Məhkəmə qərarları › İş №e-2-2(115)-245/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-245/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-245/2024 09.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 30064,67 manat, hesablanmış cərimə borcuna görə 6012,93 manat və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 36277,60 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı qismində “X5 Kompleksi” MMC, tədarükçü qismində “X5 Kompleksi” MMC-nin “X6 və Emalı Zavodu” filialı və fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 205 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 35 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 30064,67 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh üzərinə götürmüş öhdəliyi tam şəkildə icra etməmişdir. Beləliklə, cavabdeh tərəfindən 2021-ci il mövsümü üzrə xx.xx.2021-ci il tarixli, 205 saylı müqavilənin 2.1.1, 2.1.7, 5.2-ci bəndlərini pozaraq götürdüyü avans müqabilində borcunu ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 30064,67 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 6012,93 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı "X5 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, 17 fevral 2020-ci ildə cavabdehlə iddiaçı arasında xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən hazırda onun müqavilə üzrə iddiaçıya 30064,67 manat məbləğində avans borcu yaranmışdır. Həmiçinin müqaviləyə əsasən cavabdeh öhdəsində olan 35 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaq şərti ilə pambıq istehsal edib müəssisələrinə verməyi öhdəsinə götürmüşdür. Bundan başqa müqavilənin 5.2-ci bəndində o da nəzərdə tutulmuşdur ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə ödənilməmiş məbləğin 20% məbləğində cərimə ödəməlidir. Həmin cərimə məbləği də cavabdehdən tələb olunur. Bundan başqa cavabdeh tərəfindən akt təqdim edilmişdir. Həmin aktı əsaslı hesab etmirlər, çünki həmin akt iyun ayında tərtib olunmuşdur. Aktın məzmununa nəzər saldıqda görünür ki, sel hadisəsi yaz ayının əvvələrində baş vermiş, akt isə həmin hadisədən hardasa 3-4 ay sonra tərtib edilmişdir. Belə olan halda hadisədən 3-4 ay sonra aktın tərtib edilməsi qanunsuzdur. Digər tərəfdən ərazidə baş vermiş sel basmasını fors-major hal hesab etmirlər. Belə ki, sel, daşqın, zəlzələ və digər bu kimi hadisələr o vaxt fövqəladə hadisə hesab edilir ki, həmin baş vermiş hadisələr fövqəladə hallar tərəfindən qeydə alınsın və bu barədə akt fövqəladə hallar tərəfindən tərtib olunsun. Lakin hazırda söhbət gedən hadisə ilə bağlı isə qeyd etdiklərinin heç biri qeydə alınmayıb. Həmiçinin müqavilənin 2.1.12-ci bəndində fermerin öhdəliklərindən biri də pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığortalanması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətinin cavabdehin öz üzərinə götürməsidir. Belə olan halda onların heç bir məsuliyyəti yoxdur və iddia tələbləri də əsaslıdır. Cavabdehin özü də əvvəllər onların işçisi olub, üzləşmə aktını da özü imzalayaraq borcunun olmasını təsdiq etmişdir. Odur ki, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o əvvələr iddiaçı oranın işçisi olmuşdur. İddiaçı ilə müqavilə bağlayaraq pambıq əkmişdir, aprelin 15-dən əkin başlamış, may ayının əvvəllərinə kimi səpin davam etmişdir. Lakin əkdiyi pambığı sel basdığı üçün heç bir məhsul əldə edə bilməmişdir, bu faktla əlaqədar akt tərtib olunmuşdur. Belə ki, yağan yağışlara görə sel suyu ərazini basmışdır. Əkdiyi pambıq tamamilə məhv olmuşdur. Ərazini sel basdıqdan sonra "X5 Kompleksi" MMC-nin, X8 Mərkəzinin arqonomları gəlib əraziyə baxış keçirmiş və onların iştirakı ilə akt tərtib edilmişdir. Borcunun silindiyini hesab etmiş, məhkəmədən bildiriş gələndə isə borcunun silinmədiyini öyrənmişdir. Seldən sonra iki dəfə pambıq əkmiş, üçüncü dəfə isə öz hesabına əkmiş, ancaq pambıq bitməmişdir. Maddi imkanı olmadığından borcu ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqısatqısına dair 205 saylı müqavilədən görünür ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 35 ha torpaq sahəsində pambıq əkib alıcı “X5 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.12ci bəndinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə məsuliyyətini fermer öz üzərinə götürür. İş materiallarında olan 10 iyun 2021-ci il tarixli "xxxx" MMC-nin Goranboy PİTM aktından görünür ki, həqiqətən fermer Cavabdeh ilə Goranboy PİTM arasında 17 fevral 2021-ci il tarixli 205 nömrəli üçtərəfli müqavilə imzalanmış və fermer tərəfindən 35 hektar sahədə pambıq əkini üçün hektara 300 manat olmaqla, ümumilikdə 10500 manat avans icarə haqqı ödənilmişdir. 35 ha sahə tərəflərindən şumlanmış, dırmıqlanmış və toxum çiyid səpilmişdir. Lakin yazın əvvəllərində yağan güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artmış, həmin ərazi sel suları basmış və hər pambıq sahəsini tamamilə məhv etmişdir. Həmin aktın doğruluğunu isə tərəflər öz imzası ilə təsdiq etmişlər. İş materillarında olan 24 yanvar 2022-ci il tarixli və 19 mart 2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh “X5 Kompleksi” MMC-nə qalıq borcunun 30064,67 manat olması tərəflərin imzası ilə təsdiq edilmişdir. İş materillarında olan 24 yanvar 2022-ci il tarixli 09 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh “X5 Kompleksi” MMC-nə qalıq borcu 30064,67 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. X1 məhkəmə iclasında bildirdi ki, hazırki işlə tanış olaraq müvafiq araşdırma aparmış, pambıq zavodundan Anar müəllim və Ramil müəllimlə əlaqə saxlamışdır və ona ərazini sel basması ilə bağlı aktın tərtib edildiyini bildirmişlər. Həmiçinin nümayəndələri də gedib əraziyə baxmışdır. Zavodun dediyinə görə təkrar əkin aparılmış, sadəcə çıxış olmadığı üçün məhsul əldə edilə bilməmişdir. Belə ki, ərazini su basıbsa, pambığın boyu balacadırsa ondan məhsul əldə etmək olmur. Tərtib olunan akt yalnız imzayla təsdiq olunub, foto cədvəl yoxdur. Anar müəllim, Ramil müəllim və onların şirkəti də ərazinin su basdığını təsdiq edir. 35 hektar ərazinin tam olaraq su basılmasının şahidi olmamışdır, ancaq tam sel basıbsa məhv ola bilər. Pambıq əkini aprelin ikinci onluğunda aparılır. Həmin ərazini sel sularının nə vaxt basması barədə onun məlumatı olmayıb, həmin vaxtı Muxtar müəllim olub. Hazırda isə Muxtar müəllim işləmir. Təbii ki, 4 ay sonra aktın tərtib edilməsi düzgün deyildir. Əkin aprelin ikinci onluğuda əkilir, iki-üç qanad boy verəndən sonra alaq işləri aparılır, kultivasiya aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X5 Kompleksi” MMC ilə Cavabdeh arasında 17 fevral 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh 35 ha torpaq sahəsində pambıq əkib alıcı “X5 Kompleksi” MMC-yə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı tərəfindən satıcıya 30064,67 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin yazın əvvəllərində yağan güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artmış, Cavabdeh pambıq əkdiyi həmin ərazini sel suları basmış və pambıq sahəsini tamamilə məhv etmişdir. Beləliklə Cavabdeh “X5 Kompleksi” MMC-yə 30064,67 manat borcu yaranmışdır. Həmiçinin tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndinə əsasən pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta olunması üçün müvafiq sığorta təşkilatları ilə müqavilə bağlamaq fermerin vəzifələrinə aid edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, pambıq sahəsinin təbii fəlakətlərdən və digər zərərlərdən sığorta etdirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə onun iddiaçıya 30064,67 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 6012,93 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 30064 manat 67 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla, cəmi 30564 manat 67 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 181 manat 70 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2021-ci il tarixli 205 nömrəli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 30064 manat 67 qəpik məbləğində borc, 500 manat cərimə olmaqla 30564 (otuz min beş yüz altmış dörd) manat 67 (altmış yeddi) qəpik pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 181 (bir yüz səksən bir) manat 70 (yetmiş) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar