Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2069/2022 19.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehlərin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən 34332 ABŞ dolları məbləğində pulun və 400 manat ödənilmiş rüsumun müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X5) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ-MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC müqavilə öhdəliyinə əsasən sonuncuya qida üçün yararlı meyvələr göndərməli idi. Tanışlar vasitəsi ilə Vüqar adlı şəxslə (mobil nömrəsi ***-***-**-**) əlaqə qurulmuş və sonuncu da öz növbəsində İddiaçı MMC-ni Gəncə şəhərində yerləşən “SULTAN LOGİSTİC" MMC ilə əlaqələndirmiş və ”Man- Agro” MMC “SULTAN LOGİSTİC" MMC ilə müqavilə bağlamışdır. “SULTAN LOGİSTİC" MMC-nin rəhbəri X4 tərəfindən təqdim edilən yük maşınına 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı yığılıb sürücü Cavabdeh2 təhvil verildikdən sonra o yükü Rusiya Federasiyasına aparmışdır. Göndərilən meyvələrin ümumi invoys dəyəri 34.332 ABŞ dolları olmuşdur. Həmin meyvələrə dair АА № 366691 Sertifikat mövcuddur. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyudusucunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdi. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı bir əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan "xxxx" MMC-nin nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 İddiaçı MMC-nin nümayəndəsinə bildirmişdir ki, guya malın keyfiyyətinin aşağı olma səbəbindən malın çatdırılma məntəqəsində malı təhvil almamışlar. Belə olan halda İddiaçı MMC-nin nümayəndəsi WhatsApp proqramı vasitəsi ilə 19 avqust 2021-ci il tarixdə sürücüyə bildirmişdir ki, sürücü bu məsələ ilə bağlı öz müdiri ilə əlaqə saxlamalıdır və əgər malın çatdırılma məntəqəsində malı qəbul etməmişlərsə, sürücü həmin malı bazarda təhvil versin, həmçinin İddiaçı MMC-nin RF-də olan nümayəndələrinin sürücüyə zəng etdiyini və onlarla görüşüb göndərilən malı bazarda birgə boşaltmağı tələb etmişdir. Hətta tapşırmışdır ki, həmin nümayəndələrin iştirakı olmadan malı boşaltmasın. Belə ki, İddiaçı MMC-nin malın keyfiyyətsiz olmasına dair şübhələri olmuş və bu səbəbdən həmin nümayəndələrin mala sürücü ilə birgə baxış keçirilməsi labüd sayılmışdır. Lakin sürücü heç bir əsas gətirmədən həmin təlimata uymamış, İddiaçı MMC-nin RF-də olan nümayəndələrinin iştirakı ilə mala baxış keçirmədən boyun qaçırmış və deməsinə görə, guya malı zibilə atmışdır. Bu isə ağlabatan deyil. Ümumən iddia tərəfi əmindir ki, loqistika şirkəti və onun sürücüsünün səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Göstərilənləri sübut edən gömrük bəyənnaməsi və digər sənədlər (sübutlar) iddia ərizəsinə əlavə edilir. Bununla bağlı tərəflərindən polisə şikayət edilmiş, lakin Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yaranmış mübahisənin məhkmədən əvvəl həlli üçün mediatora müraciət edilmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu barədə onlara arayış təqdim edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh1 MMC ilə üç adda meyvələrin Rusiyaya aparılması üçün razılaşma olub. Bu razılaşmanı məhkəməyə təqdim olunan səs yazıları da təsdiq edir. Meyvələr çatdırılmadan sonra xarab olduğu əsası ilə onların nümayəndəsi gözlənilmədən, hər hansı bir aktlaşdırılma olmadan atılmışdır. Bununla da şirkətlərinə 34332 ABŞ dolları zərər dəymişdir. Bu zərərin cavabdeh tərəfindən tutulmasını tələb edirlər. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyudusucunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdir. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı bir əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan "xxxx" MMC-nin nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 İddiaçı MMC-nin nümayəndəsinə bildirmişdir ki, guya malın keyfiyyətinin aşağı olma səbəbindən malın çatdırılma məntəqəsində malı təhvil almamışlar. Cavadehin səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Sənədlər rus dilində təqdim olunmuşdur. Bunlar hamısı Azərbaycan dilində təqdim olunmalı idi. Akt möhürlə təsdiq olunubsa ad soyad bütöv yazılmalı idi. Mal faktiki olaraq hal-hazırda ortada yoxdur. Onların nümayəndəsinin iştirakı olmadan mal atılıb. Arivay tərəfindən elektron poçt vasitəsi ilə məlumat əldə ediblər ki, mal ora daxil olmamışdır. Mal gömrük bəyanəmməsinə əsasən Arivaya aparılmalı idi. Lakin mal təyinat nöqtəsinə çatdırılmamış və iddiaçının iştirakı olmadan xarab olması səbəbi ilə atılmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə onların arasında heç bir müqavilə bağlanmayıb, sadəcə razılaşma olub. Onlar məhsulu nəzərdə tutulan yerə təhvil veriblər. Həmin məhsul 3 gün ərzində anbarda saxlanılıb və heç kimə göstərilməyib. Məhsulu geri götürmələri şərti ilə avtomobillərinin çıxışına icazə veriblər. Sübüt olunmuşdur ki, avtomobillərində heç bir qüsur yoxdur və məhsula avtomobillərinə görə zərər dəyməmişdir. İddiaçının texniki və nümayəndəsi də bu faktı sübut etdi. İddiaçı tərəf bundan sonra ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödədilər. xx.xx.2021-ci il tarixində Sofinski rayonunda malı boşaldılmışdır. Bu faktı məhkəməyə təqdim etdikləri təhvil-təslim aktı da sübut edir. Mal anbardan mala baxış keçirilməsinə icazə verilmədən maşına yüklənmişdir. Malın xarab olmuş məhsullarının şəkil və videolarını iddiaçıya göndərmişlər. Malın onların avtomobillərində xarab olması mümkün deyildi. Belə ki, avtomobilin temperaturu müştəri tərəfindən +2 dərəcə müəyyən olunmuşdu. Maşına iddiaçı tərəfindən baxış keçirildikdə də bu fakt bir daha təsdiq olundu və onlara daşıma haqqını ödədilər. Əks təqdirdə onlar ziyanı ödəməyə hazır idilər. Buna görə də, malın anbarda dəyişdirildiyini düşünür. Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar. İddiaçının nümayəndəsi onlara malı atmaqlarını deyirdi. Həmin məhsul 3 gün ərzində anbarda saxlanılıb və heç kimə göstərilməyib. Mal maşına yüklənilib anbardan çıxdıqdan sonra gecə 03:00 radələrində mala baxış keçiriblər. İddiaçının nümayəndəsi isə telefon zəngini götürməmişdir. Malın yararsız olması barədə akt iddiaçıya təqdim olunmuşdur. Onların iddiaçı ilə bir başa razılaşması olmamışdır. Onlar başqa tanış bir adam vasitəsiylə malı məntəqəyə təhvil verməkləri təklif edilib. Məhsulu geri götürməkləri şərti ilə avtomobillərinin çıxışına icazə veriblər. Malı bundan sonra avtomobil anbardan çıxdıqdan sonra iddiaçıyla razılığa gəlinib ki, malı Food City-ə aparmamışdan əvvəl iddiaçının nümayəndəsi mala baxış keçirsin. Sürücü nümayəndəyə zəng eləməsinə baxmayaraq telefon zəngini götürməmişdir. Onuda bildirdi ki, Food Cityyə getsələr də 6000 dollar ödəməli olacaqdılar. Buna görə də Food City-ə getməyiblər və malı atıblar. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, mal Xaçmazdan Moskva şəhərinə aparılıb. Mal 1 gün gec yükləndiyi üçün 17 avqust tarixində çatdırılmalı olan vaxtda çatdırılıb. Mal veriləndə qaimə verilməmişdir. İddiaçının heç bir rəsmi sənədi yoxdur. Bütün prosedurlar şifahi şəkildə olub. Malın qəbul edilməsi barədə akt mal çatdırıldıqda verilib. İddiaçının nümayəndəsi mala baxış üçün dəvət olunsa da, gəlməmişdir. Moskvada olduğu müddətdə iddiaçının rus nümayəndəsi ilə əlaqə saxlanılıb. Həmin nümayəndənin şəxsiyyəti barədə hal-hazırda məlumat yoxdur. Daşıma xərci cavabdehə iddiaçı tərəfindən ödənilib. Əgər cavabdehin hər hansı təqsiri olsa idi, iddiaçı həmin ödənişi ödəməli deyildi. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********4122 nömrəli gömrük bəyanamməsindən görünür ki, 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı Qusar rayonunda yerləşən İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X5) Səhmdar Cəmiyyətinə daşıyıcı Cavabdeh1 MMC vasitəsilə göndərilmişdir. İş materiallarında olan АА № 366691 nömrəli malların mənşəyi haqqında sertifkatdan görünür ki, İddiaçı MMC ilə “Arviay” (X5) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ-MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında 6000 kq və 6500 kq Şaftalının, 8400 kq və 9100 kaq Nektarinin və 3780 kq və 4158 kq Gavalının İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X5) Səhmdar Cəmiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli **********21030 nömrəli karantin fitosanitar nəzarəti aktından görünür ki, İddiaçı MMC dən “Arviay” (X5) Səhmdar Cəmiyyətinə yük daşıyan ** UT *** dövlət qeydiyyat nişanlı və ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillərin buraxılışına ekspertiza nəticəsində icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında aktdan görünür ki, RVİ-MAN- 080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən şaftalı, nektarin və gavalı “Arviay” (X5) Səhmdar Cəmiyyətinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktından görünür ki, şaftalı, nektarin və gavalı alıcı “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilərək provayder “Arviay” (X5) Səhmdar Cəmiyyəti tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 853-cü maddəsinə əsasən yük göndərən daşıyıcıya aşağıdakıları yəni, yük alanın ünvanı, çatdırılma yeri, yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərmə müddəti və nəqliyyat növü, qiymətli obyektlər olduqda - onların dəyəri, habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri dəqiq göstərməlidir. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Mülki Məcəllənin 859.1-ci maddəsinin tələbinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Mülki Məcəllənin 859.2.-ci maddəsinin tələbinə görə daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlərin təqsiri nəticəsində onlara 34332 ABŞ dolları məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçı tərəfindən göndərilən məhsul iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi “Arviay” (X5) Səhmdar Cəmiyyətinin ünvanında təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbələr sübutlar ilə təsdiq olunmadığından və məhsullar göstərilən ünvana çatdırıldığından məhsulların xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması ona dəlalət etmir ki, cavabdehlər iddiaçıya maddi ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçınə ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2069/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2069/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver