Məhkəmə qərarları › İş №e-2-2(115)-1970/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1970/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1970/2025 12.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən mənim adıma tərtib olunmuş xx.xx.2018-ci il tarixli NDQ 004076 nömrəli akt əsasında hesablanmış 1458 (bir min dörd yüz əlli səkkiz) manat məbləğində borcun silinməsinin vəzifə olaraq cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən istifadəsində olan sayğaca xx.xx.2018-ci il tarixində baxış keçirilmiş, həmin tarixdə NDQ 004076 nömrəli akt tərtib edilmişdir. Akta əsasən 16200 kvt.s (1458 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Həmin aktın tərtibindən beş ildən çox müddət keçməsinə baxmayaraq, bu günə kimi həmin borc müddət keçməsi səbəbindən silinməli olduğu halda silinməmişdir. Borcun silinməsi üşün o, cavabdehə müraciət etmiş və cavabdeh 15 may 2025-ci il tarixli 13-13/2-2/18-Z-6471-5/2025 saylı məktubla ona cavab vermişdir ki, mübahisə predmeti olan aktın tərtib olunmasından beş il müddət keçməsi səbəbindən hesabata yenidən baxılması mümkün olmamışdır.

İİ.Tərəflərin mövqeyi

3. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh tərəfindən hesablanmış borcun silinməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, yazılmış aktın tarixi çox köhnə olduğu üçün arxivdən tapıb təqdim eləmək mümkün olmamışdır. Həmçinin, yoxlama ilə bağlı çıxarış da olmayıb. Bu səbəbdən özlərini qismən təqsirli bilirlər.

II. Sübutların tədqiqi

5. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamından görünür ki, X4 ünvan 1 ünvanda 0,12 ha torpaq sahəsində yerləşən mövcud mağaza binası və anbarın sökülməsi və onun yerində sahibkarlıq xidməti məqsədilə 2 mərtəbədən ibarət qeyri-yaşayış binasının tikintisə icazə verilməsi qərara alınmışdır.

6. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 780400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

7. 22.08.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsəsi İddiaçıdur.

8. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, **********9 (**********41011 uçot nöqtəsi) nömrəli abunə kodu üzrə qeyri-yaşayış sahəsinin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən obyektin sayğacına baxış keçirilərkən xx.xx.2018-ci il tarixində NDQ 004076 nömrəli akt tərtib edilmişdir. Akta əsəsən 16200 kvt.s,(1458 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. NDQ 004076 nömrəli aktın tərtib olunma müddətindən beş ildən artıq keçdiyi üçün hesabata yenidən baxılması mümkün olmamışdır.

9. 15.08.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun silinməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. Abunə haqqında məlumat cədvəlindən görünür ki, İddiaçı məxsus Şəmkir şəhərində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli, NDQ 004076 №-li akt əsasında 1458 manat borc hesablanmışdır.

III. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

12. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu

2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”

1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

IV. Məhkəmənin mövqeyi

a) Borcun silinməsi tələbi ilə bağlı

14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

16. İş materialları ilə müəyyən olunur ki, Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən obyektin sayğacına baxış keçirilərkən xx.xx.2018-ci il tarixində NDQ 004076 nömrəli akt tərtib edilmiş və akta əsəsən 16200 kvt.s. (1458 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır.

17. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün xx.xx.2018-ci il tarixli, 004076 №-li aktın məhkəməyə təqdim edilməsi, keçirilmiş yoxlamanın vahid məlumat reyestrində qeydə alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi, yoxlamanın vahid məlumat reyestrində qeydə alındığı təqdirdə bu barədə çıxarışın məhkəməyə təqdim edilməsi barədə "xxxx" ASC-nə sorğu verilsə də, məhkəmənin sorğusuna cavab verilməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə tərəfindən verilən suala yazılmış aktın tarixi çox köhnə olduğu üçün arxivdən tapıb təqdim etməyin mümkün olmadığını, yoxlama ilə bağlı çıxarışın isə olmadığını bildirmişdir.

18. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin təqdim etməli olduğu və hətta məhkəmənin sorğusuna əsasən təqdim edilməyən akt üzrə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan məbləğ tələb oluna bilməz.

19. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin yuxarıda istinad olunan bəndlərindən aydın şəkildə müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacına "xxxx" ASC-nin nümayəndələri tərəfindən baxış keçirilməsi və hazırki mübahisənin predmetini təşkil edən aktların tərtib edilməsi zamanı həmin normativ-hüquqi aktların tələblərinə riayət olunmalı idi.

21. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış 1458 manat məbləğində borcun silinməsini tələb etməkdə haqlıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

22. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci mədaxil qəbzi ilə 34 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 34 manat pul cavabdеh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Şəmkir şəhərində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli, NDQ 004076 №-li akt əsasında hesablanmış 1458 manat məbləğində pul onun abunə hesabından (abunə kodu: **********41011) silinməlidir.

27. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı məxsus Şəmkir şəhərində yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli, NDQ 004076 №-li akt əsasında hesablanmış 1458 (bir min dörd yüz əlli səkkiz) manat məbləğində pul onun abunə hesabından (abunə kodu: **********41011) silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 34 (otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar