Məhkəmə qərarları › İş №e-2-2(115)-2299/2022

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2299/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2299/2022 23.12.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 54 522 manat 94 qəpik gecikdirilmiş əsas borc, 1000 manat dəbbə pulu, iddia ərizəsi məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 5450 manat məbləğin və mediasiya xərci üçün ödənilmiş 400 manat, ümumilikdə 61372 manat 94 qəpik məbləğində pulun tutularaq iddiaçı "ERTOK” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu müqaviləyə əsasən cavabdehə elektron qaimələrdə, aktlarda göstərilən mallar satılaraq təhvil verilmişdir. Lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada ödəmədiyindən cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 54 522,94 (əlli dörd min beş yüziyirmi ikimanat 94 qəpik) manat gecikdirilmiş əsas borcu yaranmışdır. İddiaçı MMC yuxarıda qeyd olunan məsələlər barədə Cavabdeh ASC-yə pretenziya məktubu göndərmiş və tələb etmişdir ki, 54 522,94 (əlli dörd min beş yüz iyirmi iki manat 94 qəpik) manat gecikdirilmiş əsas borc, hesablanacaq dəbbə pulu və son iki ilərzində indeksasiya üçün ümumiməbləğin 10% həcmində pulun 10 gün ərzində İddiaçı MMC-nin hesabına köçürəməsini, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, Cavabdeh ASC tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda elektron qaydada təkrar olaraq cavabdehə pretenziya ünvanlanmış, lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonuncu dəfə iddiaçı idda tələbinin həcminin azadılması barədə məhkəməyə ərizə verərək cavabdeh "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30436 manat 39 qəpik gecikdirilmiş əsas borc, 1000 manat dəbbə pulu, iddia ərizəsi məhkəməyə verilənədək son iki il üçün əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 3000 manat məbləğin və mediasiya xərci üçün ödənilmiş 400 manat, ümumilikdə 34836 manat 39 qəpik məbləğində pulun tutularaq iddiaçı "ERTOK” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən təqdim edilən sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iş məhkəməyə verildikdən sonra tərəflərindən mütəmadi olaraq ödənişlər edilmişdir. Sonuncu ödənişdən sonrakı əsas borcu qəbul edirlər. İddianın geri qalan hissəsinin rədd edilməsini xahiş etmişdir. İddiaçı MMC-yə və cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbində göstərilən əsas borc üzrə təmin olunmasını qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqısı müqaviləsindən görünür ki, tərəflər arasında əvvəlcədən razılaşdırılmış malları İddiaçı satmağı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş elektron qaimələrdən görünür ki, alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satıcı İddiaçı tərəfindən 67575 manat 21 qəpik məbləğində mal satılmışdır. İş materiallarına əlavə olunmuş qiymətlərin razılaşdırma protokullarından görünür ki, alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və satıcı İddiaçı arasında 67575 manat 21 qəpik məbləğində malın qiyməti razılaşdırılmışdır. İş materiallarına əlavə olunmuş malların təhvil-qəbul aktından görünür ki, alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 67575 manat 21 qəpik məbləğində mal təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti İddiaçı MMC-yə alqı-satqı müqaviləsindən irəli gələn 67575 manat 21 qəpik məbləğində mal almış, lakin borcunu tam ödəməyərək, 30436 manat 39 qəpik məbləğində öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. 14 oktyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı MMC-nin nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə ödənilməli olan 181 manat 31 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30436 manat 39 qəpik əsas borc və ödənilmiş 400 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalı, ödənilməli olan 181 manat 31 qəpik dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən nəzərə almamışdır ki, müqavilədə dəbbə pulunun tutulması müəyyənləşdirilməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin dəbbə pulunun tutulması hissəsi təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı zərərin ödənilməsi ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən, iddia tələbi əldən çıxmış fayda hissəsində təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30436 manat 39 qəpik əsas borc və ödənilmiş 400 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 181 manat 31 qəpik dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar