Məhkəmə qərarları › İş №e-2-2(115)-189/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-189/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-189/2023 22.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 15018 manat əsas borc, 2051 manat 83 qəpik faiz borcu olmaqla, ümumilikdə 17069 manat 83 qəpik borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 mart 2022-ci il tarixli 09/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci və 5.1-ci bəndlərinə əsasən "xxxx" MMC müqaviləyə uyğun olaraq Cavabdeh2 10 təqvim günü ərzində malı təhvil verməyi, Cavabdeh2 isə sifariş olunan malın dəyərinin 100 faizi həcmində malları təhvil aldıqdan sonra 5 iş günü müddətinə hesabına köçürməyi öhdəsinə götürmüşdür. 10 mart 2022-ci il tarixli 629858 nömrəli qaiməyə, eyni tarixli 09/22 nömrəli hesab-fakturaya və eyni tarixli 160052 saylı malların təhvil–qəbul aktına əsasən əsasən Cavabdeh2 tərəfindən 15018 manat məbləğində mal qəbul edilmişdir. Lakin bu günə qədər Cavabdeh2 tərəfindən borc ödənilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 12 iyul 2022-ci il tarixli qərarına əsasən Cavabdeh2 barəsində cinayət işinin başlanması rədd edilsə də, cavabdeh iddiaçı tərəfindən malları qəbul etdiyini, lakin imkanı olmadığından geri ödəniş etmədiyini etiraf etmişdir. Cavabdehə pretenziya məktubunu ünvanlanmış, lakin cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh qeyd edilən borcun icrasını yerinə yetirməktən boyun qaçırır və öhdəliyinin icrasını pozan halları aradan qaldırmaq üçün indiyə qədər heç bir addım atmır. Odur ki, cavabdehin müqavilə üzrə öz öhdəliyini yerinə yetirməməsi ucbatından iddiaçının maliyyə vəziyyətinə və gələcək planlarına ciddi zərər dəyməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445 və 449-cu maddələrinə əsaslanaraq cavabdehdən iddiaçının pul vəsasitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmasına görə Mərkəzi Bank tərəfindən 2022-ci il tarixi üçün müəyyənləşdirilmiş bank uçot faiz dərəcəsi 8,25% olmaqla hesablanan 1300 manat 93 qəpik (15018+1300,93=16318,93) və 15018 manat pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5% əsasən 750 manat 90 qəpik (16318,93+750,90 =17069 manat 83 qəpik ) məbləğdə faiz və 15018 manat əsas borc cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, tərəflər arasındakı müqaviləyə əsasən artıq 10 aydır ki, cavabdeh borcundan heç bir ödəniş etməmişdir. Müqavilə mebel satışının həyata keçirilməsi ilə bağlı olmuşdur. Cavabdeh sexinin yandığını, buna görə də borcunu ödəyə bilmədiyini bildirir. Lakin onlara məlumdur ki, yanğın hadisəsi müqavilə bağlanmamışdan əvvəl olubdur. Cavabdeh borcunun olduğunu etiraf edir və imkanının olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirir. Bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş satıcı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət ilə alıcı Cavabdeh2 arasında bağlanmış 10 mart 2022-ci il tarixli 09/22 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya istifadə olunan malları satmağı, alıcı isə həmin malı qəbul edib və mü qavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan hesab-faktura və elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 15018 manat məbləğin mal satılmışdır. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatı alınmış, o, qeyd olunan xüsusatları bir daha təsdiqləmiş, həqiqətən İddiaçı şirkətindən mebel materialları aldığını, maddi imkansızlığı səbəbindən pulu vaxtında ödəyə bilmədiyini, borcu yarandığını, lakin borcunu ödəməyə söz verdiyi göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh2 İddiaçındən 15018 manat məbləğində mal almış, verilmiş malların dəyərinin qaytarılmasını təmin etməsinə dair satıcı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini tam şəkildə icra etməmişdir. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15018 manat məbləğində borc və 143 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı faizin tutulmasına dair tələb irəli sürərkən nəzərə almamışdır ki, müqavilədə faizin tutulması müəyyənləşdirilməmişdir. Faiz müqavilə ilə müəyyənləşdirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin faizin tutulması hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15018 manat məbləğində borc və 143 manat dövlət rüsumu Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar