Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1923/2025 23.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 4956 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində formalaşmış 1988 manat əsas borc məbləğin, həmçinin dövlət rüsumu qismində ödənilmiş 40 manat məbləğin birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2013-cü il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. İddiaçı MMC-nin əsas fəaliyyəti dünyanın qabaqcıl ölkələrindəki istehsalçılarla əməkdaşlıq edərək ən son innovasiyalı kosmetoloji avadanlıqların ölkə ərazisində satışını və texniki dəstək xidmətlərini həyata keçirməkdən ibarətdir. İddiaçı MMC (Satıcı) ilə Cavabdeh2 (Alıcı) arasında 15 fevral 2025-ci il tarixində 4956 nömrəli nisyə alqı-satqı müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC müqavilələrin əlavələri ilə müəyyənləşdirilən malları (cihazları) alıcının mülkiyyətinə verməyi, alıcı isə onları təhvil alaraq onların dəyərini satıcıya müəyyənləşdirilmiş ödəniş qrafiki üzrə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, bu müqavilələrin icrasının təminatı qismində İddiaçı MMC (Satıcı) ilə Cavabdeh1 (Zamin) arasında 15 fevral 2025-ci il tarixində 4956 nömrəli alqı-satqı müqaviləsi üzrə zaminlik müqaviləsi də imzalanmışdır. Müqavilə üzrə müvafiq mallar (G8 turbo vibro masaj; D-901P) tam həcmdə müqavilənin imzalanması ilə eyni tarixdə alıcıya təhvil verilmişdir. Alıcı bunu təsdiq edən sübut qismində müqavilə üzrə tərtib edilmiş təhvil-təslim aktını imzalamışdır. Müqavilənin ümumi dəyəri 2388 AZN təşkil etmişdir. Bu dəyər və ödəniş qrafiki müvafiq müqavilənin 1 saylı əlavəsində öz əksini tapmışdır. Alıcı bu müqavilə üzrə indiyə qədər cəmi 400 AZN ödəniş həyata keçirmişdir. Müqavilələr üzrə öhdəliklərin icra edilməməsi nəticəsində alıcının halhazırda satıcıya 1988 AZN borcu qalmaqdadır. Qeyd edilən borc məbləği uzun müddətdir ki, nə alıcı, nə də zamin tərəfindən ödənilmir. Bu baxımda, tərəfimizdən Cavabdeh2 xx.xx.2025-ci il tarixində pretenziya məktubu da göndərilərək gecikdiriliş ödənişləri həyata keçirməsi üçün əlavə 3 gün vaxt verilmiş və buna əməl etməyəcəyi təqdirdə isə artıq onun barəsində məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin, zamin Cavabdeh1 da xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilərək eyni məzmunlu xəbərdarlıq edilmişdir. Lakin, hər iki pretenziya nəticəsiz qalmışdır.
3. Məhkəmə tərəfindən cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
III. Sübutlatın tədqiqi
5. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı müqaviləyə əlavə ilə müəyyən edilmiş avadanlığı hissə-hissə ödənilməsi şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş malın satış qiymətini satıcıya ödəməyi öhdəsinə götürür (1.1).
6. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alqı satqı müqaviləsinə 1 nömrəli əlavə “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, ilk ödəniş tarixi xx.xx.2025-ci il, son ödəniş tarixi isə xx.xx.2026-cı il olmaqla 2388 manat məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır.
7. 15 fevral 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, nisyə alğı-satqı müqaviləsinin predmeti olan ‘‘G8 vibro mesaj‘‘ və ‘‘D-901P elektroepilyasiya‘‘ avadanlıqları İddiaçı MMC tərəfindən Cavabdeh2 təhvil verilmişdir.
8. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, müqaviləyə əsasən Zamin xx.xx.2025 tarixli, 4956 saylı nisyə alqı-satqı müqaviləsinə alıcı qismində çıxış edən Cavabdeh2 tərəfindən Alqı-satqı müqaviləsi üzrə olan öhdəliklərini yerinə yetirməməsi və ya lazımı qaydada yerinə yetirməməsinə görə cavabdeh olacağını və satıcı qarşısında alıcı ilə eyni həcmdə və birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürür.
9. 06 avqust 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1988 manat məbləğində borcu var.
10. xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehə yaranmış borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.
IV. Məhkəmə baxışının hədləri.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
V. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsinin forması Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Qərarı
Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
VI. Məhkəmənin mövqeyi
a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı müqaviləyə əlavə ilə müəyyən edilmiş avadanlığı hissə-hissə ödənilməsi şərti ilə alıcının mülkiyyətinə verməyi, alıcı isə qarşılıqlı razılıq əsasında müəyyən edilmiş malın satış qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 1988 manat borcu qalmışdır.
17. Hazırda iddiaçı 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1988 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
20. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Məhkəmə zaminə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 müqavilə üzrə alınmış əmlaka görə zamin olduğundan, qeyd edilən borc məbləğinin ödənilməsi üçün məsuliyyət daşıyır.
24. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdehlər müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
25. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********45 nömrəli mədaxil qəbzi ilə 40 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
27. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
VII. Məhkəmənin gəldiyi nəticə
30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1988 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nə ödənilməlidir.
31. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 15 fevral 2025-ci il tarixli, 4956 saylı nisyə alğı-satqı müqaviləsi əsasən yaranmış 1988 (bir min doqquz yüz səksən səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli