Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-221/2023 20.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 55910 manat 93 qəpik əsas borc, 9492 manat 74 qəpik ƏDV olmaqla 65403 manat 67 qəpik pulun, mediasiya xərci olaraq 400 manat olmaqla, cəmi 65803 manat 67 qəpik məbləğində pul məbləğinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı neçə illərdir ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyət ilə məşğul olur. Belə ki, qanunvericiliyə müvafiq olaraq dövlət qeydiyyatından keçərək vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və hazırda da fəaliyyəni davam etdirir. Faəliyyət növü isə xam kağızın dəzgahda quraşdıralaraq çap, etiket, o cümlədən şirniyyat istehsalı sahəsində yağ hopdurmayan perqament hazırlanması, həm də kağızvə karton məhsullarıdır. Cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli 02 saylı malların alqı-satqısına dair müqavilə olmuş, vaxtaşırı əməkdaşlıq etmişlər. Müqaviləyə əsasən cavabdeh malların alqı-satqısı üzrə əvvəlcədən razılaşdırılmış qiymətlərin protokoluna əsasən aldığı malların dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin predmetini kağız və karton məhsulları təşkil edib. Müqavilə əsasında bu günə kimi, cavabdehə sifariş üzrə 94305 manat 19 qəpik dəyərində mal təqdim edilib. Həmin malların dəyərinin ödənilməsi üçün müəssisəyə tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə təqdim edilmiş mallara görə elektron qaimələr vurulmuşdur. Bu qaimələr üzrə ümumi borc 111280 manat 12 qəpik olub. Belə ki, 94305 manat 19 qəpik malın öz qiyməti, 16974 manat 93 qəpik əlavə dəyər vergisi, olmaqla cəmi 111280 manat 12 qəpik təşkil edib. Qeyd olunanlar üzrə 2021-ci ilin iyul ayınadək ümumilikdə 36.395 manat əsas məbləğdən, 7122 manat 32 qəpik isə ƏDV-dən olmaqla, cəmi 43517 manat 32 qəpik ödənilmişdir. Bu günə sözügedən müqavilə üzrə 55910 manat 93 qəpik əsas borc, 9492 manat 74 qəpik ƏDV borcu olmaqla, cəmi 65403 manat 67 qəpik borc isə qalmaqdadır. Dəfələrlə bu işin məhkəmədən kənar həllinə çalışsalar da, cavabdeh müqavilənin şərtlərini pozaraq keçən bu qədər vaxt ərzində öhdəliyini yerinə yetirməyərək heç bir ödəniş etməmişdir. Nəticədə razılaşma şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur. Borcun ödənilməsi üçün cavabdeh müəssisəyə dəfələrlə xəbərdarlıq edilsə də, borcun ödəniləcəyi ilə bağlı vəd verilsə də,buna əməl etməmiş və heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh hüquqi şəxs başqa şəxslərə, həmçinin başqa 4 şirkətə də borcludur. Hansı ki, onlara məhsulu vasitəçilik əsasında vermişdir. 40 ildən artıqdır ki ticarətlə məşğuldur, üzərindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh təşkilatdan ödənilməmiş borcu ala bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, alğı-satqı müqaviləsi cavabdehin direktoru qismində Şahid ilə bağlanılıbdır. Həmin müqavilənin imzalanmış versiyası onlarda mövcud deyildir, lakin elektron qaimələri məhkəməyə təqdim etmişlər. Bundan əlavə, X1 isə cavabdeh hüquqi şəxsin qanuni təmsilçisidir. Onlara halhazırda əsas borc üzrə 55910 manat 93 qəpik borcları qalıbdır. Bundan əlavə ƏDV borcları da var. Çünki onların təqdim etdiyi məhsullar ƏDV-si olan məhsullardır. Cavabdehin iddiaçıya borclu olması faktı şahid ifadələri ilə də, öz təsdiqini tapır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində uzun zamandır çalışmışdır. İddiaçı onlara kağız və digər mallar satmışdır. 2020-ci ilin sentyabrında Qasımzadə Nicat həmin müəssisəyə müdir təyin olundu. Rəhbərlik dəyişdikdən sonra müşahidə etdi ki, Rauf müəllimə malın pulunu vaxtlıvaxtında ödəmirlər. Sonradan 2021-ci ilin avqust ayından həmin müəssisədə çalışmır. Həmin cəmiyyətdə 2019-2021-ci illər ərzində çalışmışdır. Rauf müəllimə sifariş verilmiş və mal gətirilirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 28000 ABŞ dolları məbləğində Rauf müəllimə borcu var idi. Hal-hazırda həmin cəmiyyət fəaliyyət göstərmir. Onun da əmək haqqını ödəmirlər. O səbəbdən həmin müəssisədə artıq işləmir. Həmin cəmiyyətdə satış üzrə direktor kimi işləmişdir. Təsdiq edir ki, cavabdeh iddaçıdan kağız sifariş verib almış, lakin malın dəyərini iddiaçıya qaytarmamışlar. Cəmiyyətin 35-40 nəfər işçisi var idi və heç birinə əmək haqqı ödənişi olunmurdu. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı tərəflə 2012-ci ildən tanışlıq əlaqələri vardır. Mütəmadi olaraq ondan mal alırdılar. Rauf müəllimdən xahiş etmişlər ki, onlara nisyə mal versin. O da, müəyyən limitlə nisyə mal verirdi. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bir müddət sonra borc mübahisələri yaranmağa başladı. Cavabdehin iddiaçıya 55000 manatdan çox borcunun olduğunu bilir. 2020-ci ilin noyabr ayından 2021-ci ilədək həmin cəmiyyətdə inzibati işlər üzrə direktor olmuşdur. Həmin vaxt müqavilənin imzalanması onun səlahiyyətlərində olmamışdır. Amma cavabdehin iddiaçıya borclu olması faktını təsdiq edir. Cavabdeh iddiaçıdan mal almış, lakin ödənişlərini tam şəkildə həyata keçirməmişdir. Qanuni təmsilçi Qasımzadə Nicat isə 2021-ci ilin noyabr ayından həmin müəssisədə yoxdur. Mal iddiaçının maşını ilə gəlirdi və anbarda təhvil alınırdı. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron qaimələr əsasında 105377 manat 29 qəpik məbləğində mal satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 329.2-ci və 329.3-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı 105377 manat 29 qəpik məbləğində mal almış, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə iddiaçıya ƏDV daxil 65403 manat 67 qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 09 dekabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 286 manat 21 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 65403 manat 67 qəpik məbləğində borc və 400 manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalı, ödənilməli olan 286 manat 21 qəpik məbləğində dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 65403 manat 67 qəpik məbləğində borc və 400 manat mediasiya xərci cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 286 manat 21 qəpik məbləğində dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-221/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-221/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver