin mövqeyi

a) borcun silinməsi tələbi ilə bağlı

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, ev 41 ünvanında yerləşən istehlakçı X5 (Cavid Süleymanov) işlətdiyi avtoyuma çayxanada yoxlama zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan sudan sayğacdan kənar d=25 mm boru vasitəsilə qeyri-qanuni olaraq istifadə edir. Borunun diametri d=20 mm. xx.xx.2025-ci il tarixli qanunsuz istifadə fakturasına əsasən borunun daxili diametri 20 mm, su buraxma qabiliyyəti 1.14 m3/saat, günlük istifadə müddəti 5 saat, qanunsuz istifadə müddəti 360 gün, sərf 2052 m3 olmaqla, sudan istifadə və çirkab sularına görə ayrı-ayrılıqda 1738,98 manat+313,02 manat ƏDV olmaqla, cəmi 2052 manat, ümumilikdə 4104 manat borc hesablanmışdır. Abonent haqqında məlumatdan görünür ki, müqavilə nömrəsi 41113213, abonent kodu 801884 olan obyektin (müəssisə adı “aptek” X17) sudan qanunsuz istifadəyə görə 2052 manat, çirkab sularından qanunsuz istifadəyə görə 2052 manat borcu vardır.

22. Hazırda iddiaçı "İrişəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X13 tərəfindən qeyri-qanuni hesablanmış 4.104 manat məbləğində borcun silinməsi xahiş edir və obyektin onun faktiki istifadəsində olduğunu bildirir.

23. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

24. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə isə iddiaçının borcun silinməsini xahiş etdiyi obyektin ona məxsus olduğu müəyyən edilmir. Belə ki, iş materiallarındakı sənədlərdən görünür ki, borcun yazıldığı obyekt X5 (Cavid Süleymanov) işlətdiyi obyekt olmuş, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində də yoxlanılan sahibkarın adı X2, yoxlanılan sahibkarın VÖEN-i **********, fəaliyyət növü aptek qeyd edilmişdir.

25. Məhkəmə tərəfindən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışdan məlum olmuşdur ki, yoxlanılan sahibkara məxsus ********** №-li VÖEN X1 adınadır.

26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iş materiallarına “Çıxarış” əlavə edilsə də, İddiaçı xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, 58 saylı yaşayış binasının şərqi qeyd olunmuşdur. Halbuki, yoxlama keçirilən və borc yazılan obyektin ünvanı Gəncə şəhəri, Nizami rayonu, X15 küçəsi, ev 41 olmuşdur.

27. Məhkəmə tərəfindən qeyd olunan faktı dəqiqləşdirmək məqsədilə tərəflərə sual verilsə də, iddiaçı hazırda obyektin onun istifadəsində olduğunu, cavabdehin nümayəndəsi isə mülkiyyətçi dəyişdikdə yeni mülkiyyətinin sudan istifadə ilə bağlı müqavilə bağlamaq vəzifəsinin olduğunu bildirmişdir.

28. . Beləliklə, məhkəmə qeyd edir ki, bütün sənədlərdə istehlakçı obyektin faktiki sahibi kimi X10, sahibkar X3, obyektin fəaliyyətinin isə aptek olduğu qeyd olunduğundan, iddiaçı isə qeyd edilən qeyri-yaşayış sahəsinin onun faktiki istifadəsində və ya mülkiyyətində olduğunu təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının həmin qeyri-yaşayış sahəsinə yazılmış borcun silinməsi ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.

b) Məhkəmə xərcləri ilə bağlı

29. İddiaçı eləcə də 61,10 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

30. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə 61,10 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

33. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 61,10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

34. Beləliklə, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

35. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş 61,10 (altmış bir manat on qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar