Məhkəmə qərarları › İş №e-2-2(115)-2339/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2339/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2339/2024 20.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi, malın dəyərinin ödənilməsi, üzləşmə aktı) Hakim Məmmədli Əbülfəz Namiq oğlu İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3322,73 (üç min üç yüz iyirmi iki manat yetmiş üç qəpik) manat əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 52,23 (əlli iki manat iyirmi üç qəpik) pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21535 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2017-ci il tarixli, 7E- 824 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 7E-1246 reystr nömrəli etibarnamələrlə Cavabdeh bütün növ əqdləri və sənədləri imza etmək səlahiyyətini X3 etibar etmişdir. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə cəmiyyətə 3322,73 (üç min üç yüz iyirmi iki manat yetmiş üç qəpik) manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş maliyyə arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli, 21535 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə olan qalıq borcu 3322,73 (üç min üç yüz iyirmi iki manat yetmiş üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

3. Məhkəmə tərəfindən cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Sübutların tədqiqi

5. İddiaçı MMC ilə cavabdehin nümayəndəsi X5 (Cavabdeh adından etibarnamə əsasında səlahiyyətli nümayəndə) arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli 21535 saylı alğı-satqı müqaviləsindən görünür ki, alıcı X1 İddiaçı MMC-nin təqdim etdiyi müxtəlif çeşiddə və adda məhsulları vaxtaşırı satıcıdan sifariş etməyi, satıcı isə malları alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və miqdarda və assortimenttə alıcıya təhvil verməyi, alıcı isə sifarişə uyğun çatdırılmış malları təhvil alacağına və malların dəyərini satıcıya müqavilədə göstərilən qaydada ödəyəcəyini öhdəsinə götürmüşdür (2.1). Müqaviləyə əsasən alıca təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz (8.1).

6. 02 fevral 2017-ci il tarixli, 7E-824 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh istənilən müəssisə, idarə və təşkilatlarda işlərini aparmağı, adından ərizə yazmağı, sənədlərə imza etməyi, sənədlər təqdim edib almağı xx.xx.2020-ci il tarixinədək qardaşı X3 etibar etmişdir.

7. Malların təhvil-qəbul aktlarından görünür ki, 15 sentyabr 2021-ci il tarixli akta əsasən (qaimə-faktura nömrəsi **********20, elektron qaimə-faktura nömrəsi ********) ƏDV daxil cəmi 964,61 manat dəyərində mal, 30 iyun 2021-ci il tarixli akta əsasən (qaiməfaktura nömrəsi **********917, elektron qaimə-faktura nömrəsi ********) ƏDV daxil cəmi 1195,69 manat dəyərində mal, 06 noyabr 2021-ci il tarixli akta əsasən (qaimə-faktura nömrəsi **********990, elektron qaimə-faktura nömrəsi ********) ƏDV daxil cəmi 445,96 manat və 06 noyabr 2021-ci il tarixli akta əsasən (qaimə-faktura nömrəsi **********992, elektron qaimə-faktura nömrəsi ********) ƏDV daxil cəmi 965,32 manat dəyərində mallar İddiaçı MMC tərəfindən X2 təhvil verilmiş, sonuncu tərəfindən isə akta imza edilərək təhvil alınmışdır.

8. xx.xx.2021-ci il tarixli EBBO seriyalı 441543 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 406,13 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 441540 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 465,12 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 776405 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 300,88 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 453681 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 394,68 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 206082 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 965,33 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 322282 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 477,44 manat dəyərində mal, xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 322285 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 510,54 manat dəyərində mal və xx.xx.2021-ci il tarixli EBBJ seriyalı 322260 nömrəli elektron qaimə-fakturaya əsasən ƏDV daxil cəmi 500,62 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh təqdim edilmişdir.

9. İddiaçı MMC tərəfindən nümayəndələr E.Ağayev, E.Məmmədov və V.Rəsulov, müştəri tərəfindən isə R.Nağıyevin imzaları ilə təsdiq edilmiş 10 dekabr 2021-ci il tarixli 455925 nömrəli üzləşmə aktından görünür ki, X4 İddiaçı MMC-yə 7947,9 manat borcun qaldığını etiraf etmişdir.

10. Maliyyə arayışından görünür ki, 14 yanvar 2020-ci il tarixli 21535 saylı alğı-satqı müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı MMC-nə qalıq borcu 3322,73 manat təşkil edir.

III. Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

IV. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. V. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh (onun adından çıxış edən səlahiyyətli nümayəndəsi vasitəsilə) arasında 14 yanvar 2020-ci il tarixli 21535 saylı malların alğı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, malların təhvil-qəbul aktlarına və elektron qaimə-fakturalara əsasən mallar İddiaçı MMC tərəfindən Cavabdeh təqdim edilmişdir. 10 dekabr 2021-ci il tarixli 455925 nömrəli üzləşmə aktından görünür ki, İddiaçı MMC-yə olan qalıq borc 7947,9 manat, maliyyə arayışına əsasən isə xx.xx.2024-cü il tarixinə 3322,73 manat təşkil edir.

16. İddiaçı 14 yanvar 2020-ci il tarixli 21535 saylı malların alğı-satqısı müqaviləsi üzrə 3322,73 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub (müqavilənin 8.1-ci bəndinə əsasən, malların təhvil-təslim edilməsindən sonra 14 gün ərzində ödənilməsinin şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

20. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

23. İddiaçı eləcə də 52,23 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

24. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 52,23 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,23 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

VI. Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3322,73 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

29. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-6 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 3322,73 (üç min üç yüz iyirmi iki manat yetmiş üç qəpik) manat pul tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,23 (əlli iki manat iyirmi üç qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar