Məhkəmə qərarları › İş №e-2-2(115)-228/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-228/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-228/2024 22.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə/ İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1055,54 manat, hesablanmış cərimə borcuna görə 211,10 manat və ödənilmiş mediasiya rüsumuna görə 70,00 manat olmaqla cəmi 1336,64 manat pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində (iddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 104 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 5.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5045,10 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 104 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 1055,54 manat borcu qalmışdır. Bundan əlavə, Müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 124,13 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. Beləliklə cavabdeh, Müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir/ Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, pambığı təhvil verəndə sonra onlardan borcunun məbləğini soruşmuşdur. O demişlər ki, 730 manat borcu var. Beş gün sonra sahə rəisi ona demişdir ki, 1054 manat borcum var və o, borcunun mənbəyini soruşanda cavab verə bilməmişdirlər. Ondan əlavə qardaşı da pambıqla bağlı müqavilə bağlayıb, amma əkin mövsümü xəstələnməsi səbəbindən pambıq becərməyib və bu səbəbdən borcu yaranmayıb. Lakin, qardaşı barama saxlamaq istəyəndə subsidiya kartına köçürülmüş vəsaitdən borc pul çıxılıb. O maraqlananda isə deyiblər ki, onun borcunu səhvən ondan çıxıblar və o pul ondan tutulmalı idi. Belə ki, onlar həm qardaşından o məbləği tutublar, həmdə onun 730 manat borcuna əlavə ediblər. Onların sahəsinin ancaq yarısını şumlayıblar, amma başqa xidmətlərlə birlikdə xərclər yazıblar. Çöp doğratmamış, şumu qardaşının texnikası ilə özü etmişdir. Şum iki dəfə keçirilir, birinci şumu onlar ediblər. Həmin borc mübahisəsi yaranan zaman qardaşı xəstə olmuşdur və heç bir yerə gedə bilməmişdir. O bu məsələ ilə maraqlananda ona bildirmişlər ki, borclarda qarışıqlıq düşmüşdür. Ümumiyyətlə onun yaşadığı kənddə iddiaçı təşkilatla bu kimi hallar tez-tez baş verir. Sadəcə digər həmyerlilərində borc məbləği az olduğundan onlar mübahisə etməmişdir. Onda isə borc məbləği çox olduğundan razılaşmamış və imza çəkməkdən imtina etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xam-pambığın alqı-satqısına dair müqavilə, maliyyə arayışı, üzləşdirmə aktı, görülən işlərin siyahısı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər.Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahidn ifadəsində bildirmişdir ki, iddiaçı təşkilatla qardaşı ilə eyni məzmunlu müqaviləsi olmuşdur. Torpaq sahəsində istifadəsində bir texnika olmuşdur. Sonradan borc məbləği ilə əlaqədar hesablaşma zamanı borcunun çox olduğunu aşkar etmişdir. İddiaçı təşkilata müraciət edən zaman onlar bildirmişlər ki, qardaşınla onun borcu arasında qarışıqlıq olmuşdur. Qardaşının borcunun səhvən ona yazıldığını bildirmişlər. O da qardaşı olduğu üçün mübahisə etməmiş və borcu ödəmişdir. Həmin dönəmdə ipəkçilik fəaliyyəti ilə məşğul imiş və bir neçə yerə borcu olmuşdur. Borclarınla əlaqədar istifadəsində olan bank kartına məhdudiyyət qoyulmuşdur. Tam olaraq xatırlamır ya 470 manat, ya da ki 570 manat məbləğində pulu qardaşının əvəzinə iddiaçı təşkilata ödəmişdir. Həmin borc qardaşının borcu idi, lakin onu ona yazmışdılar və o, onu ödəmişdir. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli xampambığın alqı-satqısına dair müqavilənin məzmunundan göründüyü kimi həmin müqavilə qarışıq müqavilə olmaqla özündə podrat, xidmət və alğı-satqı müqavilələrinin əlamətlərini ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 104 saylı xam-pambığın alğı-satqı müqaviləsinə görə cavabdeh öhdəsində olan 5 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehə 5045,10 manat məbləğində avans vəsaitlər verildiyi qeyd olunsa da, Cavabdeh məxsus görülən işlərin adlı siyahısından və iddiaçı tərəfindən təsdiq olunaraq məhkəməyə təqdim edilmiş üzləşdirmə aktından görünür ki, cavabdehə 4469,12 manat avans ödənilmişdir. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4469,12 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən borcundan 3362,21 manat dəyərində xam pambıq verməklə, 627.37 manat subsidya kartı ilə ödəniş etməklə, cəmi 3989,58 manat ödəniş olunmuşdur. Odur ki, iddiaçı tərəfindən 4469,12 manat avans verildiyi və cavabdeh tərəfindən 3989,58 manat ödəniş olunduğu nəzərə alınarsa cavabdehin 479,54 manat əsas borcunun olduğu təsdiq edilir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə işlər görülməsi, xidmətlər göstərilməsi, habelə xam pambıq təhvil verməsi, eyni zamanda 479,54 manat borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş görülmüş işlərin adlı siyahısı və iddiaçı tərəfindən təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Məhkəmə iddia tələbinin 211,10 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 10 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh və “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 479,54 manat məbləğində borc, 10 manat cərimə olmaqla, ümumilikdə 489,54 manat məbləğində pul və 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 479,54 manat məbləğində borc, 10 manat cərimə olmaqla, ümumilikdə 489,54 manat məbləğində pul və 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar