Məhkəmə qərarları › İş №e-2-2(115)-2156/2025

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2156/2025

17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2156/2025 17.11.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə (açar sözlər: aidiyəti üzrə göndərmə, məhkəmə aidiyyəti) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Mübahisənin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli AKZNG00- 000559 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 5942.37 AZN əsas borc, 2531.81 AZN faiz borcu, 1976.40 AZN dəbbə borcu, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 122 AZN olmaqla ümumilikdə cəmi 10572.58 AZN pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AKZNG00-000559 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin dəyəri 6300 AZN təşkil etmişdir. Lizinq müqaviləsinin predmeti “Opel” markalı “Astra” model, 2007-ci il istehsalı, gümüşü metallik rəngli, 20AB524 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili olmuşdur. Cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozularaq lizinq ödənişləri vaxtında edilməmiş, lizinq predmeti olan avtomobil lizinq verənin tələbinə əsasən dövri yoxlanış üçün təqdim edilməmişdir. Beləliklə cavabdehin İddiaçı Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: MMC-yə 5942.37 AZN əsas borc, 2531.81 AZN faiz borcu, 1976.40 AZN dəbbə borcu olmaqla ümumilikdə cəmi 10450.58 AZN borcu yaranmışdır.

II. Tərəflərin mövqeyi

3. İddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 24. Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

6. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarı

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

IV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçının tələbi pulun tutulmasından ibarətdir.

9. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən lizinq verən nəqliyyat vasitəsini müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyi öhdəsinə götürmüşdür.

10. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 №-li Qərarına əsasən mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

11. İş materiallarından görünür ki, həm iddiaçı, həm də cavabdeh VÖEN-ə malikdir. Lakin həm iddiaçının, həm də cavabdehin vergi ödəyicisi olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, praktikaya və işgüzar adətlərə əsasən lizinqə nəqliyyat vasitəsi verilən zaman lizinq alan mütləq qaydada VÖEN-ə malik olmalı, adına VÖEN olmadığı halda isə VÖEN açılmalıdır. Ancaq VÖEN açıldıqdan sonra şəxsə nəqliyyat vasitəsi verilə bilər.

12. Belə ki, məhkəmə tərəfindən tələb edilərək əldə edilmiş kredit qovluğunda olan yekun sifarişdən görünür ki, Cavabdeh nəqliyyat vasitəsini şəxsi istifadəsi üçün lizinqə götürmüş və taksi fəaliyyəti və ya digər kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün həmin nəqliyyat vasitəsindən istifadə etməmişdir.

13. Göründüyü kimi hazırki mübahisə üzrə tələb olunan borc məbləği tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlmiş, mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, lizinqə verilmiş nəqliyyat vasitəsi sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istifadə üçün verildiyindən işə ümumi məhkəmədə baxılmalıdır.

14. İddiaçının nümayəndəsi X2 işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi.

15. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı tələb fiziki şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir.

16. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş vergi məlumatlarından görünür ki, Cavabdeh qeydiyyat ünvanı Göygöl rayonu, Çaykənd kəndidir.

V. Məhkəmənin gəldiyi nəticə

17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar