Məhkəmə qərarları › İş №e-2-2(115)-226/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-226/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-226/2022 28.04.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, İsgəndərova Fidan Mübariz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.08.2021-ci il tarixə 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli müqavilə üzrə 2048 manat gecikdirilmiş əsas borcu və 381 manat 88 qəpik cərimə borcu, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli müqavilə üzrə 4332 manat gecikdirilmiş əsas borcu və 1428 manat 80 qəpik cərimə borcu, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli müqavilə üzrə 960 manat gecikdirilmiş əsas borcu və 222 manat 48 qəpik cərimə borcu, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli müqavilə üzrə 2520 manat gecikdirilmiş əsas borcu və 937 manat 44 qəpik cərimə borcu, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli müqavilə üzrə 21000 manat 60 qəpik gecikdirilmiş əsas borcu və 12473 manat 58 qəpik cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 46654 manat 78 qəpik pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli, 19.06.2015-ci il tarixli 1111- GL/15 nömrəli, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanlar lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26.08.2021-ci il tarixə 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli müqavilə üzrə 2048 manat gecikdirilmiş əsas borcu və 381 manat 88 qəpik cərimə borcu, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli müqavilə üzrə 4332 manat gecikdirilmiş əsas borcu və 1428 manat 80 qəpik cərimə borcu, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli müqavilə üzrə 960 manat gecikdirilmiş əsas borcu və 222 manat 48 qəpik cərimə borcu, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli müqavilə üzrə 2520 manat gecikdirilmiş əsas borcu və 937 manat 44 qəpik cərimə borcu, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli müqavilə üzrə 21000 manat 66 qəpik gecikdirilmiş əsas borcu və 12473 manat 58 qəpik cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilkin mediasiya sessiyasindan sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun 07.10.2021-ci il tarixli 2021-003873 saylı arayışı təqdim edilmişdir.Eyni zamanda bildirirlər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 350 manat müəyyənləşdirilmişdir. Bu məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, 26.08.2021-ci il tarixə 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli müqavilə üzrə 381 manat 88 qəpik cərimə borcu, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli müqavilə üzrə 1428 manat 80 qəpik cərimə borcu, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli müqavilə üzrə 222 manat 48 qəpik cərimə borcu, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli müqavilə üzrə 937 manat 44 qəpik cərimə borcu, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli müqavilə üzrə 7305 manat gecikdirilmiş əsas borcu və 12473 manat 58 qəpik cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manat, mediasiya xərci olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, təsərrüfatla məşğuldur, maddi cəhətdən çətinliyi olduğundan əsas borcu, mediasiya xərcini və vəkil haqqını hissə-hissə ödəyə bilər. Müharibə iştirakçısı olduğunu nəzərə alaraq, məhkəmədən cərimə borclarının silinməsini xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbinə dair sübutları elektron qaydada məhkəməyə təqdim etdiyini, işə onun iştirakı olmadan baxılaraq iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavadehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 6000 manat olan 1 ədəd “AG-DAT6” markalı 4 təkərli özü boşaldan traktor qoşqusunu lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 22120 manat olan 1 ədəd “New Holland TD5-110” markalı traktoru lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış, 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 16000 manat olan 1 ədəd “AG-SRB” markalı ot presləyəni lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 170539 manat 60 qəpik olan 70 baş “Simmental” cinsli damazlıq heyvanları lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanılmış, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli lizinq müqaviləsindən görünür ki, lizinq verən ümumi məbləği 7320 manat olan 1 ədəd “Charger V8” markalı universal yemdoğrayan və yemqarışdıranı lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Lizinq alan isə müqavilənin şərtinə uyğun olaraq lizinq obyektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Həmin Fərmanın 2.2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş materiallarına əlavə edilmiş ödəniş sənədindən görünür ki, 10.11.2021-ci il tarixli 1295 №-li “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Xırdalan Vəkil Bürosuna 350 manat məbləğində vəkil haqqı ödənilmişdir. İş materillarına əlavə olunmuş 07 oktyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh2 və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilkin mediasiya sessiyasına iştirak etmiş, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 200 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 747-5.2-ci maddəsinə əsasən, lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 lizinq müqaviləsi üzrə iddiaçıdan lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli lizinq müqaviləsi üzrə 10 manat cərimə borcu, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 50 manat cərimə borcu, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli lizinq müqaviləsi üzrə 15 manat cərimə borcu, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 30 manat cərimə borcu, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 7305 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 7460 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli lizinq müqaviləsi üzrə 10 manat, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 50 manat, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli lizinq müqaviləsi üzrə 15 manat, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 30 manat, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən həmin hissədə azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 94 manat 60 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.06.2015-ci il tarixli 1051-L/15 nömrəli lizinq müqaviləsi üzrə 10 manat cərimə borcu, 19.06.2015-ci il tarixli 1111-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 50 manat cərimə borcu, 01.05.2015-ci il tarixli 820-L/15 nömrəli lizinq müqaviləsi üzrə 15 manat cərimə borcu, 31.03.2017-ci il tarixli 555-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 30 manat cərimə borcu, 02.05.2017-ci il tarixli 80-LD/17 nömrəli lizinq müqaviləsi üzrə 7305 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 7460 manat məbləğində borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 350 manat Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. 94 manat 60 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar