Məhkəmə qərarları › İş №e-2-2(115)-209/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-209/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-209/2021 28.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 02 iyun 2020-ci il tarixli, alğı-satqı müqaviləsinə və ona edilmiş 02 iyun 2020-ci il tarixli, 1 nömrəli, 01 iyul 2020-ci il tarixli, 2 nömrəli, 21 iyul 2020ci il tarixli, 3 nömrəli və 30 iyul 2020-ci tarixli, 4 nömrəli əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 100406 manat, 6626 manat cərimə, 30,40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 700 manat məbləğində haqqın, ümumilikdə 107 762,40 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki,tərəflər arasında 02 iyun 2020-ci il tarixdə, 2020/7805-49 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Argentina mənşəli soya şrotunu alıcı Cavabdeh MMC-yə satmağı öhdəsinə götürmüş, ümumi dəyəri 176 487,40 manat olan mal cavabdehə göndərilmişdir. Cavabdeh məhsulun dəyərinin 76 081,40 manatını ödəmiş, 100406 manat isə borcu qalmışdır. Cavabdeə pretenziya məktubu göndərilsə də borcun ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə 29 mart 2021-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - 02 iyun 2020-ci tarixli məhsulların alğı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC malları alıcıya verməyi, alıcı Cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - pretenziya məktublarının surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar olunmuşdur. -22.07.2020-ci il tarixli, EBAM 680430 seriya və nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə 32 505 manat dəyərində mal göndərilmişdir. -06.07.2020-ci il tarixli, EBAM 005951 seriya və nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə 34 770,50 manat dəyərində mal göndərilmişdir. -04.06.2020-ci il tarixli, EBAK 746431 seriya və nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-yə 76081,40 manat dəyərində mal göndərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, tərəflər arasında bağlanmış 02 iyun 2020ci il tarixli müqaviləyə əsasən satıcı İddiaçı MMC malları alıcıya verməyi, alıcı Cavabdeh isə malların dəyərini ödəməyi öhdəsinə götürmüş, ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.Həmin Məcəllənin 567ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 100 406 (yüz min dörd yüz altı) manat əsas borc, 1626 (min altı yüz iyirmi altı) manat cərimə pulu, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən əsas borc üzrə 100406 (yüz min dörd yüz altı) manat əsas borc, 1626 (min altı yüz iyirmi altı) manat penya olmaqla, cəmi 102 032 (yüz iki min otuz iki) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə İnzibati- İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar