Məhkəmə qərarları › İş №e-2-2(115)-2134/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2134/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2134/2025 17.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18160,31 manat borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 145 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli, alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə cəmiyyətə 18160,31 manat məbləğində qalıq borcu qalmışdır. Məhkəmənin iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlamış, 150000 manatdan çox mal götürmüşdür. İddiaçıdan malı alıb özü paylamışdır. Onun 10000 manata yaxın geri qaytarılası malı vardır. Onun satıcı təşkilatla razılaşmaları belə olmuşdur ki, malı götürdükdən sonra bir il keçsə də onu geri götürəcəklər. Çünki satıcı malların müddəti ötdüyü üçün geri götürməli idi. Mallar ona təhvil veriləndə yararlılıq müddətinə 3-4 ay qalmışdı. Satış müddətində malların yararlılıq müddəti keçmişdir. Zədəli mallar da var idi, lakin yararlılıq müddəti ötməmişdir. Malların götürülməsi şifahi qaydada sahə müdürünə, ekspeditora, filial müdürünə deyilmişdir. 18000 mantlıq malın 10000-11000 manatlıq hissəsi qalmışdır. Malı gəlib götürmədilər deyə satdıqlarının pulunu verə bilməmişdir. “Redbull” adlı məhsullar satılmışdır, lakin digər mallar qalmışdır. O malı qəbul edərək yaralılıq müddətinə az qalmış malları iddiaçının nümayəndəsinin xahişinə əsasən təhvil almışdır. Məhkəmənin əvvəli iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə malın geri qaytarılması şərtləri müəyyən edilmişdir. Belə ki, mal yararsız olduqda, yararlılıq müddəti keçdikdə geri qaytarıla və götürülə bilər. Bundan başqa geri götürmək üçün şərt yoxdur. Cavabdehə kiminsə şifahi qaydada hər hansı əlavə şərt bildirib-bildirmədiyini bilmir. İddiaçı təşkilat malı təhvil verəndə yararlılıq müddəti bitsə də onlar həmin malı geri götürürlər, yox əgər mal alıcının özündə yararlılıq müddətini başa vurursa onlar malı geri götürməli deyillər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı, dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan malların təhvil-qəbul aktlarından görünür ki, xx.xx.2024-cü il tarixdə 14401,93 manat, xx.xx.2024-cü il tarixdə 30095 manat məbləğində mal İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan elektron qaimələrdən görünür ki, xx.xx.2024-cü il tarixdə 6669,07 manat, xx.xx.2024-cü il tarixdə 14401,93 manat, xx.xx.2024-cü il tarixdə 30095,97 manat dəyərində malların qaimələri İddiaçı MMC tərəfindən Cavabdeh ötürülmüşdür. İş materiallarında olan maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 18160,31 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh mal satmışdır. Lakin alıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi, yəni ödənişi tam olaraq icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 18160,31 manat borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən təhvil-təslim aktları və göndərilən elektron qaimələr üzrə cavabdeh tərəfindən 18160,31 manat borc qalması müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 18160,31 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatlarla bağlı bldirir ki, cavabdeh qeyd etdikləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 145 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 145 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 18160 (on səkkiz min yüz altmış) manat 31 (otuz bir) qəpik borc və 145 (bir yüz qırx beş) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar