Məhkəmə qərarları › İş №e-2-2(115)-2239/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2239/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2239/2022 10.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borc tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6258,43 manat əsas borcun və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 100 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə 342 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və ona 1 saylı əlavəyə əsasən malları Satıcı satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə üzləşdirmə aktı tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh İddiaçı MMC-nə 6909,43 manat məbləğində qalıq borcunun olduğu müəyyən edilib və tərəflərin imzası ilə təsdiqlənmişdir. Müəyyən ödənişlər edildikdən sonra cavabdehin müəssisəyə 6258,43 manat qalıq borcu qalmışdır. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 6258,43 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Satıcı Alıcıya sement və gips məhsullarını satmışdır. Lakin Alıcı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən onun Satıcıya 6258,43 manat borcu qalmışdır. Alıcı borcunun olmasını qəbul edərək ödəyəcəyini bildirmiş, lakin dəfələrlə müraciət olunmasına baxmayaraq borcunu ödəməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli 342 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə 1 saylı Əlavə ilə müəyyən olunmuş spesifikasiyada adları göstərilən malları Satıcı Alıcıya satmağı, Alıcı isə həmin malları alıb, dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli üzləşdirmə aktından görünür ki, alıcı Cavabdeh satıcı İddiaçı MMC-yə 6909,43 manat borcunun olması faktı hər iki tərəfin imzası ilə təsdiq olunmuşdur. İş materiallarında olan 19 may 2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 28 iyun 2021-ci il tarixdə 342 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə və ona əlavə ilə ödənişin məbləği, ödəmə müddəti, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişi vaxtında icra etməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 6258,43 manat əsas borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi və İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 100 manat məbləğində mediasiyaya dair ödəniş edildiyi barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 100 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 6258,43 (altı min iki yüz əlli səkkiz manat qırx üç qəpik) manat əsas borc, 100 (bir yüz) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar