Məhkəmə qərarları › İş №e-2-2(115)-2282/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2282/2022

23.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2282/2022 23.11.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, dövlət büdcəsinə olan ümumilikdə 2326 manat 95 qəpik qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix – xx xxxx 1936-cı il, doğulduğu yer – Azərbaycan, Gədəbəy rayonu, Mutudərə kəndi; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" X1 (VÖEN:**********) dövlət büdcəsinə 2326 manat 95 qəpik (o cümlədən , vergilər üzrə 1773 manat 11 qəpik, faizlər 553 manat 84 qəpik) olmaqla, ümumilikdə 2326 manat 95 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********88400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu fiziki şəxs Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçinin nümayəndəsi X3 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirdi ki, texniki pasporta texniki səhvlik olaraq 0,2 ha torpaq sahəsi əvəzinə 2 ha torpaq sahəsi yazılıdığı üçün vergi idarəsi borcu düzgün hesablamayıb. Bu barədə Gəncə İnzibati Məhkəməsinin müvafiq qərarı var. Həmin qərardan apelyasiya şikayəti verildiyi üçün iş apelyasiya məhkəməsinə göndərilmişdir və halhazırda iş üzrə ekspertiza təyin edildiyindən işin icraatı dayandırılmışdır. Belə olan halda, ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, icra orqanının rəhbəri Maraqlı şəxs olan "xxxx" X1 (VÖEN:**********) dövlət büdcəsinə 2326 manat 95 qəpik, o cümlədən, vergilər üzrə 1773 manat 11 qəpik, faizlər 553 manat 84 qəpik olmaqla, ümumilikdə 2326 manat 95 qəpik borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndində əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə 2326 manat 95 qəpik məbləğində vergi borcu ödənilənədək "xxxx" X1 (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxs Rasim oğlunun (doğulduğu tarix–xx xxxx 1936-cı il, doğulduğu yer–Azərbaycan, Gədəbəy rayonu, Mutudərə kəndi; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar