Məhkəmə qərarları › İş №e-2-2(115)-2148/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2148/2025

15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2148/2025 15.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: pul tələbi, aidiyyət) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq müəyyən etdi. I. İddia tələbi

1. İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 02 dekabr 2024-cü il tarixli, 021224 saylı müqavilə üzrə cavabdeh tərəfindən müqavilə öhdəliyinə uyğun olaraq 2150 (iki min yüz əlli) manat dəyərində borcun və 41 (qırx bir) manat dəyərində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir

III. Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi pulun tutulmasından ibarətdir.

5. İş materiallarından görünür ki, Cavabdeh hüquqi ünvanı Xocavənd rayonu, Tağavərd kəndidir.

6. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Xocavənd rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.

7. Göründüyü kimi hazırki tələbə Gəncə Kommersiya Məhkəməsində baxılması üçün əsaslar mövcud deyil və iddiaçı ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir.

IV. Məhkəmənin gəldiyi nəticə

8. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur.

9. Bundan başqa, məhkəmə xx.xx.2025-ci il tarixli qəbzə əsasən müəyyən edir ki, 41 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən məhkəmənin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından həmin dövlət rüsumu da qaytarılmalıdır.

10. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı :

İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə yenidən məhkəməyə müraciət etməyə mane olmur. Ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar