Məhkəmə qərarları › İş №e-2-2(115)-219/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-219/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-219/2024 07.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7072.57 manat dəyərində borcun və 100 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 3.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası iləəlaqədar cavabdeh iddiaçıdan 9080.30 manat məbləğində vəsaiti(iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 11,40 manat məbləğində 1-ci şum, 68.0 manat məbləğində mala, 42,0 manat məbləğində çiyid səpini, 39,0 manat məbləğində dərman səpini, 3630.0 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 3973.73 manat məbləğində gübrə/dərman, 435.20 manat məbləğində çiyid, 60.0 manat məbləğində sahədaxili kanal çəkilişi, 296.0 manat məbləğində kultivasiya, 525.0 manat məbləğində pambığın maşınla 1-ci üz yığımı, cəmi 9080.30 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 2007.76 manat məbləğində 2868.23 kq xam-pambıq təhvil vermiş, bununla da iddiaçıya 7072.75 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçıya və cavabdehə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi isə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 3.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktına əsasən 9080.33 manat məbləğində işlər görülmüş, xidmətlər göstərilmişdir. xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə arx çəkmə, xx.xx.2021-ci il tarixli akta əsasən mala, xx.xx.2021-ci il tarixli akta əsasən 3 ha sahədə çiyid səpini, xx.xx.2021ci il tarixli akta əsasən 1 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 2 ha sahədə kultivasiya, xx.xx.2021ci il tarixli akta əsasən 2 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 4 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 1.50 ha sahədə kultivasiya, xx.xx.2021-ci il tarixli akta əsasən 3.50 ha sahədə pambıq yığımı işləri görülmüşdür. xx.xx.2021-ci il tarixli akta əsasən 3000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapışırığına əsasən 510 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən 120 manat olmaqla, cəmi 3630 manat pul avans olaraq ödənilmişdir. xx.xx.2023-cü il tarixli MŞG/MT007/2023-03354 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 100 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 3.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən 9080.30 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 2007.76 manat məbləğində 2868.23 kq xampambıq təhvil vermişdir. Nəticədə 7072.75 manat məbləğində borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (AR MM-in 386.1-ci maddəsi). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM-in 389.1-ci maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun qaytarılması məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7072.57(yeddi min yetmiş iki manat əlli yeddi qəpik) manat borc və 100(bir yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217.1-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 7072.57 (yeddi min yetmiş iki manat əlli yeddi qəpik) manat borc və 100 (bir yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 90.72 (doxsan manat yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar