Məhkəmə qərarları › İş №e-2-2(115)-199/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-199/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-199/2023 28.03.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 491- GL/18 nömrəli müqavilə üzrə yaranmış 3400 manat gecikdirilmiş borcu və hesablanmış 2455,10 manat cərimə məbləğini, xx.xx.2015-ci il tarixli 1321-GL/15 nömrəli müqavilə üzrə yaranmış 3757 manat gecikdirilmiş borcu və hesablanmış 2250,44 manat cərimə məbləğini, eləcə də xx.xx.2016-cı il tarixli 2336-GL/16 nömrəli müqavilə üzrə 132 manat gecikdirilmiş borcu və hesablanmış 166,28 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və 200 manat çəkilmiş mediasiya xərcinin, cəmi 12660,82 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 491-GL/18 nömrəli, xx.xx.2015-ci il tarixli 1321- GL/15 nömrəli və xx.xx.2016-cı il tarixli 2336-GL/16 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında göstərdi ki, müəyyən ödənişlər etdikdən sonra maddi vəziyyəti ilə əlaqədar olaraq ödənişləri həyata keçirə bilməmişdir. Həmçinin ölkədə gedən müharibə zamanı texnikalardan istifadə edilməklə təsərrüfat işləri aparmaq mümkün olmamışdır. Belə ləngimələr üzündən borcu vaxtında ödəyə bilməmişdir. Hazırda borcu yalnız hər ay müəyyən məbləğdə hissə-hissə ödəyə bilər. Belə ki, pensiya alır və pensiyadan müəyyən ödənişləri həyata keçirə bilər. Qeyd etdiklərini nəzərə almaqla cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X4 arasında bağlanmış 11 noyabr 2016-cı il tarixli 2336-GL/16 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 2740 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. İş materiallarına əlavə olunmuş 11 noyabr 2016-cı il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, müqavilənin müddəti xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək, taxılsəpən-gübrəsəpənlər HBM-N24 texnikasının ilkin qiyməti 6100 manat, ödənilmiş məbləğ 1500 manat, güzəştdən sonrakı qalıq məbləğ 2160 manat, kotan 3 gövdəli (təkərli) P3 texnikasının ilkin qiyməti 1935 manat, ödənilmiş məbləğ 581 manat, güzəştdən sonrakı qalıq məbləğ 580 manat, ümumilikdə güzəştdən sonrakı qalıq məbləğ 2740 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış 14 mart 2018-ci il tarixli 491-GL/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 5600 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. İş materiallarına əlavə olunmuş 14 mart 2018-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, kartofbasdıran tirə düzəldənlə 2 cərgəli EN-96-PEG texnikasının ilkin qiyməti 14000 manat, ödənilmiş məbləğ 2800 manat, güzəştdən sonrakı qalıq məbləğ 5600 manat, ümumilikdə güzəştdən sonrakı qalıq məbləğ 5600 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1321-GL/15 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən ümumi məbləği 10400 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. İş materiallarına əlavə olunmuş 15 iyul 2015-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, müqavilənin müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, traktor Belarus-82.1 texnikasının ilkin qiyməti 26000 manat, ödənilmiş məbləğ 5200 manat, güzəştdən sonrakı qalıq məbləğ 10400 manat, ümumilikdə güzəştdən sonrakı qalıq məbləğ 10400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 25 iyun 2015-ci il tarixli aktdan görünür ki, traktor Belarus-82.1, 10 yanvar 2018-ci il tarixli 5/22 saylı akta əsasən kartofbasdıran tirədüzəldənlə 2 cərgəli EN-96-PEG və 27 oktyabr 2016-cı il tarixli 314 saylı akta əsasən taxılsəpəngübrəsəpənlər HBM-N24 X3 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 21 noyabr 2016-cı il tarixli əmrdən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış 26 oktyabr 2016-cı il tarixli 1205-L/16, 4618ü/16 saylı müqavilələrə, 30 iyul 2015-ci il tarixli əmrdən görünür ki, 24 iyun 2015-ci il tarixli 1070-L/15 və 2751ü/6/24/2015 saylı müqavilələrə, xx.xx.2018-ci il tarixli 1719/ü əmrdən görünür ki, 09 yanvar 2018-ci il tarixli 24-L/18 və 66ü/xx.xx.2018 saylı müqavilələrinə xitam verilməsi, əmrlərin qüvvədən düşmüş hesab edilməsi, "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2336-GL/16 nömrəli lizinq müqaviləsinə əsasən taxılsəpəngübrəsəpənlər HBM-N24 və kotan 3 gövdəli (təkərli) P3 güzəşt məbləği 3214 manat, qalıq məbləğ 2740 manat, xx.xx.2015-ci il tarixli 1321-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən traktor Belarus-82.1 güzəşt məbləği 10400 manat, qalıq məbləğ 10400 manat, xx.xx.2018-ci il tarixli 491-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən kartofbasdıran tirə düzəldənlə 2 cərgəli EN-96-PEG güzəşt məbləği 5600 manat, qalıq məbləğ 5600 manat müəyyən olunmaqla yenidən lizinqə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 5600 manat məbləğdən 2200 manat ödəniş etmiş, gecikdirilmiş borc 3400 manat, cərimə 2455,10 manat, cəmi 5855,10 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 10400 manat məbləğdən 3753 manat ödəniş etmiş, gecikdirilmiş borc 3757 manat, cərimə 2250,44 manat, cəmi 6007,44 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 2740 manat məbləğdən 2608 manat ödəniş etmiş, gecikdirilmiş borc 132 manat, cərimə 166,28 manat, cəmi 298,28 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə X4 arasında bağlanılmış 15 iyul 2015-ci il tarixli lizinq müqaviləsinə əsasən traktor Belarus-82.1 ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri 10400 manat, 11 noyabr 2016-cı il tarixli lizinq müqaviləsinə əsasən taxılsəpən-gübrəsəpənlər HBM-N24 və kotan 3 gövdəli (təkərli) P3 ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyərləri 2740 manat, xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən kartofbasdıran tirə düzəldənlə 2 cərgəli EN-96-PEG ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri 5600 manat müəyyən edilmiş, texnikaların qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə yenidən lizinqə verilmişdir. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, lizinq verən müqavilələr üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. Həmin hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 15 iyul 2015-ci il tarixli 1321-GL/15 saylı lizinq müqaviləsi üzrə 2250 manat 44 qəpik, 14 mart 2018ci il tarixli 491-GL/18 saylı lizinq müqaviləsi üzrə 2455 manat 10 qəpik məbləğində, xx.xx.2016-cı il tarixli 2336-GL/16 nömrəli lizinq müqaviləsi üzrə 166,28 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq, ümumilikdə 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1321-GL/15 saylı lizinq müqaviləsi üzrə 3757 manat əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3807 manat pul, 11 noyabr 2016-cı il tarixli 2336-GL/16 saylı lizinq müqaviləsi üzrə əsas borc məbləği olan 132 manat pul, 14 mart 2018-ci il tarixli 491-GL/18 saylı lizinq müqaviləsi üzrə 3400 manat əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3450 manat pul, ümumilikdə 7389 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 000İPX********** nömrəli qəbzdən görünür ki, Xırdalan şəhər Vəkil bürosunun hesabına hüquqi xidmət haqqı olaraq 300 manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB/8-00285 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatı tərəfindən X2 ilkin mediasiya sessiyasında iştirak etməməsi, iddiaçının nümayəndəsinin ilkin mediasiya sessiyasında iştirak etməsi və iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 93 manat 89 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1321-GL/15 saylı lizinq müqaviləsi üzrə 3757 manat əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3807 manat pulun, 11 noyabr 2016-cı il tarixli 2336-GL/16 saylı lizinq müqaviləsi üzrə əsas borc məbləği olan 132 manat pulun, 14 mart 2018-ci il tarixli 491-GL/18 saylı lizinq müqaviləsi üzrə 3400 manat əsas borc, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3450 manat pulun, ümumilikdə 7389 manat pulun, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdeh X1 tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh X1 93 manat 89 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar