Məhkəmə qərarları › İş №e-2-2(115)-2344/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2344/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2344/2025 07.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alğı-satqı müqaviləsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçı”nın xeyrinə 4563,46 manat məbləğində borcun, 450,00 manat cərimənin, 70,14 manat məbləğində dövlət rüsumunun, cəmi 5083,60 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixli 05/24-04 saylı alğısatqı müqaviləsinəəsasən Bərdə rayonu, Məmmədli kəndi ərazisində 6,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 11454,50 manat məbləğində vəsaiti (işvə xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 132,00 manat məbləğində çöp doğrama, 335,00 manat məbləğindəşum, 156,00 manat məbləğində rotasion mala, 240,00 manat məbləğində mala, 35,00 manat məbləğində kanal çəkmə, 558,00 manat məbləğində kultivasiya, 200,00 manat məbləğində rotasion kultivasiya, 392,00 manat məbləğində dərman səpini, 1230,00 manat məbləğində pambığın maşınla yığımı, 4527,50 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2794,00 manat məbləğində dərman və gübrə, 795,00 manat məbləğində toxumluq çiyid, 60,00 manat məbləğindəyanacaq xərci, ümumilikdə, 11454,50 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 7406,31kq, 5891,04 manat məbləğində xam-pambıq təhvil vermiş, 1000,00 manat məbləğində nəödəmə nəzərə alınmaqla, çəkilmiş xərcdən iddiaçıya 4563,46 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına badxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən satıcının istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikaları ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini “Alıcı”ya ödəmək üçün, yetişdirdiyi yüksək keyfiyyətli xam pambığın son məhsulunadək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş, “Xam pambığın yığıımasıvətədarükünə dair” Təlimatın tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixədək “Alıcı”ya təhvil verir. Təhvil verilən xam pambığın dəyəri “Alıcı”dan alınan avans məbləğinin dəyərindən az olarasa, o zaman “Alıcı”ya həmin yaranan borcu ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini , mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdətam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1%həcmində, 10%artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Cavabdeh borcun ödənilməsiilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətin mənafeyinə zərərvurmuş, bununla da onun barəsində müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 450,00 manat məbləğində cərimə tətbiq edilməlidir.

III. Tərəflərin mövqeyi

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

IV. Sübutların tədqiqi

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 05/24- 04 nömrəli xam pambığın alğı-satqısına dair müqavilədən görünür ki, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Məmmədli kəndində yerləşən 6 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur.

6. 04 avqust 2023-cü il tarixli “Qiymətlərin razılaşdırma protokolundan” görünür ki, satıcı və alıcı veriləcək malların və göstəriləcək iş və xidmətlərin qiymətini əvvəlcədən razılaşmışlar.

7. Aktlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 6 ha, xx.xx.2024-cü il tarixdə 3 ha, xx.xx.2024-cü il tarixdə 1,50 ha, xx.xx.2024-cü il tarixdə 0,80 ha, xx.xx.2024-cü il tarixdə 0,70 ha, xx.xx.2024-cü il tarixdə 0,70 ha, 16.05.204-cü il tarixdə 6 ha, xx.xx.2024-cü il tarixdə 6 ha, xx.xx.2024-cü il tarixdə 6 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 1 ha, xx.xx.2024-cü il tarixdə 1 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2 ha, xx.xx.2024-cü il tarixdə 2 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 5 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024cü il tarixdə 1,25 ha, xx.xx.2024-cü il tarixdə 1,25 ha, xx.xx.2024-cü il tarixdə 1,25 ha, xx.xx.2024-cü il tarixdə 1,25 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 5 ha, xx.xx.2024-cü il tarixdə 5 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 5 ha, xx.xx.2024-cü il tarixdə 2 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 5 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024-cü il tarixdə 2,50 ha, xx.xx.2024cü il tarixdə 1 ha, xx.xx.2024-cü il tarixdə 1 ha, xx.xx.2024-cü il tarixdə 2 ha torpaq sahəsinə müxtəlif işlər görülməsi barədə İddiaçı MMC-nin əməkdaşları və fermer Cavabdeh tərəfindən akta imza edilməklə təsdiq edilmişdir.

8. 18 sentyabr 2024 il tarixli, PAM00038209 nömrəli ödəniş tapşırığı əsasən 549 manat, 15 avqust 2024-cü il tarixli, PAM00036919 nömrəli ödəniş tapşırığı əsasən 366,60 manat, 10 iyun 2024-cü il tarixli, PAM00030396 nömrəli ödəniş tapşırığı əsasən 611 manat məbləğində pul İddiaçı MMC-nin bank hesabından Cavabdeh hesabına köçürülmüşdür.

9. 10.05.2024-cü il tarixli 085513 nömrəli təhvil-qəbul qəbzinə əsasən 795 manat, xx.xx.2024-cü il tarixli 113450 nömrəli təhvil-qəbul qəbzinə əsasən 168 manat, xx.xx.2024cü il tarixli 113328 nömrəli təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 210 manat, xx.xx.2024-cü il tarixli 113221 nömrəli təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 182 manat, xx.xx.2024-cü il tarixli 102399 nömrəli təhvil-qəbul qəbzinə əsasən 28 manat, xx.xx.2024cü il tarixli 113685 nömrəli təhvil-qəbul qəbzinə əsasən 120 manat, xx.xx.2024-cü il tarixli 102092 nömrəli təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 162 manat, xx.xx.2024-cü il tarixli 101918 nömrəli təhvil-qəbul qəbzinə əsasən 84 manat, xx.xx.2024-cü il tarixli 102475 nömrəli təhvil-qəbul qəbzinə əsasən 84 manat, xx.xx.2024-cü il tarixli 101616 nömrəli təhvil-qəbul qəbzinə əsasən 560 manat, xx.xx.2024-cü il tarixli 113523 nömrəli təhvil-qəbul qəbzinə əsasən 168 manat, xx.xx.2024-cü il tarixli 102361 nömrəli təhvil-qəbul qəbzinə əsasən ümumilikdə 124 manat, xx.xx.2024-cü il tarixli 086016 nömrəli təhvil-qəbul qəbzinə əsasən 100 manat, xx.xx.2024-cü il tarixli 085355 nömrəli təhvil-qəbul qəbzinə əsasən 120 manat, xx.xx.2024-cü il tarixli 085231 nömrəli təhvil-qəbul qəbzinə əsasən 120 manat, xx.xx.2024-cü il tarixli 085414 nömrəli təhvil-qəbul qəbzinə əsasən 120 manat, xx.xx.2024cü il tarixli 085551 nömrəli təhvil-qəbul qəbzinə əsasən 120 manat, xx.xx.2024-cü il tarixli 085915 nömrəli təhvil-qəbul qəbzinə əsasən 240 manat, xx.xx.2024-cü il tarixli 085461 nömrəli təhvil-qəbul qəbzinə əsasən 795 xx.xx.2024-cü il tarixli 113234 nömrəli təhvilqəbul qəbzinə əsasən 60 manat dəyərində İddiaçı MMC tərəfindən Cavabdeh mallar təhvil vermişdir.

10. 10.05.2024-cü il tarixli 34 nömrəli malların geri qaytarılması barədə qəbzdən görünür ki, ümumilikdə 795 manat məbləğində mal Cavabdeh tərəfindən İddiaçı MMC-yə geri qaytarılmışdır.

11. 06 yanvar 2025-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 11454,50 manat dəyərində xərc çəkilmiş, həmin məbləğdən 6891,04 manat təhvil verilmiş xam-pambığın dəyəri və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya çıxılmış və 4563,46 manat borc yaranmışdır.

12. 25.07.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Maddə 598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 447. İkitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

16. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarı

Məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı

Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.

VI. Məhkəmənin mövqeyi

a) Alğı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 05/24-04 nömrəli müqavilədən görünür ki, İddiaçı MMC-nin Bərdə filialı tərəfindən Bərdə rayonu, Məmmədli kəndində yerləşən 6 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, fermer tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində filiala təhvil verilməsi və filial tərəfindən fermerin borcları çıxılmaq şərti ilə məhsulun nəmliliyi, zibilliliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi müəyyən olunmuşdur. İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirməmiş və bunun nəticəsində cavabdehin iddiaçıya 4563,46 manat borcu yaranmışdır.

22. Hazırda iddiaçı 04 avqust 2023-cü il tarixli 05/24-04 nömrəli xam-pambığın alğısatqı müqaviləsi üzrə 4563,46 manat məbləğində qalıq borcun ödənilməsini tələb edir.

23. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

24. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alğı-satqı müqaviləsi olub, iddiaçının tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

26. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 11454,50 manat dəyərində cavabdehə işlər görülmüş, xidmətlər göstərilmiş, avans verilmiş, həmin məbləğdən 6891,04 manat təhvil verilmiş xam-pambığın dəyəri çıxılmış və 4563,46 manat borc yaranmışdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

30. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.

31. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

33. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

34. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

b) Alğı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

35. İddia ərizəsində iddiaçı 04 avqust 2023-cü il tarixli 05/24-04 nömrəli müqavilə üzrə 450 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

36. Qeyd olunan müqavilənin 2.2.3-cü bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i həcmində, 10%-dən artıq olmamaq şərtilə, cərimə ödəməlidir.

37. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 450 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulunun (penya) azaldılaraq 228,17 manat həddində (əsas borcun 5%-i həddində) müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı eləcə də 70,14 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

39. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 70,14 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,92 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 2,22 manat hissəsi isə İddiaçı MMC-nin özünə aid edilməlidir.

VII. Məhkəmənin gəldiyi nəticə

43. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 05/24-04 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 4563,46 manat əsas borc, 228,17 manat cərimə borcu olmaqla, cəmi 4791,63 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

44. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli 05/24-04 nömrəli “xam pambığın alğı-satqı müqaviləsi”nə əsasən 4563,46 manat əsas borc, 228,17 manat cərimə borcu olmaqla, cəmi 4791,63 (dörd min yeddi yüz doxsan bir manat altmış üç qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,92 (altmış yeddi manat doxsan iki qəpik) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 2,22 (iki manat iyirmi iki qəpik) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Əbülfəz Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar