Məhkəmə qərarları › İş №e-2-2(115)-2194/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2194/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2194/2022 14.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “MKT İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 8472 manat 54 qəpik, hesablanmış cəriməyə görə 2338 manat 42 qəpik və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 11010 manat 96 qəpik pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağdam” filialı və cavabdeh arasında bağlanmış 21 291 268 saylı 2021-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsəsən, cavabdeh 17 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə İddiaçı tərəfindən Cavabdehə avans olaraq cəmi 24694,68 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə Cavabdeh tərəfindən 18310,20 kq, 12817,14 manat dəyərində xam-pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da İddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 3405,00 manat vəsaiti İddiaçıya geri qaytarmışdır. Son nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə İddiaçıya 8472,54 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT- Ağdam” filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, Cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 2338 manat 42 qəpik təşkil edir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh pambıqla 12817 manat, daha sonra isə 3405 manat pul formasında olmaqla, ümumilikdə 16222 manat 14 qəpik avans məbləğindən qaytarmışdır. Avans məbləği olaraq göstərdikləri xidmətlər isə 24694 manat 68 qəpikdir. İş üzrə bütün sübutları məhkəməyə təqdim etmişdirlər. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 291 268 saylı 2021-ci il mövsümü üzrə xampambığın alğı-satqı müqaviləsindən görünür ki, müqavilə ilə Cavabdeh 17 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçınə satmağı, iddiaçı isə cavabdehə avans olaraq zəruri vəsaitlər verməyi, müxtəlif xidmətlər göstərməyi, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xampambığın dəyərindən çıxılmasını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 291 268 saylı 2021-ci il mövsümü üzrə xampambığın alğı-satqı müqaviləsinin 4.2 bəndindən görünür ki, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 21 291 268 saylı 01 fevral 2021-ci il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, satıcı tərəfindən alıcıya təhvil verilən xam pambığın satınalma qiyməti, alıcı tərəfindən satıcıya göstərilən aqrotexniki xidmətlərin qiyməti, alıcı tərəfindən xam pambığın qurudulması xidmətinin qiyməti, alıcı tərəfindən satıcıya verilən bardan və fakturaların satış qiyməti tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə olunmuş iş aktları və qaimlərdən görünür ki, İddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 24694 manat 68 qəpik dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlində xam-pambığın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh İddiaçınə 8472 manat 54 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Pretenziya məktubundan görünür ki, İddiaçı cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8472 manat 54 qəpik əsas borc, 50 manat cərimə borcu, cəmi 8522 manat 54 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalı, ödənilməli olan 105 manat 22 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. 07 sentyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 105 manat 22 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edirki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8472 manat 54 qəpik əsas borc, 50 manat cərimə borcu, cəmi 8522 manat 54 qəpik məbləğində borc və 200 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 105 manat 22 qəpik dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar