Məhkəmə qərarları › İş №e-2-2(115)-2056/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2056/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2056/2021 20.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 4970 manat 40 qəpik borc, 70 manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 manat məbləğində ödənilmiş mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 4009 manat 90 qəpik məbləğində mal və xidmət satılmaqla və 960 manat 50 qəpik pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 4970 manat 40 qəpik dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 4970 manat 40 qəpik borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdeh və zamindən müştərək qaydada tələb olunacaqdır. Zaminlik müqaviləsinin müddəti bitdiyindən zaminə qarşı olan pul tələbindən imtina olunmuşdur. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəflərindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh AR Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 19 noyabr 2021-ci il tarixli, e-2-2(115)-2056/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, iddiaçı ərizəsində onunla müqavilə bağlanmasını, müqaviləyə əsasən 950 manatın kart hesabına köçürülməsini, 4009 manat 90 qəpik dəyərində mal və xidmət satılmasını, götürdüyü öhdəliyə əsasən 3 hektar ərazidən hər hektara 35 ton olmaqla cəmi 105 ton çəkidə məhsulu onlara təhvil verməli olduğunu qeyd edir. Bunlar müqavilənin şərtləri olmuşdur. Amma onu qeyd etməlidir ki, müqavilədə fors-major ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Halbuki kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı risq faktorları kifayət qədər yüksəkdir ki, buna sel, quraqlıq kimi təbiət hadisələri daxildir. Müqaviləyə uyğun olaraq Göygöl rayonunda 3 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Torpaq sahəsinə müvafiq aqrotexniki qulluqlar edildikdən sonra səpin işləri aparılmış və şəkər çuğundurunun yetişməsi üçün lazımi işlər görülmüşdür. Lakin 2019-cu ildə sərt quraqlıq olmuş, aylarla yağış yağmamış, çaylar qurumuşdur. Əkin sahəsinin ərazisində artezian quyuları olmadığına görə şəkər çuğundurunu becərmək mümkün olmamışdır. Bununla bağlı iddiaçı tərəfə dəfələrlə məlumat verilmişdir. Əkin sahəsinin quraqlıq səbəbindən məhsul verməməsi səbəbindən ona da xeyli miqdarda maddi zərər dəymişdir. Belə ki, icarəyə götürdüyü torpaq sahəsinin hər hektarı üçün tərəfindən 500 manat olmaqla cəmi 1500 manat pul ödənilmişdir. Bundan başqa alağın təmizlənməsi üçün fəhlələlərə 2340 manat, su pulu kimi 270 manat, suçuya 360 manat sair xərclərə isə 500 manat olmaqla ümumilikdə 4770 manat məbləğində pul xərcləmişdir. Əkindən sonrakı ilk aylarda bitkinin inkişafı çox yaxşı olmuşdur. İddiaçı tərəfinin ezam etdiyi işçilərin monitorinqi zamanı da ilkin əkin işlərindən razılıqlarını bildirmişlər. Lakin daha sonra, yəni yayın əvvəllərində başlanmış quraqlıq məhsulun yetişməsinə qısa bir müddət qalmış bütün əməkləri heç etmişdir. Əkin sahəsinin suvarılması üçün heç bir alternativləri olmadığına görə əlacsız vəziyyətdə qalmışlar. Məhz bu səbəbdən iddiaçı tərəfə vəd verilən məhsulu təhvil verə bilməmişdir. İddiaçı tərəfə yuxarıda sadalanan hallar barədə onlar mütəmadi məlumat vermişlər. Onun yaşadığı kəndin bir çox sakini də onlarla eyni qəbildən müqavilələr bağlamışlar. Lakin quraqlıq səbəbindən onların da becərdikləri məhsul tamamilə məhv olmuş və onlar da iddiaçı qarşısında borclu vəziyyətə düşmüşlər. Həmin ilin quraq keçməsini həm kənd sakinləri təsdiq edə bilər, eyni zamanda müvafiq dövlət orqanına sorğu edilsə, kənd ərazisində aylarla yağış yağmaması barədə məlumat əldə etmək olar. Ona görə də hesab edir ki, həmin quraqlıq kəndlilər üçün təbii fəlakətlərdən biri kimi qəbul olunmalı və fors-major halı hesab olunmalıdır. Eyni zamanda məhkəmədən onun da bu hadisədən kifayət qədər böyük məbləğdə maddi zərərə uğramasını nəzərə almasını xahiş edir. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 154 -cü mddəsinə əsasən İddiaçı MMC-nin ona qarşı iddia ərizəsinə etiraz edir və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinə əsasən Cavabdeh istehsalçı olaraq Göygöl rayonu, Qırıqlı kəndində yerləşən 3 hektar torpaq sahəsində şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq sahəsi olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı-nə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 4009 manat 90 qəpik məbləğində mal və xidmət göstərilmiş, 960 manat 50 qəpik məbləğində avans verilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 4970 manat 40 qəpik məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraza gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh həmin etirazla iddiaçı ilə aralarında olan müqavilə münasibətlərini təsdiq etmiş və quraqlıq səbəbindən məhsul yetişdirə bilmədiyindən öhdəliyini yerinə yetirə bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, cavabdeh iddiaçı qarşısında öhdəlik götürərkən əkin səhəsinin suvarılması məsələsini əkinçi olaraq diqqətdə saxlamalı və şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını nəzərə almalı idi. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20.11.2018-ci il tarixli “Şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma” müqaviləsinin 4.3-cü bəndinə əsasən “İstehsalçı/Əkinçi” şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu “AŞİB”ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə 1 saylı Əlavənin 14-cü bəndinə əsasən İstehsalçı/Əkinçi vegetasiya müddətində qarşıya çıxan xəstəlik, ziyanvericilər və ya hər hansı bir problemin olduğu anda, təcili olaraq “AŞİB”ə yazılı məlumat verməli, “AŞİB” isə öz növbəsində bu problemin vaxtında aradan qaldırılması üçün “İstehsalçı/Əkinçiyə” mümkün qədər kömək etməlidir. Cavabdeh əkin sahəsinin suvarılan torpaq olmasını müqavilə üzrə öz öhdəsinə götürdüyündən, bununla yanaşı tərəflər arasında bağlanmış müqavilədə əkin sahəsinin cavabdehin təqsiri olmadan suvarılmaması nəticəsində sonuncunun öhdəliyindən azad olunması barədə hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında ona daha az məbləğdə mal verilməsini, xidmət göstərilməsini, həmçinin avansın məbləğini mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 4970 manat 40 qəpik məbləğində mal və xidmət göstərilmiş, avans verilmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya olan borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia qismən təmin edilməli, 4970 manat 40 qəpik məbləğində borc, 70 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 5090 manat 40 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində 60 manat mediasiya xərci tələb etsə də iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda 50 manat mediasiya xərci ödənildiyi göstərilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 4970 manat 40 qəpik məbləğində borc, 70 manat ödənilmiş dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 5090 manat 40 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar