Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1879/2024 12.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı “X3 İstehsalat Kommersiya Şirkəti”nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3 İstehsalat Kommersiya Şirkəti”nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3 İstehsalat Kommersiya Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 İstehsalat Kommersiya Şirkəti” ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 23/21 saylı "Diler müqaviləsi”nə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 17847,2 manat əsas borc, müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 9085,05 manat cərimə məbləği, MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1784,7 manat məbləğində gecikdirilmiş vaxta görə faiz borcu, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 29036,95 manat məbləğində pulun və 178 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 İstehsalat Kommersiya Şirkəti” ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 23/21 saylı "Diler müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında “X3 İstehsalat Kommersiya Şirkəti” tərəfindən qablaşdırılmış pivə məhsulları satılmış, Cavabdeh pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmişdir. Belə ki, bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 2 ədəd, ümumilikdə 21347,2 manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 3500 manat ödəniş edilmiş, 17847,2 manat hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixə Cavabdeh 17847,20 manat məbləğində borcu qaldığını yazılı surətdə etiraf etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən diler tərəfindən yazılı qaydada sifariş verildikdən sonra istehsalçı tərəfindən həmin mallara uyğun elektron qaimə dilerə göndərilir. Elektron qaimə göndərildikdən sonra diler malın dəyərini istehsalçıya ödəyir və istehsalçı tərəfindən qaimə üzrə məhsullar təhvil verilir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən məhsulların dəyəri ödənilmədikdə hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0.1 faizi dəyərində cərimə hesablanır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 96 saylı maliyyə arayışına əsasən məlum olur ki, qaimələr üzrə gecikdirilmiş günlərə görə tətbiq ediən cərimənin məbləği 9085,05 manat təşkil edir. Malların 2023-cü ildə təhvil verilməsinə və müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 2-ci ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, əsas borca münasibətdə illik 5% olmaqla, ümumilikdə (17847.2 x 5% x 2 il) 1784,7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, müqaviləyə, qiymət razılaşdırılması protokoluna, üzləşdirmə aktına özü imza çəkmişdir. Lakin o 2023-cü ildə iddiaçıdan hər hansı mal götürməmişdir. Onun kürəkəni iddiaçı ilə işləmişdir. Zavodun rəhbəri ona bildirmişdir ki, vergi ilə hesabatların aparılması üçün müvafiq sənədlərə imza çəkilməlidir. Ona görə də həmin sənədləri imzalamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “X3 İstehsalat Kommersiya Şirkəti”nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə 3 il müddətinə bağlanmışdır. 17487,20 manatlıq qaimədən 3000 manat, 3860 manatlıq qaimədən isə 500 manat ödəniş edilmiş, 17847,2 manat əsas borc qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçiriliməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X3 İstehsalat Kommersiya Şirkəti” ilə Cavabdeh arasında bağlanmış 10 mart 2023-cü il tarixli 23/21 nömrəli diler müqaviləsindən görünür ki, istehsalçı özünün istehsal etdiyi pivə məhsullarını, şüşə qablaşdırmada yalnız “Diler”-ə satmağı, “Dilər” isə həmin məhslları əldə edib, bu müqavilə şərtləri ə çərçivəsində aylıq minimum satış həddindən aşağı olmamaq şərtilə satışını həyata keçirməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.6-cı bəndinə əsasən “Diler” tərəfindən 6.5-ci bənddə göstərilən müddət ərzində məhsulların dəyəri ödənilmədikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0.1 faizi dəyərində cərimə hesablanması müəyyən olunmuşdur. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü ildə 17487,20 manat, xx.xx.2023-cü ildə 3860 manat məbləğində mallara dair “X3 İstehsalat Kommersiya Şirkəti” tərəfindən Cavabdeh elektron qaimələr ötürülmüş və qaimələr təsdiq edilmişdir. İş materiallarında olan 20 dekabr 2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh şirkətə 17847,20 manat qalıq borcunun olması hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli maliyyə arayışna əsasən Cavabdeh şirkətə 17847,20 manat əsas borcu, 9085,05 manat cərimə borcu olmaqla, cəmi 26932,25 manat borcu var. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X3 İstehsalat Kommersiya Şirkəti” ilə Cavabdeh arasında 10 mart 2023-cü il tarixli diler müqaviləsi bağlanmış, müqaviləyə əsasən istehsalçı özünün istehsal etdiyi pivə məhsullarını, şüşə qablaşdırmada yalnız “Diler”-ə satmağı, “Dilər” isə həmin məhslları əldə edib, bu müqavilə şərtləri çərçivəsində aylıq minimum satış həddindən aşağı olmamaq şərtilə satışını həyata keçirməyi və dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, malları cavabdehə təhvil vermiş, elektron qaimə göndərmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, elektron qaimələri təsdiq etsə də malın pulunu tam ödəməmiş, nəticədə onun iddiaçıya 17847 manat 20 qəpik borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində borcu gecikdirdiyi üçün 1784,70 manat faizin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mallara dair sonuncu elektron qaimə (hesab) xx.xx.2023-cü il tarixdə ötürülmüşdür. İddiaçı isə cavabdehə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə 27 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı 2 il üçün əsas borca hesablanmış faiz borcunu tələb etsə də məhkəmə hesab edir ki, sonuncu elektron qaimənin göndərildiyi vaxt gözlənilməklə 1 il 5 ay 20 gün üçün əsas borcun gecikdirilməsi ilə bağlı faiz hesablanması nəzərə alınmalı və cavabdehdən 2 il üçün deyil, 1 il 5 ay 20 gün üçün illik 5%-lə hesablanmış faiz borcu olaraq 1313 manat 75 qəpik pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, satıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 9085 manat 05 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 17847 manat 20 qəpik məbləğində əsas borc, 1313 manat 75 qəpik illik 5%-lə hesablanmış faiz borcu və 500 manat cərimə borcu olmaqla, cəmi 19660 manat 95 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 178 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən 320 manat vəkil xidmət haqqı ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 178 manat dövlət rüsumu və 320 manat vəkil xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X3 İstehsalat Kommersiya Şirkəti” ilə Cavabdeh arasında bağlanmış 10 mart 2023-ci il tarixli 23/21 saylı diler müqaviləsi üzrə yaranmış 17847 manat 20 qəpik məbləğində borc, 500 manat cərimə, 1313 manat 75 qəpik əsas borcun gecikdirilməsinə görə hesablanmış faiz borcu olmaqla 19660 (on doqquz min altı yüz altmış) manat 95 (doxsan beş) qəpik məbləğində borc, hüquqi yardım üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat xidmət haqqı və ödənilmiş 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X3 İstehsalat Kommersiya Şirkəti”nə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1879/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1879/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver