Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-232/2021 06.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iqtisadi işə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx KFT”nin 30 aprel 2011-ci il tarixli 01 saylı protokolunun etibarsız hesab edilməsi və həmin protokol əsasında verilmiş hüquqi sənədlərin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1997-ci il tarixli 435 saylı sərəncamı ilə “xxxx” KFT-yə 20 hektar pay torpaq sahəsi ayrılmışdır, iddiaçılar həmin təsərrüfatı üç ailə olaraq yaratmışlar, Ələmşah rəhmətə getdikdən sonra oğlu Hikmət gələrək həmin təsərrüfatda MMC yaratdığını bildirmiş və protokol tərtib etdiyini bildirərək iddiaçılara imza etdirmişdir. İddiaçıların inamı olduğundan heç bir iclas keçirilmədən protokola imza etmişlər, bir müddət sonra imza edilməklə təsərrüfatın parçalanmasına və ləğv edilməsinə səbəb olduğunu bilmişlər, hazırda həmin təsərrüfatı qanuna uyğun fəaliyyət göstərə bilməmiş, MMC olduğu üçün Hikmət onu özü imza etməklə idarə etmişdir. İddiaçılar İddiaçı3 izahatında bildirdi ki protokol Cavabdeh2 tərəfindən aldadılma yolu ilə tərtib edilmişdir. İddiaçı İddiaçı2 məhkəmə iclasında bildirmişdir ki, protokolda onun sədrliyi yazılmışdır. Halbuki o, 8 illik natamam orta təhsil almış, yeni əlifba ilə yazmağı bacarmır.Protokolda yazılanlar onun sözləri deyildir. Cavabdeh2 onun savadsızlığından istifadə edilərək protokola imza etdirmişdir. Cavabdeh2 izahat verərək bildirmişdir ki, “xxxx” KFT atası Məmmədov Ələmşah tərəfindən yaradılmışdır. Atası vəfat etdikdən sonra özü və anası Cavabdeh1 varis olaraq həmin təsərrüfata daxil olmuş və pay sahibi olmuşlar. İclas protokolu Bərdə şəhərində tərtib edilmiş və imzalanmışdır. Vergi orqanı protokolun notarial qaydada təsdiq olunmasını məsləhət bildiyindən notarius tərəfindən təsdiq edilmişdir. Burada heç bir qanunsuzluğa yol verilməmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə üçüncü şəxs qismində prosesə cəlb edilmiş Bərdə rayon Notariat kontoru iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbini iqtisadi iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxx” KFT MMC-nin nizamnaməsində nizamnamə kapitalının 40 manat olduğu, hər biri 1 manat olmaqla 40 pay olduğu, bundan 36 payın Cavabdeh1. 2 payın Cavabdeh2, 1 payın İddiaçı1. 1 payın İddiaçı2 məxsus olması qeyd edilmişdir. “Torpaqdan daimi istifadə hüququna dair” JN 147, KOD 61000001 nömrəli dövlət aktının surətindən görünür ki, “xxxx” KFT-yə Bərdə rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1997-ci il tarixli, 435 nömrəli sərəncamı ilə 20 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. İşin hallarından göründüyü kimi “xxxx” tam ortaqlı X2 19 iyun 1990-cı ildə yaradılmışdır. Təsərrüfatın başçısı X1 olmuşdur. İddiaçı3 və İddiaçı2 həmin hüquqi şəxsin təsisçiləri olmuşlar. 30 aprel 2011-ci il tarixli, 01 nömrəli “xxxx” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının protokolunda Cavabdeh1 və Cavabdeh2 “xxxx” KFT-yə bərabər hüquqlu təsisçi kimi qəbul edilməsi, “xxxx” şərikli kəndli təsərrüfatının “xxxx” MMC-yə çevrilməsi və onun nizamnaməsinin təsdiq olunması, Cəmiyyətinin nizamnamə kapitalının 40 manat olduğu, hər biri 1 manat olmaqla 40 pay olduğu, bundan 36 payın Cavabdeh1. 2 payın Cavabdeh2, 1 payın İddiaçı1. 1 payın İddiaçı2 məxsus olması, Cavabdeh2 Cəmiyyətin direktoru seçilməsi və ona Cəmiyyətin yenidən təşkili ilə bağlı təşkilatı məsələləri həll edilməsi, nizamnamənin vergi orqanında dövlət qeydiyyatına alınmasını təmin etməsi qərara alınmışdır. Göründüyü kimi hazırki iş üzrə etibarsızlığı mübahisələndirilən protokolda təşkilati məsələlərlə yanaşı əmlak məsələləri ilə bağlı razılaşma olduğundan əqd xarakterinini də daşıyır. Ona görə də əqdin etibarsızlığına aid maddia hüquq normaları hazırkı mübahisəyə tətbiq oluna bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə qeyd edir ki, bir hüquqi şəxs digərinə çevrilərkən onun ancaq təşkilathüquqi forması dəyişməlidir. Hüquqi şəxsin təsisçılərinin əmlak məsələlərində hər hansı dəyişiklik baş verməməlidir. Bu çevrilmə onların əmlak vəziyyətinin pisləşməsinə səbəb olmamalıdır. Hazırkı protokolun məzmunundan göründüyü hüquqi şəxsin nizamnamə kapitalındakı paylar Cavabdeh1a münasibətdə 36 manat (90%) İddiaçı2 münasibətdə 1 manat (2.5% ) təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iclas protokolu iclasda iştirak edən şəxslər tərəfindən səsləndirilən çıxışları təzahür etdirən və orada şifahi elan edilən qərarı yazılı qaydada rəsmiləşdirən və bununla da hüquqi nəticə yaradan sənəddir. Hazırkı protokolda göstərilən iclasın hansı binada, hansı şəraidə, hansı saatlarda keçirilməsi, protokolun kim tərəfindən yazılması məlum deyildir. Keçirilməyən iclas haqda tərtib edilmiş ptotokol imzalanmış olsa da belə etibarsızdır və o, heç bir hüquqi əhəmiyyət daşımır. Protokolda İddiaçı2 iclasa sədrlik etməsi, onun çıxışları göstərilmişdir. Məhkəmə dinləmələri nəticəsində aydın olur ki, protokolda həmin şəxsin çıxışları kimi göstərilənlər, xüsusən də ikinci məsələ üzrə çıxışında yazılanlar onun ifadə tərzinə uyğun deyildir. Belə bir hal da mövcuddur ki, protokol 30 aprel 2011-ci il tarixdə tərtib olunduğu halda 31 may 2011-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir. Protokolun 30 aprel tarixində imzalanmışdırsa və 31 may tarixində təsdiq deməsi onun notariusun iştirakı ilə imzalanmamasını göstərir. 30 aprel tarixində tərtib olunub 31 may tarixində imzalanmış olduğu halda isə notariusun qeydi ilə sənədin tarixi arasında uyğunsuzluq yaranmış olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməklə “xxxx” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 30 aprel 2011-ci il tarixli 01 saylı protokolu etibarsız hesab edilməlidir. İddia tələbinin ikinci hissəsində ləğv edilməli sənədlərin adı, onların verilməsində cavabdehlik daşıyan şəxslər göstərilmədiyindən tələbin həmin hissəsi təmin edilməməlidir. Respublikası mülki Məcəlləsinin: 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma bu hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir, şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. “xxxx” şərikli (tam ortaqlı) kəndli (fermer) təsərrüfatı təsisçilərinin ümumi yığıncağının 30 aprel 2011-ci il tarixli 01 saylı protokolu etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-232/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-232/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver