Məhkəmə qərarları › İş №e-2-2(115)-193/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-193/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-193/2025 01.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-dən müştərək qaydada maddi ziyan üçün 3525 manat pulun və 56 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC ilə aralarında bağlanmış daşınma müqaviləsinə əsasən müvafiq yük Türkiyədən Rusiyanın paytaxtı Moskva şəhərinə daşınmalı idi. Daşınma müqaviləsinin şərtlərinə əsasən daşınma xərci olan 5300 ABŞ Dollarından avans olaraq 2700 ABŞ Dolları elə həmin tarixdə, yəni xx.xx.2024-cü ildə nağdsız qaydada Cavabdeh2 atası digər Cavabdeh3 bank kartına köçürülmüşdür. Bundan sonra daşıma başlamış, lakin Türkiyə Respublikasının Ərzincan şəhərində maşında baş verən texniki problem səbəbindən daşınma dayandırılmışdır. Cavabdeh2 problemin həlli üçün onlardan əlavə pul istədikdə, onlarda da öz növbəsində bildirmişdir ki, aralarında bağlanmış Daşınma Müqaviləsinin şərtlərinə əsasən onlar daşınmanı sona çatdırmalı və bu prosesdə yaranan problemləri onlar həll etməli deyildir. xx.xx.2024-cü il tarixdə digər cavabdehlərlə Əlavə Razılaşma bağlamışlar və onlar bir daha öhdəlik götürmüşlər ki, maşında baş vermiş texniki xətaya görə "xxxx" MMC məsuliyyət daşımır və cavabdehlər daşıma prosesini başa çatdıracaqlar. Bir qədər sonra Cavabdeh2 daşınmanı yarımçıq qoymuş, hətta onlara qarşı aqressiya da göstərmişdir. Belə olduqda onlar Polis Şöbəsinə müraciət etmişlər. Polis Şöbəsində izahat verən cavabdeh əməlini etiraf etmiş, hətta xx.xx.2024-cü il tarixinə kimi onlara dəymiş 2700 ABŞ Dollarını da qaytaracağını bildirmişdir. Yalnız onların israrı və dəfələrlə müraciətlərindən sonra Cavabdeh2 xx.xx.2024-cü il tarixdə 2000 manat pulu qaytarmışdır. Lakin yerdə qalan məbləği qaytarmamışdır və bugünə kimi cavabdehə dəfələrlə müraciətlər etsələr də, heç bir ödəniş olmamışdır. Cavabdehlərə indiyə qədər həm telefonla, həm şifahi şəkildə xəbərdarlıq etmişlər ki, onların pulunu qaytarsın. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Aralarında bağlanmış müqavilənin 4.7-ci maddəsinə görə Daşıyıcı nəqliyyat vasitəsinin və sürücünün bütün sənədlərinin (CMR dosvola, passport, sürücülük vəsiqəsi) tam olmasını əvvəlcədən öhdəsinə götürür və bununla Morrexin heç bir əlaqəsi yoxdur. Sənədlərin olmaması səbəbindən yaranan gecikmələrə və zərərlərə görə yalnız Daşıyıcı məsuliyyət daşıyır. Daşıyıcı MORREX-in məruz qaldığı və ya bu səbəbdən də çəkəcəyi hər hansı zərərə görə məsuliyyət daşıyır. Daşıyıcı yükü aldıqdan sonra hər hansı bir texniki xətaya rast gələrsə bu texniki xəta göndəricini –alıcını agentliyi və MORREX-lə heç bir əlaqəsi yoxdur. Daşıyıcı maşını özü düzəltdirəcək və ya maşın düzəlməzsə maşının başını başqa bir maşınla dəyişib yoluna davam edəcək. Bu vaxt çərçivəsində MORREX alıcı və ya göndərici heç bir şəkildə məsuliyyətli deyil. Bütün xərclər daşıyıcı tərəfindən ödəniləcəkdir. Bu səbəbə görə sürücü və ya daşıyıcı firma maşının hərəkətinə mane olarsa başlayacaq olan bütün hüquqi xidmətlərin ödənişini etməyi öz öhdəsinə götürür. Bütün bu sözləşmə elektron formada Mail və ya Whatsappa göndərilir. Sürücü və daşıyıcı təsdiqlədikdən sonra eyni şəkildə geri göndərəcək. Bu sözləşmənin əslinin olması şərt deyil. Sadəcə hüquqi proseslərdə sözləşmə əlavə CMR bu yükün daşıyıcı tərəfindən alınmasını təsdiqləmişdir. Daşıyıcı bu məsələləri əvvəlcədən öz üzərinə götürür. Bundan əlavə, Həmin Müqavilənin 4.37-ci maddəsində qeyd edilir ki, maşınların hər hansı texniki problemi ilə morrex groupun ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, müqavilənin şərtlərinə görə, tərəflər arasındakı mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində onlara dəymiş maddi ziyan 3525 manat təşkil edir. Qanunvericilikdə bu məsələ ilə bağlı kifayət qədər normalar mövcuddur. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 18 ildir ki, bu sahədə işləyirlər. Cavabdeh malları İstanbuldan Moskvaya daşımalı idi. Lakin mallarını yük maşınının yararsız vəziyyətə düşdüyünü deyərək, təhvil vermirdilər. Zənglərə də cavab vermirdilər. Bundan başqa yük maşını hansı şirkətə məxsusdursa, o şirkət də məsuliyyət daşıyır. Malları üçüncü şəxslərin vasitəsilə təhvil veriblər. Sürücünün vəkaləti olduğu üçün onlar müqaviləni şirkətlə deyil, sürücü ilə bağlamışlar. Yük maşınının 14 000 ABŞ dolları xərcinin olduğunu demişlər. Malların dəyəri yüksək olduğu üçün malları girov kimi saxlayaraq 14 000 ABŞ dolları tələb edirdilər. Ona sonradan məlum olmuşdur ki, həmin şəxslər Azərbaycanda da cinayət məsuliyyətinə cəlb olunublar. Odur ki, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının nümayəndəsinin dediklərində heç bir həqiqət yoxdur. Çünki onların xarici ölkə ərazisindən Azərbaycandakı şəxslərlə əlaqə qurması mümkün deyil. Digər cavabdehlərin harada olduğu bilinmir. İddiaçı MMC bu problemlərin mövcudluğunu onlara aylar sonra bildirmişlər. Onlara sənədlər imzalatmaq istəmişlər, lakin onlar heç bir sənədə imza atmamışlar. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərin heç birində onlara məxsus imza, möhür yoxdur. Bu sənədlərin tarixləri də düzgün deyil. Onlara sadəcə yola düşən yük maşınına yük verirlər. Onların yükləmə aktı və müqavilələri olur. İlin əvvəlində, 30 yanvarda onlara limitlər barədə məlumat verilir. Qarşı tərəf beynəlxalq elektron qaimə və yükləmə aktı təqdim etməlidir. İddiaçı tərəf vaxtı uzatmaq və onların işgüzar nüfuzunu ləkələmək istəyir. Çünki indiyə kimi əsaslı sübutlar təqdim etməyib. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daşıma müqaviləsi, əlavə razılaşma, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. -ci maddəsinə əsasən daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4-ci maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: 852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu). 852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: 854.1.1. yük göndərən ilə daşıyıcı arasında müqavilə; 854.1.2. bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; 854.1.3. yük alan tərəfindən yükün qəbul edilməsi; 854.1.4. müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər; 854.1.5. yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; 854.1.6. daşıyıcının yükə girov hüququ. 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC ilə “Bireex AS” şirkəti ilə xx.xx.2024-cü il tarixdə daşınma müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən İddiaçı MMC 400000 ABŞ dolları dəyərində malı İran üzərindən Moskva şəhərinə çatdırmalı idi. Daşıma haqqı 6200 ABŞ dolları müəyyən olunmuşdur. Daha sonra ekspeditor qismində İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli yüklərin daşınması ilə bağlı müqavilə bağlanaraq, Cavabdeh2 yükü daşımağı, iddiaçı isə daşıma haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında daşıma haqqı 5300 ABŞ dolları müəyyən olunmuşdur. İddiaçı tərəfindən Cavabdeh2 atası Cavabdeh3 məxsus kart hesabına 4200 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Samux rayonu, Çobanabdallı kənd sakini Cavabdeh2 arasında 5300 ABŞ dolları məbləğində “Taşıma Sözleşmesi” adlı müqavilə imzalanmaqla müqavilədən irəli gələn öhdəlik ilə ödənişin 50 faizi sonuncuya verilməklə onun tərəfindən ona məxsus və idarə etdiyi “DAF CF 85” markalı **-DG-*** dövlət qeddiyyat nişanlı tır və “Korne” markalı ** BZ *** dövlət qedydiyyat nişanlı yük daşıma üçün nəzərdə tutulmuş qoşqu ilə İddiaçı MMC-nin sifarişi əsasında yüklənmiş yük Rusiya Federasiyasın aparılıb Moskva şəhərində təhvil verilməli olduğu halda, avtomobilin xarab olması və yükün göstərilmiş ünvana çatdırılmaması səbəbindən nəticədə İddiaçı MMC-yə maddi ziyan dəymişdir və əməldə cinayət tərkibi olmadığından cinayət işinin rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdə referans nömrə 13589889 nömrəli müqavilə bağlanmış, müqavilənin 2-ci bəndinə görə yükü aparan **-DG-*** dövlət qedydiyyat nişanlı və **-ZB- *** dövlət qeyddiyyat nişanlı nəqliyyat vasitəsi müəyyən edilmiş, yükün çıxışı Murat Bey, daşıma qiyməti 5300 ABŞ dolları, yükün çatdırılma yeri Moskva şəhəri müəyyən edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında daşıma barədə müqavilə bağlanılmış və həmin daşımanın həyata keçirilməsi üçün Cavabdeh2 atasının kartına iddiaçı tərəfindən 4200 manat pul köçürülmüşdür. Cavabdeh2 müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməyərək yükü təyinat məntəqəsinə çatdıra bilməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozduğundan iddiaçı ödədiyi məbləği geri tələb etmiş və həmin pulun 2000 manatı iddiaçıya geri qaytarılmışdır. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb müqavilə ilə bağlı yaranmış öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlıdır. İddiaçı iddia ərizəsində cavabdehlərdən 3525 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etsə də, məhkəməyə yalnız Cavabdeh2 atasının kart hesabına göndərdiyi 4200 manatla bağlı müvafiq sübutu təqdim etmişdir. Eyni zamanda cinayət işinin rədd edilməsi barədə qərardan da göründüyü kimi Cavabdeh2 öz izahatında iddiaçı tərəfindən 4200 manat məbləğində pulun atasının kart hesabına köçürüldüyünü bildirmişdir. İddiaçının nümayəndəsi həm iddia ərizəsində, həm də məhkəmə iclasında vermiş olduğu izahatında 2000 manat məbləğində pulun cavabdeh tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 4200 manat məbləğində pulun Cavabdeh2 verilməsi öz təsdiqini tapır. Cavabdeh tərəfindən isə 2000 manat iddiaçıya qaytarıldığından, 2200 manat məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 3525 mnat pulun müştərək qaydada Cavabdeh1ndən tutulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi pulun müştərək qaydada Cavabdeh1ndən tutulması ilə bağlı hissədə rədd edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi öz izahatında Cavabdeh2 Cavabdeh1 işçisi olduğu və onun yol vərəqəsi əsasında daşımanı həyata keçirdiyi üçün Cavabdeh1 də məsuliyyət daşıdığını bildirmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş daşınma müqaviləsində İbrahim Hüseyn” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ştempel olsa da, müqavilədə daşıyıcı şirkət olaraq adı qeyd olunmamışdır. Cavabdeh1 nümayəndəsi də öz izahatında həmin müqavildən hər hansı məlumatlarının olmadığını və müqavilə bağlanılması ilə bağlı iddiaçı tərəfindən onlara hər hansı bir təklif olunmadığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə Cavabdeh1 arasında yüklərin daşınması ilə bağlı hər hansı müqavilə münasibətləri mövcud olmamış, iddiaçı Cavabdeh1 ilə aralarında hər hansı müqavilənin olması ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddiaçı Cavabdeh1ndən həmin pulu müştərək qaydada tələb etməkdə haqlı olmamışdır. Digər Cavabdeh3 müştərək qaydada pulun tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə Cavabdeh3 arasında yüklərin daşınması ilə bağlı hər hansı müqavilə münasibətləri olmamışdır. Yalnız iddiaçı yükün daşınması ilə bağlı Cavabdeh2 ödəməli olduğu daşıma haqqının 4200 manatını onun atası Cavabdeh3 məxsus bank kartına köçürmüşdür. İddiaçı buna əsaslanaraq pulun müştərək qaydada Cavabdeh3 da tutulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 16 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2200 manat pul vəsaiti və 42 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, ödənilmiş 16 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 2200 manat pul vəsaiti və 42 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 16 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar