Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1929/2024 04.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2024-cü il tarixli 03/02367 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1000 manat borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 406 manat dəymiş maddi ziyanın və 34,06 manat dövlət rüsumu olmaqla, cəmi 1440,06 manat məbləğin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 03/02367 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC-yə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4000 manat öhdəlikdən 3000 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 1000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Lizinq alanın müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 406 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün cəmi 406 manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli 03/02367 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi 35860, 561397, dəyəri 4000 manat olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq alan istifadə müddəti başa çatanadək onun üçüncü şəxsə istifadəyə verilməməsini (hüquqi şəxslər istisna olmaqla), satılmamasını, girova qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini, 2.2.8-ci bəndinə əsasən isə bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə verənə geri qaytarmağı qeyri-şərtsiz öhdəsinə götürmüşdür. İş materillarında olan 15 aprel 2024-cü il tarixli iltizamdan görünür ki, mexanizator Cavabdeh 1 ədəd SR-2045 markalı taxılyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İş materillarında olan texniki vəziyyət haqqında 17 aprel 2024-cü il tarixli aktdan görünür ki, 1 ədəd SR-2045 markalı taxılyığan kombayn Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında 13 avqust 2024-cü il tarixli texnika rayon bölməsinə geri qaytarılarkən tərtib edilən aktdan görünür ki, SR-2045 markalı taxılyığan kombayn nasazlığın səbəbi “2-ci silindir çat var su verir” olmaqla Cavabdeh tərəfindən İddiaçı ASC-nə təhvil verilmişdir. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli qüsur aktından görünür ki, 1 ədəd SR- 2045 markalı taxılyığan kombayn Ağdam RB-nə təhvil verən zaman xx.xx.2024-cü il tarixdə kombayının mühərrikində nasazlıq aşkar edilmişdir (mühərrikin ikinci silindirində çat var və mühərrikə su verir). Bu nasazlıq barədə mexanizatora bildirilmiş və qısa müddət ərzində nasazlığın aradan qaldırılması bildirilmişdir. İş materiallarında olan arayışdan görünür ki, SR-2045 Sampo markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərcin ümumi məbləği 406 manat təşkil etmişdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışna əsasən Cavabdehn müqavilə üzrə olan 4000 manat borcundan 3000 manat ödəniş etmişdir. Qalıq borcu isə 1000 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinəəsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 15 aprel 2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, mühərrikinin və şassinin nömrəsi 35860, 561397, dəyəri 4000 manat olan 1 ədəd SR-2045 markalı taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Nəticədə onun 1000 manat qalıq borcu yaranmışdır. Həmiçinin müqaviləyə əsasən lizinq verən öz öhdəliyi üzrə taxılyığan kombaynı saz vəziyyətdə lizinq alanın sahiblik və istifadəsinə təhvil verilmiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəliyi pozaraq lizinq obyektini nasaz vəziyyətdə geri qaytarmışdır. Texnikanın işlək vəziyyətə gətirilməsinə sərf oluncaq xərc 406 manat məbləğində müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış borc məbləğini və lizinq verən lizinq obyektinin tam bərpası üçün hesablanmış 406 manat məbləğində dəymiş maddi ziyanı tələb etməkdə haqlıdır. İddia tələbi təmin edilməli, lizinq müqaviləsi üzrə 1000 manat borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 406 manat dəymiş maddi ziyan olmaqla 1406 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 34,06 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 34,06 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2024-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 03/02367 nömrəli lizinq müqaviləsi üzrə 1000 manat borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 406 manat dəymiş maddi ziyan olmaqla 1406 (bir min dörd yüz altı) manat pul, 34 (otuz dörd) manat 06 (altı) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1929/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1929/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver