Məhkəmə qərarları › İş №e-2-2(115)-2099/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2099/2021

30.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2099/2021 30.12.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə elektron qaydada Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2798 manat 60 qəpik borc, 48 manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 manat məbləğində ödənilmiş mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 2079 manat 60 qəpik məbləğində mal və xidmət satılmaqla və 719 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 2798 manat 60 qəpik dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya həmin məbləğin qarşılığında şəkər çuğunduru təhvil verilməmiş və ya həmin məbləğ geri ödənilməmişdir. Nəticədə cavabdehin cəmiyyətə 2798 manat 60 qəpik borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesabfaktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, iddiaçının təqdim etdiyi elektron hesab-fakturalarda və tərəflərindən təqdim edilmiş maliyyə arayışlarında təsdiq edilir. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Bununla da, cavabdeh AR Mülki Məcəlləsinin 442, 425.1 və 385.1 maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh 23 noyabr 2021-ci il tarixli, e-2-2(115)-2099/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Cavabdeh məhkəməyə etiraz göndərərək bildirmişdir ki, Cavabdeh bir sahibkar olaraq - Göygöl rayonu Qırıqlı kənd sakinlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2 hektar torpaq sahəsini icarəyə götürüb, arpa-buğda dənli bitkiləri əkib, məhsul götürüb, icarə götürdüyü torpaq sahiblərinə natura şəkilində icarə haqqı vermişdir və topladıqları məhsulun bir qisimini əhaliyə satmaqla digər xərclərini ödəmişdir. Lakin, 2018ci ilin payız ayında arpa və buğda dənli bitkilərini götürdükdən sonra, İmişli şəhəri, S.Fətəliyev küçəsi-45 ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Göygöl rayonu Balçılı kəndində yaşayan keçmiş nümayəndəsi X3 onlara təklif etmişdir ki, məhsul götürülmüş torpaq sahəsinə “şəkər-çuğunduru” əkmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamaq lazımdır. Cavabdeh bir sahibkar olaraq – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh arasında 19.11.2018-ci il tarixdə “Şəkər Çuğunduru X1 üzrə Xidmət və Satınalınma Müqaviləsinə əsasən icarəyə götürmüş olduğu 2 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə edilməsi ümumilikdə 70 ton məhsul istehsal edib, iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19.11.2018-ci il tarixli müqavilənin bəzi şərtlərini pozmuşdur. Ona görə ki, İmişli şəhəri, S.Fətəliyev küçəsi- 45 ünvanında yerləşən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarışı “müqavilə üzrə yaranmış borc tələbinə” dair 23.11.2021-ci il tarixli elektron ərizə formasında iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC və cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinə əsasən cavabdeh 3 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 105 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüş qeyd etməklə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh qarşı “Müqaviə üzrə yaranmış borc tələbinə dair” Gəncə Kommersiya Məhkəməsinə elektron formada göndərmiş olduğu iddia ərizəsində təhrifə yol vermiş, halbuki İddiaçı MMC və cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinə əsasən cavabdeh 2 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 70 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürülməsi qeyd edilmişdir. Eyni zamanda “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinə 1 saylı əlavənin 2-ci bəndinə qeyd edilmişdir ki, “İstehsalçı/Əkinçi”nin mülkiyyətində və ya qanuni istifadəsində olan torpaq sahəsinin hər hektarı üçün 2 saylı əlavəyə uyğun olaraq “AŞİB” tərəfindən xərclənən vəsaitin məbləği 1234 manatdır. 1-saylı əlavənin 3-cü bəndində qeyd edilmişdir ki, “İstesalçı/Əkinçi mülkiyyətində və ya qanuni istifadəsinə 2.0 hektar suvarılan torpaq sahəsində çuğundur əkini həyata keçirərək, hər hektardan 35,0 ton şəkər çuğunduru əldə etməklə mövcud standartlara uğun, xəstəliklərə sirayətlənməmiş, kəskin mexaniki zədələnməmiş, yarpaq hissəsi kəsilmiş, torpaqsız alaq otlarından təmizlənmiş 70.0 ton çəkidə şəkər çuğundurunun “ASİB” təhvil verir. 2 hektar əkilmiş şəkər çuğunduru məhsul götürülməmiş və o özü maddi ziyana düşmüşdür. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri də bilir. Şəkər çuğunduru X1 Üzrə Xidmət və Satınalma Müqviləsinin 2 saylı əlavəsinin 16-cı sıra nömrəsində qeyd edilən hər hektara 250 manat, cəmi 500 manat hesablanmış şəkər çuğunduru - Toxumu kefiyyətsiz olmuş və suvarma suyu ilə tam təmin olunmamışdır. Eyni zamanda müqavilə bağlandıqdan sonra aqrotexniki qaydalara texnika vasitələri ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri iş gördürmüşlər. Ona isə şəkər çuğunduru alaq otundan təmizlənməsi üçün bank vasitəsi ilə onun adına cəmi 300 manat pul göndərilmişdir. Lakin, tərəfindən öz hesabından, 2 hektar torpağın icarə haqqı - 2X250 = 500 manat, 2. Sahənin alaqdan təmizlənməsi - 2 hektar üçün 7 nəfərə 10 gün Xİ 3 = 910 manat ; 3. Suçuya ödənilən suvarma üçün pul 3 dəfə - 80 manat = 240 manat və digər xərclər = 250 manat cəmi 1900 manat pul xərcləmişdir. Bundan başqa şərait əhəmiyyətli dərəcədə dəyişmiş 2019-cu ilin yay aylarında yaranmış quraqlıq olduğundan suvarma suyu çatışmamazlığı yaranmışdır. O dəfələrlə bu barədə "xxxx" Məhdud Məsuliyyətli CəmiyyətininİN nümayəndələrinə məlumat vermişdir. Məhsul olmadığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqranomları gəlib yerində aktlaşdırmışlar lakin, aktın bir surətini ona verməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borc tələbinə” dair 23.11.2021-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı idda ərizəsini məhkəməyə Azərbaycan Respublikasının MM-ninin 372.2. maddəsini nəzərdə tutulan “Müqavilə tələbləri üzrə iddia müaddəti üç il” müddətini pozmaqla müraciət etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər Çuğunduru X1 üzrə Xidmət və Satınalma Müqaviləsinə əsasən cavabdeh 2 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə edilməsi ümumilikdə 70 ton məhsul istehsal edib, iddiaçıya satmağı öhdəsinə götürməsi və həmin öhdəliyi yerinə yetirmədiyinə görə cavabdehə qarşı “Kreditin, ona hesablanmış faiz borcun cəmi Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2798 manat 60 qəpik borc, 48 manat məbləğində ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya rüsumunun tutulması tələbinin təmin edilməməsi barədə ədalətli qətnamə qəbul edilməlidir. İş materillarını nəzərdən keçirib hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinə əsasən Cavabdeh istehsalçı olaraq Göygöl rayonu, Qırıqlı kəndində yerləşən 2 hektar torpaq sahəsində şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq sahəsi olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və müqavilədə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı-nə təhvil verməyi, iddiaçı isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş sənədlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2079 manat 60 qəpik məbləğində mal və xidmət göstərilmiş, 719 manat məbləğində avans verilmişdir. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 2798 manat 60 qəpik məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, iddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraza gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh həmin etirazla iddiaçı ilə aralarında olan müqavilə münasibətlərini təsdiq etmiş və quraqlıq səbəbindən məhsul yetişdirə bilmədiyindən öhdəliyini yerinə yetirə bilmədiyini, həmçinin iddiaçının müqavilə tələbləri üzrə üç il iddia müaddətini pozmaqla müraciət etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, cavabdeh iddiaçı qarşısında öhdəlik götürərkən əkin səhəsinin suvarılması məsələsini əkinçi olaraq diqqətdə saxlamalı və şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını nəzərə almalı idi. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2018-ci il tarixli “Şəkər çuğunduru X1 üzrə xidmət və satınalma” müqaviləsinin 4.3-cü bəndinə əsasən “İstehsalçı/Əkinçi” şəkər çuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan orta hesabla 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu “AŞİB”ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə 1 saylı Əlavənin 14-cü bəndinə əsasən İstehsalçı/Əkinçi vegetasiya müddətində qarşıya çıxan xəstəlik, ziyanvericilər və ya hər hansı bir problemin olduğu anda, təcili olaraq “AŞİB”ə yazılı məlumat verməli, “AŞİB” isə öz növbəsində bu problemin vaxtında aradan qaldırılması üçün “İstehsalçı/Əkinçiyə” mümkün qədər kömək etməlidir. Cavabdeh əkin sahəsinin suvarılan torpaq olmasını müqavilə üzrə öz öhdəsinə götürdüyündən, bununla yanaşı tərəflər arasında bağlanmış müqavilədə əkin sahəsinin cavabdehin təqsiri olmadan suvarılmaması nəticəsində sonuncunun öhdəliyindən azad olunması barədə hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsaslı sayıla bilməz. İddiaçının müqavilə tələbləri üzrə üç il iddia müaddətini pozmaqla müraciət etməsinə gəldikdə məhkəmə qeyd edir ki, 19.11.2018-ci il tarixli müqavilənin 6.1-ci bəndində bu müqavilənin imzalandığı andan qüvvəyə minməsi və 12 ay müddətinə qüvvədə olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il ildir. Buna görə də məhkəmə hesab hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müqavilə tələbləri iddia müddətini ötürməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında ona daha az məbləğdə mal verilməsini, xidmət göstərilməsini, həmçinin avansın məbləğini mübahisələndirməmişdir. Bundan başqa, iddiaçı etirazının əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh şəkər çuğunduru əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 2798 manat 60 qəpik məbləğində mal və xidmət göstərilmiş, avans verilmiş, lakin cavabdeh öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya olan borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia təmin edilməli, 2798 manat 60 qəpik məbləğində borc, 48 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2906 manat 60 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 2798 manat 60 qəpik məbləğində borc, 48 manat ödənilmiş dövlət rüsumu və 60 manat mediasiya xərci olmaqla, ümumilikdə 2906 manat 60 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar