Məhkəmə qərarları › İş №e-2-2(115)-2180/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2180/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2180/2024 25.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Cavabdeh Vidadi oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 may 2024-cü il tarixli 02/03381 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3112 manat borcun və 51,12 manat dövlət rüsumu olmaqla, cəmi 3163,12 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 may 2024-cü il tarixli 02/03381 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd TC-5050 markalı taxılyığan kombayn onun istifadəsinə verilmişdir. Müqaviləyə əsasən 5500 manat öhdəlikdən 2388 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3112 manat borcu vardır. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddiaçı ilə müqavilə bağlayaraq icarəyə kombayn götürmüş, müqaviləni 5500 manata bağlamışdır. 01 iyun tarixindən 05 avqust tarixinədək kombayndan istifadə edəcəkdi. Lakin xaricdə hüzrü düşmüş, kombaynı saxlamış, işlətməmişdir. Cənazəni xaricdən gətirməyə də çox xərci çıxdığı üçün ödənişini edə bilməmişdir. 3112 manat borcu qalmışdır. İddiaçı ilə yeni müqavilə bağlayanda borcunu ödəyəcək. Onun hər il borcu qalmış, yeni müqavilə bağlayan zaman əvvəlki borcunu ödəmişdir. Borc onun borcudur. Gələn ilin may ayına qədər hissə-hissə imkan çatdıqca borcunu ödəyəcək. Yeni müqavilə bağlananda isə borcunu sıfırlayacaq, borcunu sıfırlaya bilməsə kombyanı yenidən işlətməyə götürə bilməz. Belə ki, o neçə illərdir ki, həmin kombyanı götürüb istifadə edir, özəlləşməni gözləyir. O, kombaynı heç kəsə verməz, kombayn onun çörək ağacıdır, hər il onu götürüb işlədir, düzəltdirir, əziyyət çəkir. Qətnamə ilə borc tutulsa da yenə də kombaynı ona verəcəklər. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki izahatını dəyişərək bildirdi ki, o iddiaçı ilə dəfələrlə müqavilə bağlayıb kombayn icarəyə götürmüş, borcu qalsa belə yeni müqavilə bağlayanda onu ödəmişdir. Hazırki iş üzrə müqaviləni o bağlasa da kombaynı o işlətməmişdir. Müqavilə bağlayan zaman ödənişin 50%-i əvvəlcədən ödənilməlidir, yoxsa texnika verilmir. Hazırda isə o ödənişin 50%-ni ödəməmiş, lakin onunla müqavilə bağlanmışdır. İddiaçı MMC-nin əməkdaşları ona bildirmişlər ki, müqaviləni bağlasın, ödənişi özləri edəcək. O da İddiaçı MMC-nin əməkdaşlarına inanıb sadəcə müqaviləni bağlamışdır. Həmin kombayndan istifadə edib hər hansı xeyir əldə etməmişdir. Müqaviləni onun bağlamağı, lakin ödənişin İddiaçı MMC-nin əməkdaşları tərəfindən edilməsi barədə aralarında hər hansı rəsmi razılaşma yoxdur. Sadəcə müqavilə bağlayıb, texnikanı qarajdan çıxarmışdır. Texnikanı qarajdan çıxardıqdan sonra İddiaçı MMC-nin əməkdaşlarına təhvil vermişdir. Bunu İddiaçı MMC-nin əməkdaşları şahid qismində dindirilsə təsdiq edə bilər. Hazırkı vaxtadək ödənişləri o etməmiş, ödənişləri iddiaçının əməkdaşları etmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 may 2024-cü il tarixli 02/03381 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilədən görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 adlı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 5500 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. İş materiallarında olan 30 may 2024-cü il tarixli 02/03381 saylı 1 nömrəli aktdan görünür ki, buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 adlı bir ədəd taxılyığan kombayn Cavabdeh saz vəziyyətdə təhvil verilmişdir. İş materiallarında olan iltizamdan görünür ki, mexanizator Cavabdeh 1 ədəd taxılyığan kombaynı iltizamda nəzərdə tutulan öhdəliklərə əməl etmək şərti ilə müvəqqəti istifadəyə götürmüşdür. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə müqavilə məbləği 5500 manat, ödənilmiş məbləğ 2388 manat, qalıq borc 3112 manatdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 30 may 2024-cü il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə bağlanmış, müqaviləyə əsasən buraxılış ili 2014-cü il, ** AB *** dövlət qeydiyyat nömrəli, TC-5050 adlı bir ədəd taxılyığan kombayn xx.xx.2024-xx.xx.2024-cü il tarix ərzində 5500 manat məbləğində mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə ona istifadəyə verilmişdir. Müqaviləyə əsasən lizinq verən öz öhdəliyini yerinə yetirmiş, kombaynı lizinq alanın sahiblik və istifadəsinə vermiş, lakin lizinq alan üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, lizinq ödənişini tam ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq verən müqavilə üzrə yaranmış borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehin məhkəmə baxış iclasında verdiyi izahatına qiymət verərək qeyd edir ki, cavabdeh müqavilə bağlayıb texnikanı qarajdan çıxardığını, lakin texnikanı iddiaçının əməkdaşlarına verdiyini, müqavilə üzrə müəyyən edilmiş məbləğin də iddiaçının əməkdaşları tərəfindən ödənilməsi ilə bağlı razılaşdığını bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə yaranmış 3112 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 51,12 məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 51,12 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 may 2024-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 02/03381 nömrəli lizinq müqaviləsi üzrə 3112 (üç min yüz on iki) manat borc, 51 (əlli bir) manat 12 (on iki) qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar