Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1916/2025 15.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6854,15 manat məbləğində əsas borcun, cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə tərəflər arasında imzalanmış müqavilənin 10.5-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixədək hesablanmış günlük 0,01% əsasında hesablanmış 237,36 manat cərimə borcunun, 15 avqust 2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 6854,15 manat əsas borcun 0,01 %-i (günlük 0,69 manat) məbləğində cərimə borcunun, ödənilmiş 92 manat dövlət rüsumunu Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə alıcı Cavabdeh MMC arasında 16 avqust 2023-cü il tarixli SHB/023/2023 saylı malların alqı-satqısı haqqında çərçivə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı cavabdeh tərəfindən sifariş edilən malları cavabdehə satmağı, cavabdeh isə bu mallar çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq olaraq iddiaçıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.5-ci bəndinə əsasən, iddiaçı malların cavabdehə təhvil verilməsini müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı əsasında həyata keçirəcəkdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək müqavilə çərçivəsində cavabdehə ƏDV daxil 13896,04 manat məbləğində mal təhvil vermişdir. İddiaçı təhvil verdiyi malların dəyərinin ödənilməsi üçün indiyədək cavabdehə 11 ədəd elektron qaimə göndərmişdir. Cavabdeh isə ona təhvil-təslim aktları ilə təhvil verilmiş malların adlarını və dəyərini özündə əks etdirən ümumi dəyəri ƏDV daxil 7041,89 manat olan 10 ədəd elektron qaimənin dəyərini iddiaçıya ödəmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan müqavilə üzrə öhdəliklərinə əməl etməyərək məhkəməyə müraciət etdikləri tarixədək, yəni xx.xx.2025-ci il tarixədək iddiaçı tərəfindən ona təhvil-təslim aktları ilə təhvil verilmiş malların adlarını və ümumi dəyəri olan ƏDV daxil 6854,15 manatı özündə əks etdirən xx.xx.2024-cü il tarixli MT2409 seriyalı, 10347342 nömrəli elektron qaimə üzrə heç bir ödəniş etməmiş və təhvil aldığı malların dəyərini ödəməkdən yayınmışdır. Cavabdeh iddiaçı tərəfindən təhvil verilmiş malları təhvil-təslim aktları ilə qəbul etmiş və göndərilmiş elektron qaimələrin böyük bir qismini tam şəkildə ödəmiş, qalan 1 ədəd elektron qaimənin ödənişini, yəni ƏDV daxil 6854,15 manat məbləğini həyata keçirməmişdir. Belə olan halda, yəni cavabdeh ona təhvil verilmiş mallar əsasında göndərilmiş elektron qaimələrdə qeyd olunmuş məbləği qismən ödəməklə, həmin malların iddiaçı tərəfindən cavabdehə təhvil verildiyini bir daha qəbul etmişdir. 21 iyul 2025-ci il tarixdə tərəflər arasında imzalanmış qarşılıqlı üzləşmə aktı ilə cavabdeh iddiaçıya 6854,15 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Daha sonra borcunu ödəməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı pretenziyalar göndərilmiş, cavabdeh isə pretenziyalara cavab verməmişdir. Həmçinin tərəflər arasında imzalanmış müqaviləsinin 10.5-ci bəndində qeyd olunur ki, alıcı malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə satıcıya 0,01% məbləğində dəbbə pulu ödəyəcəkdir. İddia ərizəsi ilə müraciət etdildiyi tarixədək cavabdehin iddiaçıya 237,36 manat məbləğində cərimə borcu yaranmışdır. İddiaçı iddia tələbinin azaldılması ilə bağlı ərizə verərək 6854,15 manat əsas borcun, cavabdeh tərəfindən borcun ödənişi gecikdirildiyinə görə tərəflər arasında imzalanmış müqavilənin 10.5-ci bəndinə əsasən xx.xx.2025-ci il tarixədək hesablanmış günlük 0,01% əsasında hesablanmış cəmi 237,36 manat cərimə borcunun, ödənilmiş 92 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh MMC-yə 19 avqust 2025-ci il tarixli e-2-2(115)-1916/2025 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHB/023/2023 saylı malların alqı-satqısı haqqında çərçivə müqaviləsindən görünür ki, satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən ayrı-ayrı sifariş tapşırıqlarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 10347342 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən 6854,15 manat məbləğində mallara dair elektron qaimə Cavabdeh MMC-yə göndərilmiş və elektron qaimə elektron qaydada təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktındam görünür ki, Shahbulag Mining” MMC-nin İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialına həmin tarixə olan borcunun 6854,15 manat təşkil etməsi tərəflərin imza və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə mal satmış, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, malın pulunu tam ödəməmiş, iddiaçıya 6854,15 manat əsas borcu və 237,36 manat cərimə borcu yaranmışdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 6854,15 manat əsas borc və 237,36 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 92 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli SHB/023/2023 saylı malların alqısatqısı haqqında çərçivə müqaviləsinə əsasən yaranmış 6854 manat 15 qəpik əsas borc və 237 manat 36 qəpik cərimə borcu olmaqla cəmi 7091 (yeddi min doxsan bir) manat 51 (əlli bir) qəpik borc və 92 (doxsan iki) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1916/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1916/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver