Məhkəmə qərarları › İş №e-2-2(115)-2428/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2428/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2428/2024 20.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə xx.xx.2014-cü il tarixli 290-L/14 nömrəli müqavilə üzrə 7396,20 (yeddi min üç yüz doxsan altı manat 20 qəpik) manat gecikdirilmiş borcu və hesablanmış 9067,03 (doqquz min altmış yeddi manat 03 qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli, 290-L/14 saylı lizinq müqaviləsinin 8-ci bəndindən görünür ki, tərəflər razılığa gələ bilmədikdə, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqları lizinq verənin olduğu yer üzrə məhkəmədə baxılmalı və həll edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehlakçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Məhkəmə hesab edir ki, tərəflər öz aralarında bağladıqları xx.xx.2014-cü il tarixli lizinq müqaviləsi ilə işin ərazi aidiyyətini dəyişdirdiyindən işə Gəncə Kommersiya Məhkəməsində baxıla bilməz. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, tərəflər xx.xx.2014-cü il tarixli lizinq müqaviləsi ilə aralarında yaranacaq hər hansı mübahisənin lizinqverənin olduğu yer üzrə məhkəmə tərəfindən baxılması ilə bağlı razılığa gəldiyindən və lizinqverənin olduğu yer Bakı şəhəri Nərimanov Rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə ünvanı olduğundan aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi müraciət etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 266-267, 284-3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar