Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-20/2022 28.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X4» MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 saylı alqı-satqı müqaviləsi üzrə 19000 ABŞ dollarının, 1085 dollar 1 sent faizin, 70710 manat zərərin əvəzinin və 30 manat dövlət rüsumunun cavabdeh “X4” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Rüstəmoğlu (bundan sonra – İddiaçı) ilə “X4” MMC (bundan sonra –Cavabdeh) arasında bağlanmış 13 mart 2019-cu il tarixli 01 saylıalqı-satqımüqaviləsinə (bundan sonra – Müqavilə) əsasən İddiaçı Cavabdehə kənd təsərrüfatı məhsulları (meyvə/tərəvəz) göndərməyi, Cavabdeh isə bu məhsulları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Müqavilə üzrə təmiz çəkisi 19 000 kq olmaqla, 2 500 qutuda 33 palet tomat məhsulu Cavabdehə göndərilmiş və məhsulların göndərilməsi xx.xx.2019-cu il tarixli ixrac gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı tərəfindən tərtib edilmiş 19,000.00 (on doqquz min) ABŞ dolları məbləğində hesab-faktura Cavabdehə təqdim edilmiş, lakin bu günə kimi sonuncu tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla Cavabdeh Müqavilənin 2.2-ci bəndini pozmuşdur. Belə ki, Müqavilənin 2.2-ci bəndinə əsasən məhsulun dəyəri Müqaviləyə və invoysa əsasən Cavabdeh tərəfindən köçürmə yolu ilə İddiaçının bank hesabına, nağd qaydada və digər ödəniş vasitələri ilə əvvəlcədən və ya Cavabdeh tərəfindən Mallar qəbuledildikdən sonra ödənilir. Müqavilə üzrə öhdəliklərini pozduğuna görə Cavabdehə edilmiş xəbərdarlıqlardan sonra Cavabdeh məhsulu qəbul etməsinin təsdiqi və hesab faktura üzrə 19,000.00 (on doqquz min) ABŞ dolları məbləğində ödənişi 30 avqust 2019-cu il tarixinə kimi ödəyəcəyinə zəmanət verməsi barədə məktub təqdimetmişdir. Buna baxmayaraq, 30 avqust 2019-cu iltarixindən indiyə kimi İddiaçının hesabına heç bir ödəniş edilməmişdir. Müqavilə tərəflərindən biri, yəni Cavabdeh xarici hüquqi şəxs olduğundan, bu müqavilə münasibətləri “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikasının 6 iyun 2000-ci il tarixli No 889-İQ saylı Qanununa uyğun olaraq xarici elementli mülki hüquq münasibətləridir. İddiaçı və Cavabdeh arasında bağlanmış Müqavilədə ona tətbiq ediləcək ölkənin hüququ seçilmədiyindən, həmin Qanunun 25.1-ci maddəsinə əsasən alqı-satqı müqavilələrinə satıcının olduğu ölkənin hüququ tətbiq edilməlidir ki, halda satıcı qismində İddiaçı çıxış edir. Beləliklə, Cavabdeh Müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.Azərbaycan Respublikası MülkiMəcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyinməzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və həmin Məcəllənin 445.1cimaddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İddiaçı tərəfindən Cavabdehə dəfələrlə müraciət edilməsinə və xx.xx.2019-cu il tarixdə pretenziyanın göndərilməsinə (xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir) baxmayaraq, Müqavilə üzrə borcun ödənilməsi üçün Cavabdeh tərəfindən indiyə kimi heç bir addım atılmamışdır. Göründüyü kimi, Cavabdeh Müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirmiş və bunun nəticəsində İddiaçıya vurduğu zərər üçün Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən məsuliyyət daşıyır. Cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsinə görə İddiaçı "xxxx" MMC ilə bağlamış olduğu müqavilə əsasında sonuncudan xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə, yəni Cavabdeh ilə bağlanmış müqavilənin tarixindən sonra ümumilikdə 17,210.00 (on yeddi min iki yüz on) manat məbləğində almış olduğu pomidor ştillərinin yetişdirilməsi üçün gübrə almaq imkanından məhrum olmuş və nəticədə pomidor ştilləri məhv olmuşdur. Buna görə İddiaçı aldığı ştillərin dəyərinə görə ziyana məruz qalmaqla yanaşı, eyni zamanda həmin məhsulların sonrakı satışından gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bununla yanaşı, İddiaçının məruz qaldığı zərər yalnız bununla məhdudlaşmır. Belə ki, İddiaçı almış olduğu pomidor ştillərinin yetişdirilməsi üçün 2019- cu ilin avqust ayından (Cavabdeh tərəfindən ödənişin edilməsi üçün zəmanət verdiyi müddətin sonu) həmin ilin sonuna kimi 53,500.00 (əlli üç min beş yüz) manat məbləğində qaz sərfiyyatı həyata keçirmişdir ki, məhsulun zay olması nəticəsində İddiaçı sözü gedən məbləğdə dəzərərə məruz qalmışdır. Gəncə Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli 2-2(115)-393/2021 nömrəli qərardadına əsasən Gəncə Kommersiya Məhkəməsi tərəfindən X2 səlahiyyətli məhkəməsinə göndərilmiş məhkəmə tapşırığına cavab alınanadək İddiaçı cavabdeh «X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işinin icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 dekabr 2022-ci il tarixli xx/xx-13540 nömrəli məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin “X4” MMC barədə tapşırığına cavab olaraq Xarici İşlər Nazirliyinin Konsulluq idarəsindən daxil olmuş Azərbaycan Respublikasının Birləşmiş X1 məlumatı əlavələri ilə birlikdə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məlumatda qeyd olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin “X4” MMC barəsində tapşırığına aid sənədlər heç bir zəruri tədbir görülmədən BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin MOFAİC/FRA/2022/42763 saylı, xx.xx.2022-ci il tarixli rəsmi notası ilə geri qaytarılmışdır. Notada zəruri tədbirlərin görülməməsinin səbəbi kimi, sözügedən şirkətin faktiki ünvanının düzgün qeyd edilmədiyi göstərilmiş (göstərilən ünvanda həmin bina mövcud deyildir), buna görə də hökumətin rəsmi nümayəndəsi tərəfindən iş barədə sənədlərin şirkətə təqdim edilməsinin mümkün olmadığı vurğulanmışdır. Gəncə Kommersiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli e-2-2(115)-20/2022 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh «X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə işin icraatı təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, müqavilə bağlanan zaman cavabdehin ünvanı olaraq həmin ünvan qeyd olunmuşdur. Malı cavabdehin nümayəndəsi gəlib aparmışdır, ona görədə cavabdehin başqa ünvanı haqqında məlumatı yoxdur. Müqavilə onlara mail vasitəsi ilə göndərilib və cavabdeh şirkətin rəhbərini tanımır. Borcdan heç bir ödəniş olunmamışdır. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, cavabdehə göndərilmiş 05 dekabr 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, cavabdehin ünvanı Dubay, P.O.box 95901 Shaikha Mhara-Al Qusais BLDG office 213 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli e-2-2(115)-393/2021 saylı məhkəmə bildirişini hüquqi ünvanı X3, Dubay, P.O.box 95901 Shaikha Mhara-Al Qusais BLDG office 213 olan cavabdeh “X4” MMC-yə rəsmi qaydada çatdırmaq üçün 20 aprel 2021-ci ildə X2 Səlahiyyətli Məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Azərbaycan Respublikasının Birləşmiş X1 məlumatında qeyd olunmuşdur ki, sözügedən şirkətin faktiki ünvanının düzgün qeyd edilmədiyi göstərilmiş (göstərilən ünvanda həmin bina mövcud deyildir), buna görə də hökumətin rəsmi nümayəndəsi tərəfindən iş barədə sənədlərin şirkətə təqdim edilməsinin mümkün olmadığı vurğulanmışdır. Belə olan halda pretenziya məktubu cavabdehin oluğu yer üzrə ona təqdim olunmalıdır. Əks halda mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl edilməmiş sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 259.0. və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-20/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-20/2022
28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver