Məhkəmə qərarları › İş №e-2-2(115)-2113/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2113/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2113/2022 02.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ƏDV daxil olmaqla 20000 manat borcun, müqavilə üzrə hesablanmış 2000 manat cərimənin, o cümlədən ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 200 manat xərcin, ümumilikdə 22200 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı “X3” MMC) ilə Cavabdeh MMC arasında 17 noyabr 2020-ci il tarixli QSZ S 074/1120 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək, öz istehsalı olan sement məhsulunu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmiş, alınmış malın dəyərini tam şəkildə iddiaçıya ödəməmişdir. 25 noyabr 2021-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşmə haqqında” aktına əsasən cavabdehin iddiaçıya 22459,63 manat (ƏDV daxil) borcunun olması öz təsdiqini tapmışdır. Cavabdeh həmin aktın imzalanmasından sonrakı müddətdə iddiaçıya cəmi 2459,63 manat ödəniş etmiş, nəticədə onun iddiaçıya 20000 manat ödənilməyən borcu qalmışdır. İddiaçı 26 avqust 2022-ci il tarixdə cavabdehə pretenziya göndərərək, verilmiş mala görə qalıq borcun 3 iş günü ərzində ödənilməsini xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, 20000 manat məbləğində pul vəsaiti, habelə tərəflər arasında bağlanmış müqavilənin 7.6-cı bəndinə əsasən hesablanmış 2000 manat məbləğində cərimə, o cümlədən çəkilmiş mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X1 iddianı qismən, yəni əsas borc hissəsində qəbul etdiyini bildirmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçıdan sement almış, 20000 manatdan çox borcu olmuşdur, onun bir hissəsini ödədikdən sonra "xxxx" ASC bağlandığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. "xxxx" ASC-də onların 27000 manat pulu vardır. Hazırda iddiaçıya 20000 manat borcu var. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 17 noyabr 2020-ci il tarixli QSZ S 074/1120 nömrəli alqı-satqı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, “X3” MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müvafiq sement növlərini alıcıya satmağı, alıcı isə həmin sement növlərinin dəyərini müqaviləyə 1 saylı əlavə ilə müəyyənləşdirilmiş tonunun qiyməti 117 manat məbləğində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7.6-cı bəndindən görünür ki, ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1% həcmində cərimə və cərimənin məbləği müqavilənin ümumi dəyərindən 5% artıq olmamaq şərti ilə yaranan müvafiq xərclərin ödənilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli “Üzləşmə haqqında” aktdan görünür ki, 17 noyabr 2020-ci il tarixli QSZ S 074/1120 nömrəli alqı-satqı müqaviləsinə görə alıcının satıcıya xx.xx.2021-ci il tarixinə 22459,63 manat ödənilməmiş borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan borcun qaytarılması tələbinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilkin mediasiya sessiyasında iştirak etdikləri və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, “X3” MMC ilə Cavabdeh MMC arasında 17 noyabr 2020-ci il tarixli QSZ S 074/1120 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və onun tərkib hissəsi olan 1 saylı əlavə ilə malın alınıb-verilməsi, ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya ƏDV daxil olmaqla 20000 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın hesablanmış cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 2000 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 17 noyabr 2020-ci il tarixli QSZ S 074/1120 saylı alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla 20000 manat əsas borc məbləği, 100 manat cərimə borcu və 200 manat mediasiya xərci olmaqla, cəmi 20300 manat (iyirmi min üç yüz manat) pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar