Məhkəmə qərarları › İş №e-2-2(115)-1911/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1911/2023

08.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1911/2023 08.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı xüsusi icraat ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən ümumilikdə 2214,73 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Belə ki, qeyd olunduğu kimi kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Mülki Prosessual Məcəllənin 40-2-ci fəsilində (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) nəzərdə tutulmuş işlərə baxırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, hazırki mübahisə üzrə maraqlı şəxs sahibkarlıq fəaliyyəti subyekti deyildir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən mediator – peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş, bu Qanunun tələblərinə cavab verən fiziki şəxsdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının siyahısının müəyyən edilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən mediasiya reyestri aparılır. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Mediasiya Şurası bu Qanunun 20.1-ci maddəsində nəzərdə tutulmuş funksiyaların həyata keçirilməsi məqsədilə, mediasiya təşkilatlarının, mediatorların və mediasiya təlimi qurumlarının məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Mediasiya Reyestrindən əldə olunan məlumatdan görünür ki, Tağıyeva X1 1 saylı Mediasiya Təşkilatının mediatorudur. Hazırki mübahisədə Maraqlı şəxs mediasiya sahəsində fəaliyyət göstərən mediator olduğundan və mediatorun qanuni təmsilçisi olduğu Goranboy 1 saylı Mediasiya Təşkilatı qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alındığından məhkəmə hesab edir ki, hazırki hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki mübahisə üzrə maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmadığından və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından xüsusi icraat ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçiyə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim : Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar