Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-241/2024 01.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1607 manat 14 qəpik, hesablanmış cərimə borcuna görə 321 manat 42 qəpik və ödənilmiş mediasiya rüsumuna görə 70 manat olmaqla cəmi 1998 manat 56 qəpik pulun cavabdehdən alınaraq “X2 Kompleksi” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-241/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, alıcı qismində ( iddiaçı) “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Emalı Zavodu” filialı və fermer (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 500 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 12.00 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 12954,60 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 500 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə, cavabdehin iddiaçıya 1607 manat 14 qəpik borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda, yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 321 manat 42 qəpikt əşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-03972 reyestr nömrəli mediasiya arayışından görünür ki, mediasiya mərhələsində cavabdehlə barışıq əldə etmək mümkün olmamışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı ilə müqavilə bağladıqdan sonra pambıq əkib, becərmişdir. Müqavilə şərtlərinə uyğun olaraq pambıq sahəsinin su ilə təmin edilməsini iddiaçı üzərinə götürmüşdür. Lakin torpaq sahəsi su ilə normal təmin edilmədiyindən, məhsuldarlıq yaxşı olmamışdır. Buna baxmayaraq 19.870 kiloqram məhsul təhvil vermişdir. Bunun müqabilində hər kiloqrama görə onlara 0,10 manat Cəmiyyət tərəfindən subsidiya verilməli idi ki, iddiaçı təşkilat həmin pulu onlara verməmişdir. Bu barədə dəfələrlə “X2 Kompleksi” MMC-yə müraciətlər etsələr də, onlarla sözdə razılaşılmışdır. Ancaq onlara çatası pulu vermək əvəzinə ona qarşı qərəzli iddia qaldırılmışdır. Hətta üzləşmə aktı ilə hər kq pambıq üçün 10 qəpik verməli olduqlarını təsdiq etsələr də, yekunda həmin məbləği verməmiş və ondan 1998 manat 56 qəpik pul tələb edilmişdir. Hansı ki, subsidiyanın məbləği iddia tələbindən 17 manat artıq təşkil edir. İddiaçının nümayəndəsi X1 məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin etirazının heç bir əsası yoxdur. Belə ki, etirazında qeyd etdiyi subsidiyanın verilməsi onların səlahiyyətinə aid deyil. Cavabdeh bu barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməlidi idi. Üzləşmə aktında cavabdehin imzası var. Maliyyə arayışında qeyd edilən məbləğdə cavabdehə avans verilmişdir. Cərimə borcunun tutulması müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuşdur. 1607 manatın 20 faizini tələb edirlər. Müqavilədə su təchizatı ilə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Cavabdehin, həmçinin bu barədə də aidiyyəti qaydada müraciəti olmalı idi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 500 saylı alıcı qismində “X2 Kompleksi” MMC, tədarükçü qismində “X2 Kompleksi” MMC-nin “X3 və Tədarük Məntəqəsi” filialı və fermer Cavabdeh arasında bağlanmış 2021-ci il mövsümü üzrə xampambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh öhdəsində olan 12.00 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, fermer Cavabdeh üzləşmə aktını imzalayaraq, 1607 manat 14 qəpik borcunun olduğunu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında xampambığın alqı-satqısı müqaviləsi üzrə Cavabdeh iddiaçı “X2 Kompleksi” MMC-yə 1607 manat 14 qəpik məbləğində borcunun olması qeyd edilmişdir. Pretenziya məktubundan görünür ki, “X2 Kompleksi” MMC cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi hər iki tərəf mediasiya sessiyasında iştirak etmişdir. “X2 Kompleksi” MMC-nin nümayəndəsi mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 36 manat 57 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmasına dair iddiaçı qarşısında öhdəlik götürmüş, bu məqsədlə iddiaçıdan avans almış, lakin öhdəliklərini tam yerinə yetirməmiş və iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Cavabdeh etirazında ərazidə su qıtlığının yaranması səbəbindən, pambığa ciddi ziyan dəyməsini bildirsə də, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndində qeyd edildiyi kimi pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətdə və keyfiyyətdə həyata keçirilməsini fermer təmin edir, həmçinin həmin müqavilənin 2.1.12-ci bəndində pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətini fermer üzərinə götürmüşdür. Həmçinin cavabdeh etirazında hər kiloqrama görə ona 0,10 manat məbləğində iddiaçı tərəfindən subsidiya verilməli olduğunu bildirsə də, subsidiya verilməsi iddiaçı təşkilatın yox, müvafiq dövlət orqanın səlahiyyətindədir və müqavilədə bu barədə heç bir şərt qeyd olunmamışdır. Həmin Müqavilənin 2.2.2-ci bəndində pambıq sahəsində görülən işlərə nəzarət edilməsi alıcının deyil, müqavilənin 3-cü tərəfi olan tədarükçünün öhəliklərinə aid edilmişdir. Məhkəmə hesab edir ki, su qıtlığı və subsidiya verilməməsi nəticəsində cavabdehə vurulmuş zərərlə əlaqədar iddiaçı təqsirli olmadığından, cavabdeh ona zərər vurmuş şəxs və ya şəxslərə qarşı müvafiq tələblə məhkəmə müdafiəsindən istifadə edə bilər. Ona görə də, cavabdehin iddia tələbinə etirazı əsassız sayılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1607 manat 14 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1657 manat 14 qəpik məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərci Cavabdeh iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilməli olan 36 manat 57 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1607 manat 14 qəpik əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1657 manat 14 qəpik məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərci Cavabdeh iddiaçı “X2 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilməli olan 36 manat 57 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-241/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-241/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver