Məhkəmə qərarları › İş №e-2-2(115)-241/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-241/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-241/2021 15.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 3588 manat 36 qəpik məbləğində əsas borcun, 7673 manat 58 qəpik məbləğində cərimə borcunun, 30 manat dövlət rüsumunun, cəmisi 11.291 manat 94 qəpik məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X6 arasında xx xxxxxx 2017-ci il tarixli № GC-015 saylı birgə fəaliyyət və məhsulun alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Z.Səfərova özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu Muzdurlar kəndində 29 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan və kənd təsərrüfatı sahəsində ona göstərilən iş və xidmətlərdən istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib becərmək və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş qiymətə müəssisəyə, yəni İddiaçı MMC-yə satmağı, müəssisə isə məhsulu qəbul etməyi və qiymətini fermerə ödəməyi öz öhdəsinə götürür. İddiaçı MMC öz öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh Z.Səfərova müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Maliyyə arayışından göründüyü kimi, cavabdeh X3 № GC-015 saylı müqavilə üzrə xx.xx.2019-cu il tarixə 3588,36 (üç min beş yüz səksən səkkiz manat otuz altı qəpik) manat məbləğində əsas borcu, 7673,58 (yeddi min altı yüz yetmiş üç manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 11.261, 94 (on bir min iki yüz altmış bir manat, doxsan dörd qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı MMC tərəfindən cavabdeh Z.Səfərovaya edilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlığa (pretenziya məktubuna) baxmayaraq, cavabdeh bugünədək heç bir ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. İddiaçı müqavilədə nəzərdə tutulmuş xammalı fermerə, yəni cavabdehə versə də, cavabdeh həmin xammaldan istifadə nəticəsində razılaşdırılmış pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu ünvanlansa da, cavabdeh müraciətlərə cavab verməmiş, ödəniş etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan üzləşdirmə aktı, qaimə fakturalar, maliyyə arayışı, cari hesab ekstresi, iş və xidmətlərin göstərilməsinə dair aktlarla təsdiq olunur. Maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edirlər ki, iddia tələbləri əsaslıdır və təmin olunmalıdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi əlavə olaraq bildirdi ki, 29 ha torpaq sahəsinin becərilməsi ilə bağlı xx xxxxxx 2017-ci ildə cavabdehlə müqavilə bağlanılmışdır. 15158,99 manat xərc çəkilmişdir. Müqavilə şərtlərinə görə cavabdeh onlara çəkilən xərcə uyğun pambıq verilməli idi. Onlar çəkdikləri xərcin ödənilməsini istəyirlər. Onlar 15158,99 manat məbləğində həm iş görmüş, həm də pul vermişlər. Cavabdeh 11570 manat ödəniş etmiş, qalan pul isə ödəməmişdir. 7 ha əkin sahəsinə səpilən toxumun bitib-bitməməsinə onlar cavabdeh deyillər. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, 29 ha torpaq sahəsi üzrə müqavilə bağlanılmışdır. Müqavilə onlara təqdim olunmamışdır. Cavabdeh özü əkin sahəsindən alaq otlarının təmizlənməsi üçün xərc çəkmişdir. İddiaçı tərəfindən verilmiş dərman keyfiyyətsiz olmuşdur. Səpindən sonra toxumun hamısı bitmədiyinə görə təkrar səpin olmuşdur. Cavabdehin müqavilədən əvvəlcədən məlumatı olsaydı bunları bilərdi. Cavabdehin torpağının sənədini girov saxlamışdılar. 29 hektar porpağın 7 hektarında səpilən toxum bitməmiş, ona görə də, yenidən toxum səpmişlər. Yenidən toxum səpilən zaman maşın verilməmişdir. Cavabdeh borcu o şərtlə qəbul edir ki, 7 ha sahəni borcdan çıxsınlar. Ona yenidən köməklik olunduğu təqdirdə, yetişdirəcəyi məhsuldan gəlir ədə edib borcunu ödəyə bilər. O, müəssisəyə müraciət edərək bildirmişdir ki, verdikləri dərman və toxum keyfiyyətsiz olmuş, ona görə də məhsul bitməmişdir. 7 ha sahəyə baxan zaman aqronomlar da demişlər ki, bu torpaqdan məhsul gözlənilmir. Maliyyə arayışında sarı xətlərlə işarə edilənlən nəğd verilmiş pullardır. İddianın qismən qəbul edərək, 1700-1800 manat hissəsində təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X6 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, GC-015 nömrəli müqavilədən görünür ki, müqavilə ilə cavabdeh X6 istehsalçı olaraq özünə məxsus olan və ya icarəyə götürdüyü Goranboy rayonu, Muzdurlar kəndində yerləşən 29 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müəssisəyə məxsus texnika ilə kimyəvi preparatlar və toxum kimi təminatlardan istifadə edərək yüksək məhsuldarlıqlı pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilədə müəyyən edilmiş qiymətə İddiaçı MMC-yə satmağı, iddiaçı isə məhsulu qəbul etməyi və qiymətini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixinə cavabdeh X6məm 3588 manat 36 qəpik əsas borcu və 7673 manat 58 qəpik cərimə borcunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh X6 pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3588 manat 36 qəpik əsas borc, 10 manat cərimə borcu, cəmi 3598 manat 36 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edirki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3588 manat 36 qəpik əsas borc, 10 manat cərimə borcu, cəmi 3598 manat 36 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar