Məhkəmə qərarları › İş №e-2-2(115)-221/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-221/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-221/2024 10.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 10155.07 manat dəyərində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Ağdam Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 23 saylı alğı-satqı müqaviləsinə əsasən Ağdam rayonu, Əfətli kəndi ərazisində 27.6 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 22887.96 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 130 manat məbləğində çöp doğrama, 450 manat məbləğində 1-ci şum, 76 manat məbləğində rotasiyon mala, 238 manat məbləğində ziqzaq mala, 210 manat məbləğində mala çəkmə, 180 manat məbləğində çiyid səpini, 830 manat məbləğində dərman səpini, 15748 manat məbləğində pambığın becərilməsinə, suvarılmasına görə ödənilən avans vəsait, 1893.46 manat məbləğində gübrə/dərman, 570 manat məbləğində çiyid, 204 manat məbləğində sahə daxili kanal çəkilişi, 1358.50 manat məbləğində kultivasiya, 880 manat məbləğində pambığın maşınla 1-ci üz yığımı, 120 manat məbləğində pambıq kolunun ucunun vurulması, cəmi 22887.96 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 12732.89 manat məbləğində 17628.26 kq xam-pambıq (o cümlədən 1274.52 manat dərman və gübrəyə ödənilən məbləğ) təhvil vermiş, bununla da iddiaçıya 10155.07 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiada göstərilən ödənilmiş 12732,89 manat məbləğin 11457,79 manat hesab olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatlarında bildirmişdir ki, bəzi imzaları onun əvəzinə çəkmişdirlər, o, ancaq 300 manatlıq dərman götürmüşdür. Avans pul verilib, amma sahədə alaq qalxdıqdan sonra ödəniş etmişdirlər. Pulu götürəndən sonra fəhlə çağırıb sahəni çevirmişdir. 2020-ci ilə aid borcu mövcud deyil, onun borcu başqa əkin mövsümü ilə bağlıdır. Axırıncı dəfə pambığı 2020-ci ildə əkmişdir. Pambığın tonu yadında deyildir, amma 2020-ci il mövsümü üçün borcu yoxdur. Kart üzrə çıxarış gətirmişdir və oradan görünür ki, ona sentyabr ayında neçə dəfə pambıq təhvil vermişdirsə, o qədər də ödəniş edilmişdir. Sahil müəllim onun məhsulunu sataraq, pul vəsaitini onun hesabına köçürmüşdür. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, qiymətlərin razılaşdırılması protokolu, iş və xidmətlərin görülməsinə dair aktlar, iş və xidmətlərin yerinə yetirilməsi aktları, malların fiziki şəxslərə təhvil-qəbul qəbzləri, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli 23 saylı xam-pambığın alqı-satqısına dair müqavilələrin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli, 23 saylı müqaviləyə əsasən “alıcı” qismində İddiaçı Ağdam filialı “satıcı” qismində Cavabdeh məxsus Ağdam rayonu, Əfətli kəndi ərazisində 27,60 hektar sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirməyi, “satıcı” yetişdirdiyi yüksək keyfiyyətli xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “alıcı”ya təhvil verməyi, “alıcı” isə məhsulu qəbul etməyi və onun dəyərini “satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə hazırlıq iclasında xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında fermer qrafasında olan imzanın onun tərəfindən imza edilmədiyini bildirmiş və bununla bağlı müvafiq ekspertiza təyin edilməsini xahiş etmişdir. Cavabdeh digər aktlarda da olan imzaların bəzilərinin ona məxsus olmadığını bildirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı tərəflər arasında bağlanılmış müqavilə üzrə verilmiş bütün avans vəsaitləri, göstərilən bütün iş və xidmətləri özündə ehtiva etdiyindən yalnız həmin aktda olan imzanın cavabdehə məxsus olub-olmaması ilə bağlı məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-xəttşünaslıq ekspertizasının 24 may 2024-cü il tarixli 4/610 saylı rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktının 2-ci səhifəsində “fermer” qrafasındakı imza Cavabdeh yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə yazılı qaydada vəsatət verərək iş üzrə əlavə məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. O vəsatətini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçı ilə cavabdeh arasında hər ay üzrə verilmiş avans vəsaitlər, görülmüş işlər və göstərilmiş xidmətlərlə bağlı akt imzalanmışdır. Həmin aktların hamısını cavabdeh öz imzası ilə imzalamışdır. Həmin aktlarda olan imzaların həqiqətən cavabdehə məxsus olubolmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi zəruridir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış əlavə məhkəmə-xəttşünaslıq ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 4/1238 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 178- 188-ci vərəqlərində İddiaçı MMC-nin Ağdam filialı ilə fermer Cavabdeh arasında olan xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi üzrə aktların sonunda fermer Cavabdeh qrafalarındakı imzalar Cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə 24 may 2024-cü il tarixli 4/610 saylı ekspert rəyi ilə bağlı qiymətləndirmə apararaq qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında fermer qrafasında olan imzanın cavabdehə məxsus olmaması verilmiş avans vəsaitlərin, göstərilmiş xidmətlərin və görülmüş işlərin cavabdeh tərəfindən qəbul edilməməsinə əsas vermir. Çünki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarından və eyni zamanda "xxxx" ASC tərəfindən məhkəməyə göndərilmiş çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə müqavilə üzrə 15748 manat avans vəsait ödənilmişdir. Eyni zamanda cavabdeh əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatında ona avans vəsaitin ödənildiyini qəbul etmiş və həmin pulu pambığın becərilməsində istifadə etdiyini bildirmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktı cavabdeh tərəfindən imzalanmasa belə, iş materiallarında olan digər sübutlarla (ödəniş tapşırıqları, cavabdehin izahatı və s.) iddiaçı tərəfindən ona avans vəsaitin ödənilməsi öz təsdiqini tapmışdır. Xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aylar üzrə tərtib olunmuş və imzalanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktlarında olan imzaların cavabdeh tərəfindən icra edilib edilməməsi ilə bağlı müvafiq araşdırma aparılaraq ekspertiza təyin olunmuş və 04 sentyabr 2024-cü il tarixli 4/1238 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, aktlarda olan imzalar cavabdeh tərəfindən icra edilmişdir. Göründüyü kimi göstərilən xidmətlərlə bağlı aylar üzrə tərtib olunmuş aktlarda olan imzalar cavabdehə məxsus olmuşdur. Cavabdeh aylar üzrə aktlara imza etməklə iddiaçı tərəfindən ona xidmətlərin göstərilməsini, işlərin görülməsini qəbul etmişdir. Eyni zamanda cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında iş və xidmətlərin yerinə yetirilməsi aktında qeyd olunan iş və xidmətlərin iddiaçı tərəfindən görüldüyünü, lakin görülmüş iş və xidmətlərin dəyərini özü ödədiyini bildirmişdir. görülmüş işlər və göstərilmiş xidmətlərlə bağlı aylar üzrə tərtib olunan aktlarda olan imzaların cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi öz təsdiqini tapdığından, eyni zamanda cavabdeh öz izahatlarında iddiaçı tərəfindən işlərin görüldüyünü və xidmətlərin göstərildiyini bildirdiyindən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktında imza cavabdehə məxsus olmasa belə iddiaçı tərəfindən cavabdehə məxsus əkin sahəsində işlər görülmüş və xidmətlər göstərilmişdir. Cavabdeh öz izahatlarında iddiaçı tərəfindən görülən işlərin və göstərilən xidmətlərin dəyərinin özü tərəfindən ödənildiyini bildirsə də, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Aylar üzrə tərtib olunmuş və tərəflərin imzası ilə təsdiq edilmiş iş və xidmətlərin yerinə yetirilməsi barədə aktlardan sonuncusu xx.xx.2020-ci il tarixində imzalanmışdır. Sonuncu razılaşmaya əsasən Cavabdeh 20725,20 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən də göründüyü kimi həmin aktda olan imza Cavabdeh məxsusdur. Eyni zamanda iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş pambıq qəbulu qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 11457,79 manat dəyərində (17628,26 kq) xam pambıq təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, cavabdeh iddiaçıya 20725,20 manat borcunun olduğunu qəbul etmişdir. Cavabdeh həmin borcun bir hissəsini 11457,79 manat dəyərində (17628,26 kq) xam pambıq təhvil verməklə ödəmiş və nəticədə cavabdehin 9267,41 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, habelə xam pambıq təhvil verməsi, eyni zamanda manat 9267,41 manat borcunun olması xx.xx.2020-ci il tarixli iş və xidmətlərin görülməsi barədə aktlar, ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 112,68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının ekspert rəylərinin tədqiqat dəyəri 245 manat təşkil etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 245 manat ekspertiza xərci cavabdehdən tutularaq müvafiq qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9267,41 manat məbləğində borc, 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilməli, Cavabdeh 112,68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, 245 manat ekspertiza xərci cavabdеh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9267,41 manat məbləğində borc, 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 112,68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. 245 manat ekspertiza xərci cavabdеh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar