Məhkəmə qərarları › İş №e-2-2(115)-2048/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2048/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2048/2021 30.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5183 manat 15 qəpik borc, 72 manat məbləğində ödənilmiş dövlət rüsumu və 100 manat məbləğində ödənilmiş mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 4248 manat 65 qəpik məbləğində mal və xidmət satılmaqla və 934 manat 50 qəpik pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 5183 manat 15 qəpik dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 5183 manat 15 qəpik borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək qaydada tələb olunacaqdır. Zaminlik müqaviləsinin müddəti bitdiyindən zaminə qarşı olan pul tələbindən imtina olunmuşdur. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəflərindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh AR Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 noyabr 2021-ci il tarixli, e-2-2(115)-2048/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinə əsasən Cavabdeh istehsalçı olaraq Göygöl rayonu, Quşqara kəndində yerləşən 3 hektar torpaq sahəsində şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq sahəsi olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı-nə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4248 manat 65 qəpik məbləğində mal və xidmət göstərilmiş, 934 manat 50 qəpik məbləğində avans verilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 5183 manat 15 qəpik məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 5183 manat 15 qəpik məbləğində mal və xidmət göstərilmiş, avans verilmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya olan borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia təmin edilməli, 5183 manat 15 qəpik məbləğində borc, 72 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya xərci olmaqla, ümumilikdə 5355 manat 15 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 5183 manat 15 qəpik məbləğində borc, 72 manat ödənilmiş dövlət rüsumu və 100 manat mediasiya xərci olmaqla, ümumilikdə 5355 manat 15 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar