Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2460/2025 06.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26920,99 manat əsas borcun, 11549,10 manat cərimənin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 1582 manat faiz borcunun, cəmi 40052,09 manat pulun və ödənilmiş 210 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 06 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement, beton və s. xidmət növünü “alıcıya” satır. “Alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə “Alıcının” fəaliyyət növü tikintidir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti “Satıcı” və “Alıcı” ilə razılaşdırılmış formada Müqaviləyə Əlavədə müəyyən olunur. “Satıcı” xx.xx.2024-cü il tarixdək üzərinə düşən öhdəlikləri yerinə yetirərək “Alıcı”ya sement satmış və xidmətlər göstərmişdir. “Alıcı” isə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə İddiaçı MMC-yə ödəməli olan 26920,99 manat pulu ödəməmişdir. Məhz, buna görə də iddiaçı elektron qaydada göndərilmiş məktubla qalıq pulu cavabdehdən tələb edib, üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyini tələb etmiş, ancaq cavabdeh borcu qaytarmamışdır. İddiaçı hesab edir ki, iddia tələbində göstərilən əsas borcla yanaşı cavabdeh ona vurmuş olduğu ziyanı (əldən çıxmış fayda) və hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1 % qədər cərimə də ödəməlidir. Müqavilənin 6.1.1-ci və 6.1.3-cü şərtlərinə görə satılmış malı vaxtlı-vaxtında “Alıcı” tərəfindən qəbul edilməsini və razılaşdırılmış alış qiymətinin ödənilməsini tələb etmək, Bu Müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinin əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək və alınan malın dəyəri Alıcı tərəfindən ödənilmədiyi təqdirdə “Satıcı” yaranmış borc məbləğinin qaytarılması məqsədi ilə üçüncü tərəfə müraciət etmək və alıcıdan borc məbləğindən əlavə olaraq üçüncü tərəfin xidmətlərinin dəyərini ödəməyi tələb etmək satıcının hüquqlarından biridir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19017,71 manat əsas borcun, 2000 manat cərimənin, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcunun, cəmi 21695,05 pulun və ödənilmiş 158,08 manat dövlət rüsumunun alınaraq İddiaçı MMCnin xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə 2014-cü ildən birlikdə işləyirlər. Qarşı tərəfin iddiasına görə guya borc 2 ildə yaranıb. Elektron qaiməfakturalar təqdim edilsə də əmtəə nəqliyyat qaimələri təqdim edilməyib. Üzləşmə aktının mənim tərəfimdən imzlanmışdır. Lakin üzləşmə aktına imza etsəm belə orada qeyd olunanlara nəzər yetirməmişəm. Yalnız yük avtomobilinin qiyməti razılaşğımız qiymətdən 2000 manat aşağı olduğundan qeyd kimi onu yazmışdır. Eyni zamanda üzləşmə aktında olan 8 elektron qaimə-faktura üzrə qeyd olunan mallar mənə təhvil verilməmişdir. Borcu qəbul etmir, bütün sənədlərə mühafizəçi imza çəkmişdir. Sənədi mənə verəndə başı qarışıq olmuşdur. Lakin o yalnız avtomobillə bağlı sənədə imza atmışdır. Bundan başqa maşının sənədi var idi. X4 adına idi. Üzləşmə aktında olan malların bir hissəsi verilib, bir hissəsi isə verilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, cavabdehlə uzun müddət birlikdə işləmiş. 26 000 manata qədər borcu var idi. Maşını o, aparmışdır. Maşının sənədləri yox idi və qiymətini 8000 manat hesablamışdılar. Maşının hal-hazırda harada olduğunu bilmir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, üzləşmə aktı, üzləşmə hesabatı, elektron qaimə-fakturalar, əmtəə nəqliyyat qaimələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) arasında xx.xx.2022-ci il tarixli, 06 nömrəli alğı-satqı müqavilənin 1.1-ci maddəsinin şərtinə görə bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Müqavilənin 1.2-ci maddəsinə görə alıcının fəaliyyət növü ticarətdir. Müqavilənin 2.1-ci maddəsinə görə malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə Əlavədə müəyyən olunur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı istisna hallarda alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Cavabdeh məhkəmə iclaslarında vermiş olduğu izahatlarında üzləşmə aktının özü tərəfindən imzalandığını bildirmişdir. Lakin onu da qeyd etmişdir ki, üzləşmə aktına imza etsə belə orada qeyd olunanlara nəzər yetirməmişdir. Yalnız yük avtomobilinin qiyməti razılaşdıqları qiymətdən 2000 manat aşağı olduğundan qeyd kimi onu yazmışdır. Eyni zamanda üzləşmə aktında olan 8 elektron qaimə-faktura üzrə qeyd olunan mallar ona təhvil verilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 8 elektron qaimə fakturada qeyd olunan malların ona təhvil verilmədiyini bildirsə də, iş materiallarında olan əmtəə nəqliyyat qaimələrindən və üzləşmə aktından da görünür ki, həmin mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdir. Cavabdeh həmin üzləşmə aktını oxumadan imza etdiyini bildirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Belə ki, hətta cavabdeh həmin üzləşmə aktına imza etməklə bərabər, eyni zamanda həmin üzləşmə aktına borc müqabilində iddiaçıya verdiyi yük avtomobilinin dəyərinin 2000 manat aşağı yazılması barədə qeyd yazmışdır. Bu hal da cavabdehin üzləşmə aktının məzmunu ilə tanış olması və orada qeyd olunan borcun ona məlum olmasına əsas verir. Cavabdeh əmtəə nəqliyyat qaimələrində olan imzaların ona məxsus olmadığını bildirsə də, məhkəmə bununla bağlı da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz izahatlarında malların mühafizəçi tərəfindən də təhvil alındığını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin mübahisələndirdiyi əmtəə nəqliyyat qaimələrinə nəzər saldıqda hətta həmin qaimələrdən biri cavabdehin özü tərəfindən təhvil alınaraq imzalanmışdır. Digər əmtəə nəqliyyat qaimələrinə münasibətdə isə məhkəmə bildirir ki, cavabdeh həmin malları təhvil almadığını sübuta yetirə bilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 19017,71 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, əmtəə nəqliyyat qaimələri və elektron qaimə-fakturalarla öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 19017,71 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron-qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşmə aktı və əmtəə nəqliyyat qaimələri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Məhkəmə iddia tələbinin 2000 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə iddia tələbinin alqı-satqı müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 677,34 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış 677,34 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 149,39 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 60,61 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19017,71 manat əsas borc, 100 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalı olan 677,34 manat faiz borcu olmaqla, cəmi 19795,05 manat pul və ödənilmiş 149,39 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 60,61 manat dövlət rüsumu İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2460/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2460/2025
06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver