Məhkəmə qərarları › İş №e-2-2(115)-2282/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2282/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2282/2025 21.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra mətndə “X7” MMC) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC cavabdeh “X7” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X7” MMC arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 137 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “X7” MMC "xxxx" MMC-yə olan əsas borc 112913,78 AZN, dəbbə borc isə 41212,15 AZN ümumilikdə 154125,93 (yüz əlli dörd min yüz iyirmi beş manat doxsan üç qəpik) pul məbləğinin alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi ilə bağlı, "xxxx" MMC tərəfindən ödənilmış 446 manat dövlət rüsumu cavabdeh “X7” MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh “X7” MMC arasında “bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı” ilə bağlı 19 mart 2021ci il tarixli, 137 saylı müqavilə bağlanmışdır. Bağlanmiş müqavilənin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən cavabdeh “X7” MMC-yə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında cavabdeh “X7” MMC "xxxx" MMC-yə 19 mart 2021-ci il tarixli, 137 saylı müqavilə üzrə 112913,78 manat (66420 ABŞ dolları) qalıq borcun ödənişini həyata keçirməli idi. "xxxx" MMC Malları xarıcı ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1, 2, 3 saylı əlavə razılaşmalara əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Bununla bağlı cavabdeh “X7” MMC-yə 19 mart 2021ci il tarixli, 137 saylı müqavilənin 2.2., 3.2. və 4.1-ci bəndində göstərilən öhdəliyin pozulması və "xxxx" MMC-yə 112913,78 manat (66420 ABŞ dolları) həcmində borcun ödənilməsi ilə bağlı məktubla xəbərdarlıq edilmişdir. Lakın bu günə kimicavabdeh bu xəbərdarlığa əhəmiyyət verməmışdir.

3. 18.12.2025-ci tarixdə iddiaçının nümayəndəsi “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X7” MMC arasında bağlanmış 19 mart 2021-ci il tarixli, 137 saylı müqavilənin öhdəliyin icrası ilə bağlı cavabdeh “X7” MMC "xxxx" MMC-yə olan əsas borc 52913,78 AZN, dəbbə borc isə 41212,15 AZN ümumilikdə 94125,93 (doxsan dörd min yüz iyirmi beş manat doxsan üç qəpik) pul məbləğinin alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi ilə bağlı, "xxxx" MMC tərəfindən ödənilmış 446 manat dövlət rüsumu cavabdeh “X7” MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeyi

4. İddiaçının nümayəndəsi X4 iddia ərizəsində yazılanlara uyğun izahat verərək və iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən ödənilmiş 7998,84 manat məbləğində pul məhz hüquqi şəxsin hesabından ödənilmədiyi üçün nəzərə alınmamışdır. Lakin buna baxmayaraq, həmin pul cavabdehə geri qaytarılacaqdır və bundan sonra yenidən hüquqi şəxsin adı ilə ödəniş edilə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edərək bildirdi ki, əlavə olaraq ödəniş etdikləri 7998,84 manat məbləğində pul iddiaçı tərəfindən borc məbləğindən çıxılmamış və nəzərə alınmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

II. Sübutların tədqiqi

6. "xxxx" MMC ilə “X7” MMC arasında bağlanmış 19 mart 2021-ci il tarixli № 137 nömrəli “Bitki mühafizə vasitələrinin (gübrə, dərman, toxum) satışına dair” müqavilədən görünür ki, müqaviləyə əsasən “Satıcı” alıcıya müqavilədə əlavə razılaşmada göstərilən bitki müfafizə vasitələrini malı satır, Alıcı isə həmin malı qəbul edir və razılaşdırlımış müddətdə malın haqqını ödəyir (1.1). Müqavilənin 2-ci bəndinə əsasən malların qiyməti, miqdarı və ödəmə müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müyyən edilir.

7. Əlavə razılaşmadan görünür ki, malların adı, ölçü vahidi, miqdarı, qiyməti, ümumi dəyəri tərəflər arasında razılaşdırılaraq xx.xx.2024-cü il tarixli, **********01315 saylı razılaşma üzrə yekun məbləğ 156338,49 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********01284 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 3444 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********02026 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 870,60 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, AK**********00015509 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 6000 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, AK**********00011949 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 2600 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, AK**********00016294 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 6500 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, AK**********00015509 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 6000 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********02818 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 213 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********02853 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 5890 ABŞ dolları, xx.xx.2024-cü il tarixli, **********02879 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 82 ABŞ dolları, xx.xx.2025-ci il tarixli, **********12021 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 13631 ABŞ dolları, xx.xx.2025-ci il tarixli, AK**********00015509 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 1035 ABŞ dolları, xx.xx.2025-ci il tarixli, AK**********00014631 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 4250 ABŞ dolları, xx.xx.2025-ci il tarixli, AK**********00012028 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 450 ABŞ dolları müəyyən edilmişdir.

8. Əlavə razılaşmadan görünür ki, malların adı, ölçü vahidi, miqdarı, qiyməti, ümumi dəyəri tərəflər arasında razılaşdırılaraq xx.xx.2021-xx.xx.2021-ci il tarixləri əhatə edən 01 saylı razılaşma üzrə yekun məbləğ 31051,63 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 02 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 214,10 ABŞ dolları, xx.xx.2021-ci il tarixli 03 saylı Əlavə razılaşma üzrə yekun məbləğ 560 ABŞ dolları dolları müəyyən edilmişdir.

9. Bank kartı ilə ödəniş məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 23603,65 manat,xx.xx.2022-ci il tarixdə 30000,89 manat, xx.xx.2023-cü il tarixdə 64257,49 manat, xx.xx.2023-cü il tarixdə 4980,53 manat, 2023-cü il tarixdə 6500 manat, xx.xx.2023cü il tarixdə 92 manat, xx.xx.2024-cü il tarixdə 34324,10 manat, xx.xx.2025-ci il tarixdə 54077 manat, xx.xx.2025-ci il tarixdə 13761,47 manat, xx.xx.2025-ci il tarixdə 7998,84 manat, məbləğində pul Aqrokimya MMC tərəfindən “X7” MMC və X1 mallar üzrə bank kartı üzrə ödənişlər həyata keçirilmişdir.

10. Ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat manat, xx.xx.2022-ci il tarixdə 18956,02 manat, xx.xx.2023-cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə 15000 manat, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 10000 manat, xx.xx.2025-ci il tarixdə 20000 manat məbləğində pul “X7” MMC-nin hesabından "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

11. Kredit köçürmələrindən görünür ki, xx.xx.2021-ci il tarixli, 137 nömrəli mal alışı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 40 000 manat, xx.xx.2023-cü il tarixdə 8500 manat, xx.xx.2024-cü il tarixdə 15 000 manat, xx.xx.2024-cü il tarixdə 18000 manat, xx.xx.2024-cü il tarixdə 50000 manat, xx.xx.2025-ci il tarixdə 18000 manat, xx.xx.2025-ci il tarixdə 41000 manat, xx.xx.2025-ci il tarixdə 25000 manat, xx.xx.2025-ci il tarixdə 26000 manat,məbləğində pul “X7” MMC-nin hesabından Aqrokimya MMC-nin hesabına köçürülmüşdür.

12. Malların satış qaimələrindən görünür ki, xx.xx.2024-cü il tarixdə 34051,50 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 7044 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 853,38 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 213 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5884,25 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 82 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 2600 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 6500 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 6000 ABŞ dolları məbləğində mallar "xxxx" MMC tərindən “X7” MMC-yə təhvil verilmişdir.

13. Malların təhvil-qəbul görünür ki, xx.xx.2024-cü il tarixdə 6000 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 450 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə 4250 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə ƏDV daxil ümumilokdə 1035 ABŞ dolları, xx.xx.2025-ci il tarixdə ümumilkdə 13631 ABŞ dolları məbləğində mallar "xxxx" MMC tərindən “X7” MMC-yə təhvil verilmişdir.

14. 10.02.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki ümumilikdə 98000 manat, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan ümumilikdə 161000 manat, xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan ümumilikdə 70000 manat, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan ümumilikdə 18956,02 manat, xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan ümumilikdə 68500 manat məbləğində pul “X7” MMC-nin hesabından "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

15. Elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən “X7” MMC-yə xx.xx.2024-cü il tarixli 00252447 nömrəli qaimə üzrə 25908 manat, xx.xx.2024-cü il tarixli, 00284900 qaimə üzrə 11974 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 10518063 nömrəli qaimə üzrə 1450,74 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 00284900 nömrəli qaimə üzrə 362,10 manat, xx.xx.2024-cü il tarixli, 10705370 nömrəli qaimə üzrə 139,40 manat, xx.xx.2024-cü il tarixli, 10705368 nömrəli qaimə üzrə 10003,22 manat, xx.xx.2024-cü il tarixli, 11694855 nömrəli qaimə üzrə 4420 manat, xx.xx.2024-cü il tarixli, 10746630 nömrəli qaimə üzrə 11050 manat, xx.xx.2024-cü il tarixli, 11359576 nömrəli qaimə üzrə 10200 manat, xx.xx.2025-ci il tarixli, ********* nömrəli qaimə üzrə 765 manat, xx.xx.2025-ci il tarixli, 12327407 nömrəli qaimə üzrə 23173,770 manat, xx.xx.2025-ci il tarixli, 12327404 nömrəli qaimə üzrə 1759,49 manat, xx.xx.2025-ci il tarixli, 11205076 nömrəli qaimə üzrə 7225 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar ötürülmüşdür.

16. 11 iyul 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən qalıq borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

III. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

IV. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, Aqrokimya MMC ilə “X7” MMC arasında 19 mart 2021-ci il tarixli 137 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı malları alıcıya satmağı, alıcı isə malları alıb və dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək malları cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə onun iddiaçıya 52913,78 manat borcu qalmışdır.

22. Hazırda iddiaçı 19 mart 2021-ci il tarixli 137 nömrəli alqı-satqı müqaviləsi üzrə 52913,78 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

23. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alğı-satqı müqaviləsi olub iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

29. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 52913,78 manat pulun tutulması hissəsində əsaslıdır.

30. Məhkəmə cavabdeh tərəfin iddia tələbini qəbul etmədiyi 7998,84 manatla bağlı hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən idddiaçının hesabına 7998,84 manat məbləğində pulun köçürülməsi işin mübahisəsiz halıdır və həm iddiaçı, həm də cavabdeh tərəfindən izahatlarla təsdiq edilmişdir. Lakin həmin ödəniş edilmiş 7998,84 manat məbləğində pul müqaviləyə uyğun olmayaraq hüquqi şəxs tərəfindən ödənilmədiyi üçün iddiaçı tərəfindən nəzərə alınmamışdır. Buna baxmayaraq, iddiaçı tərəfin də etiraf etdiyi kimi ödənilmiş 7998,84 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə qaytarılacaqdır və bundan sonra cavabdeh tərəfindən yenidən adi qaydada bank hesabına köçürülmə yolu ilə ödəniş edilə bilər. Çünki tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndindən də görünür ki, ödəniş alıcı “X7” MMC tərəfindən köçürmə yolu ilə satıcı "xxxx" MMC-nin müqavilədə göstərilən hesabına ödənilməlidir.

Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

31. İddia ərizəsində iddiaçı 19 mart 2021-ci il tarixli 137 nömrəli müqavilə üzrə 41212,15 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Həm borclunun iqtisadi vəziyyətini, həm də kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən dəbbə pulu əsas borc məbləğinin beş faizi miqdarında hesablanmalıdır.

33. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 41212,15 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 2645,69 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

34. İddiaçı eləcə də dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

35. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********26 nömrəli mədaxil qəbzi ilə 446 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 256,70 manat pul cavabdеh “X7” MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 189,30 manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməlidir.

V. Məhkəmənin gəldiyi nəticə

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" MMC ilə cavabdeh “X7” MMC arasında bağlanmış 19 mart 2021-ci il tarixli 137 nömrəli müqavilə üzrə cavabdeh “X7” MMC-dən 52913,78 manat əsas borc, 2645,69 manat cərimə olmaqla, cəmi 55559,47 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

40. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 19 mart 2021-ci il tarixli 137 nömrəli müqavilə üzrə cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən 52913,78 manat əsas borc, 2645,69 manat cərimə olmaqla, cəmi 55559,47 (əlli beş min beş yüz əlli doqquz manat qırx yeddi qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 256,70 (iki yüz əlli altı manat yetmiş qəpik) manat pul cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 189,30 (bir yüz səksən doqquz manat otuz qəpik) manat hissəsi iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar