Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-241/2025 08.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33503 manat miqdarında borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkar fiziki şəxs Cavabdeh ilə 13 may 2022-cü il tarixdə spirtli içkilərin alışı və satışı ilə bağlı J-AS/015/22 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən “Alıcı” məhsulu (spirtli içkiləri) qəbul edib və 30 (otuz) bank günündən gec olmayaraq məhsulların dəyərini İddiaçı bank hesabına ödəməyi öhdəlik götürmüşdür. Müqavilənin 3.2.5-ci bəndinə əsasən “Satıcı” tərəfindən təqdim olunan hesab faktura və qaimə fakturanı (o cümlədən digər maliyyə ödəniş sənədlərini) imzalamaq və müəyyən edilmiş müddətdə icra etmək, müqavilənin 3.2.6-cı bəndinə əsasən məhsulun qiymətini, bu müqavilənin 2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək vəzifələrini icra etməmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalara əsasən bu tarixlər xx.xx.2022 – xx.xx.2023 üzrə “Alıcı” tərəfindən alınan məhsulların ümumi dəyəri 135 249,45 (ƏDV-ilə) (yüz otuz beş min iki yüz qırx döqquz manat, qırx beş qəpik) manat təşkil etmişdir. Cavabdeh məbləğin xeyli hissəsini iddiaçıya məxsus bank hesablarına köçürmüşdür. Cavabdeh tərəfindən ödənilən məbləğ 101746.45 (ƏDV-ilə) (yüz bir min yeddi yüz qırx altı manat, qırx beş qəpik) manat təşkil edir. Cavabdehin bu günkü tarixə İddiaçınə 33503 (otuz üç min beş yüz üç) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, malların geri qaytarılması ilə bağlı məsələni araşdırmış və məlum olmuşdur ki, cəmiyyətə heç bir mal geri qaytarılmamışdır. Şirkətdə həmin dövrdə bir neçə mühasib işləyib. İşçilərin səhlənkarlığı ucbatında kassaya ödənilən ödənişlərlə bağlı sistemə lazımi qaydada əlavələr edilməmişdir. Cavabdeh tərəfindən müxtəlif kart hesablarına göndərilmiş 10000 manat və 5000 manat nağd şəkildə Şirkətin baş mühasibi Əli Əsədov tərəfindən kassaya keçirilmişdir. Cavabdeh tərəfindən Elvin Poladov adına olan karta göndərdiyi 4950 manat məbləğində pulla bağlı bildirmək istəyirlər ki, həmin pul məbləği cavabdeh tərəfindən həqiqətən Şirkətə göndərilib. Lakin sonradan həmin məbləğ cavabdehə geri qaytarılıb. Cavabdeh aldığı malları qaytardığı üçün həmin məbləğ də ona geri qaytarılıb. Kazımov Həsən adlı şəxsi tanımır. Bundan başqa qarşı tərəf 1-ci iclasda 16000 manat məbləğində borcu etiraf etmişdir. Qarşı tərəfin mallarını da istəmirlər, anbarda yetəri qədər mal var. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, Əli adlı şəxs zəng edərək, ödənişləri etdiyini deyirmiş. Bəzi ödənişlər nağd şəkildə olurdu. Sonra ona məlum olmuşdur ki, ödənişləri artıqlaması ilə etmişdir. 15000 manat məbləğində borcu olduğunu demişdilər, amma sonradan 33000 manat borcunun olduğunu demişlər. 15000 manat məbləğində pulu nağd qaydada vermişdir. 7000 manat isə karta atmışdır. Bundan başqa 30000 manat dəyərində elekton qaiməni geri qaytarmışdır. Qaimələr təhvil-qəbul aktlarının əsasında tərtib olunur. O, isə bütün qaimələri təhvil vermişdir. Kartı Əli adlı işçiləri göndərib, digər kartı isə İddiaçı MMC-nin müdiri özü göndərib. Geri qaytardığı malların dəyəri 22000 manat civarındadır. Həsən Kazımov adlı işçi vasitəsilə 3500 manat məbləğində mal geri qaytarmışdır. Kazımov Həsən ilə telefon vasitəsilə əlaqə saxlamışdır. Elvinlə Murtuz adlı şəxs oktyabr-noyabr aylarında gəlmişlər ki, malları götürsünlər. 20000 manatlıq mallar idi. Odur ki, iddia tələbini qəbul etmir. Şahid2 xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə iclaslarında ifadəsində bildirmişdir ki, 2005-ci ildən 2022-ci ilə qədər şirkətdə bölgə müdiri işləmişdir. Ərazidə işlədiyi obyektlərə depozit verirmişlər. Elnura depozitlə birlikdə müştərilər də vermişlər. Ərazi Elnura təhvil verildikdən sonra müştərilərdən qalan depozitin pullarını Elnur şirkətə ödəmişdir. Elnur tərəfindən təxminən 13000 manat civarında ödəniş edilib. Şirkətin müdirinin qohumu olan Carçıyev Elvin ona zəng edərək şirkətə 10000 manat pul lazım olduğunu bildirmişdir. Eyni zamanda bildirmişdir ki, hal-hazırda kampaniya var. Belə ki, 10000 ödəniş olunsa 10500 manat borcdan silinəcəkdir. O, isə bu barədə Elnura demişdir. Elnur ona 6000 ABŞ dolları pul vermişdir. O, isə həmin 6000 ABŞ dollarını Carçıyev Elvinə vermişdir. O, 6000 ABŞ dolları tərəflər arasında müqavilə bağlandıqdan sonra verilmişdir. Bəli, Şahid3 tanıyır. Ona demişlər ki, 10000 manat pul lazımdır. O, da “Murad” marketin yanında Elnurdan 6000 ABŞ dolları pulu alıb aparıb onlara vermişdir. O, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarındakı ərazilərə nəzarət edirmiş. Ərazidə satışı o, təşkil edirmiş. Vitrinə qoyduğu mallar toxunulmaz idi. Mallar satıldıqca yenisini gətirirmişlər. Sonra təhvil-təslim aktları ilə malları verirmişlər. İddiaçı, “Carçıoğlu” və digər şirkətlərlə çalışırmışlar. Ancaq spirtli içkilərin satışı ilə məşğul imişlər İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, bank köçürmələri, kassa mədaxil orderləri, elektron qaimə fakturalar, malların təhvil-qəbul aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 may 2022-cü il tarixli J-AS/015/22 nömrəli müqaviləyə əsasən satıcı malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edərək malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı” məhsulu (spirtli içkiləri) qəbul edib və 30 (otuz) bank günündən gec olmayaraq məhsulların dəyərini İddiaçı bank hesabına ödəməyi öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən hər ayın sonunda alıcı anbarında satılan məhsulların dəyərini hesablayaraq, 3 gün ərzində satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödəməlidir. Həmin müqavilənin 3.2.5-ci bəndinə əsasən alıcı “Satıcı” tərəfindən təqdim olunan hesab faktura və qaimə fakturanı (o cümlədən digər maliyyə ödəniş sənədlərini) imzalamaq və müəyyən edilmiş müddətdə icra etmək öhdəliyini götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun borcu yaranmışdır. İddiaçı öz tələbində 33503 manat məbləğində pulun ödənilməsini tələb etsə də, cavabdehin həmin məbləğdə borcunun olması təsdiq edilmir. Belə ki, iş materiallarında olan 243922 və 243927 nömrəli kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən 15000 min manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin məlumat İddiaçı mühasibi X3 tərəfindən məhkəməyə təqdim edilən izahat ilə də təsdiq edilir. Bundan başqa iddiaçının nümayəndəsi 4950 manat məbləğində pulun cavabdeh tərəfindən ödənildiyini, lakin sonradan cavabdehə qaytarıldığını bildirsədə, iddiaçı həmin məbləğin sonradan cavabdehə qaytarılmasını sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə cavabdeh tərəfindən 4950 manat məbləğində pul vəsaitinin də iddiaçıya ödənildiyi qənaətinə gəlir. Həmçinin iddiaçı iddia ərizəsində ümumi olaraq 135249,45 manat məbləğində malın verildiyini 101746, 45 manat ödənildiyini bildirsə də məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən 135250,10 manat məbləğində mal cavabdehə verilmiş, cavabdeh tərəfindən isə 102885,83 manat məbləğində ödəniş edilmişdir. Belə olan vəziyyətdə ilkin borc məbləği 32364,27 manat təşkil edir. Məhkəmə araşdırması zamanı həmin borcdan 19950 manat borcun cavabdeh tərəfindən ödənildiyi müəyyən olunmuşdur. Cavabdehin 19950 manat məbləğində etdiyi ödənişlər nəzərə alınarsa, cavabdehin 12414,27 manat məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, tərəflərin izahatları, elektron qaimələr, bank köçürmələri, kassa mədaxil orderləri və malların təhvil qəbul aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 12414,27 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan tərəflərin izahatları, təhvil-təslim aktı və bank köçürmələri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Cavabdeh məhkəmə iclaslarında veridiyi izahatlarında müəyyən məbləğdə malların iddiaçı tərəfindən geri götürüldüyünü və Şahid2 vasitəsilə şirkətin müdirinin qohumu olan Carçıyev Elvin adlı şəxsə 6000 ABŞ dolları pul göndərdiyini bildirsə də, bununla bağlı halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12414,27 manat məbləğində əsas borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-241/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-241/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver