Məhkəmə qərarları › İş №e-2-2(115)-25/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-25/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-25/2023 10.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd “New-Holland TC-5050” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 48 530 manat dəymiş maddi ziyanın və 200 manat mediasiya xərcinin-cəmi 48 730 manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 01 iyun tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Yevlax Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC-5050 markalı taxılyığan kombaynla Yevlax rayonunun Hacallı kəndinin ərazisində 2019-cu il 15 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı 2019-cu il 22 iyun tarixində Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, New-Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün 48 530,00 (qırx səkkiz min beş yüz otuz) manat dəymiş maddi ziyan hesablanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh taxılbiçən kombaynı nasaz vəziyyətdə saxladığından yanğın baş vermişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, kombayn saz vəziyyətdə olmuşdur. Lakin, kombayna CPS quraşdırılmış və yanğın onun qızması səbəbindən baş vermişdir. Bundan başqa yanğın baş verən kimi yanğın xidmətinə zəng etmişdir. Həmçinin kombaynda olan yanğınsöndürən balon açılmamışdır. İş materiallarında olan: 01 iyun 2019-cu il tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd “New-Holland TC5050” markalı, 2014-cü ildə istehsal olunmuş taxılyığan kombayn Cavabdeh istifadəyə verilmişdir. Texnikanın lizinqə götürənə verilərkən tərtib edilən xx.xx.2019-cu il tarixli, F00023885 nömrəli təhvil aktdından görünür ki, texnika saz vəziyyətdə olmuşdur. 22 iyun 2019-cu il tarixli aktdan görünür ki, 01 iyun 2019-cu il tarixli 02/00023885 nömrəli operativ lizinq müqaviləsinə əsasən Cavabdeh istifadəsinə verilmiş “New-Holland TC5050” markalı taxılyığan kombaynda 15 iyun 2019-cu il tarixində Goranboy rayonu, Hacallı kəndində taxıl biçini zamanı yanğın baş vermişdir. Yanğından sonra kombayna baxış keçirilmiş, kombaynda qabaq və arxa təkərlər, ötürücü remenlər, hidravlik sistemin boruları, yağ çəlləyi, dizel çəlləyi, mühərrik, saman ötürən, hidravlik paylayıcı, taxılı boşaldan şnek, dən bunkeri, hava təmizləyici sistem, elektrik naqilləri və 2 ədəd akumlyatorlar yanaraq sıradan çıxmışdır. 22 iyun 2019-cu il tarixli Yanğın haqqında aktda qeyd olunur ki, taxılyığan kombayn nasaz vəziyyətdə istismar olunmuşdur. İddiaçı ASC-nin Yevlax regional nümayəndəliyinə məxsus “New-Holland TC5050” markalı, 66K126 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın 3 ədəd təkərləri, saman və taxıl vuran detalları mühərrikxana yanaraq yararsız hala düşmüşdür. Yanğından xəsarət alan olmamışdır. Həmin kombaynda baş vermiş yanğına səbəb kombaynın mühərrik hissəsindəki dinamonun elektrik naqillərində baş verən qısa qapanmanın olması güman olunur. Bu faktı İddiaçı ASC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 71 nömrəli məktub təsdiqləyir. “Ehtimal xərclər barədə” arayışdan görünür ki, “New-Holland TC5050” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 48530 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyektini zərərin bütün növlərindən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Maddənin tələbindən göründüyü kimi lizinq alan llizinq obyektini risklərdən qorumalıdır, onu zərərə məruz qoya biləcək hərəkət və ya hərəkətsizliyə yol verdikdə məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi hadisə günü kombayın yanğın təhlükəsi olan şəraitdə idarə edilməmiş, günorta saatlarında adi iş rejimində istismar olunmuşdur. Yanğının səbəblərini və fəsadlarını araşdıran və müəyyən edən orqanının gəldiyi nəticəyə görə yanğın hadisəsi kombaynın elektrik sistemində güman olunan qısaqapanma nəticəsində baş vermişdir. Məhkəmə qeyd edir ki, yanğın hadisəsinin baş vermə səbəbinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir. Güman olunan fakt səbəb rolunu oynamır və təqsirin yaranması üçün kifayət etmir. Güman olunanlar sübuta yetirilməli və eyni zamanda bu faktla zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Əgər yanğın hadisəsi cavabdehin nəyi isə etməməsi səbəbindən baş vermişdirsə, onun nəyi etməli olması və bunu etməməsi aşkar şəkildə görünməlidir. Hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar bəlli olmalıdır. Yalnız bu halda hərəkətsizlik hüquq pozuntusunun səbəbi kimi qəbul edilə bilər. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanının tərtib etdiyi 22 iyun 2019-cu il tarixli Yanğın haqqında aktda göstərilir ki, texnika nasaz vəziyyətdə idarə edilmişdir. Lakin, bu nasazlığın nədən ibarət olması açıqlanmır. Aydın məsələdir ki, hər bir nasazlıq yanğına səbəb ola bilməzdi. İddiaçı tərəfindən tərtib olunmuş və onun nümayəndəsinin imzası ilə təsdiq edilmiş texnikanın təhvil verilməsi barədə xx.xx.2019-cu il tarixli aktda göstərilir ki, 2014-cü ildə istehsal olunmuş taxılbiçən kombayn, o cümlədən onun elektrik avadanlıqları saz vəziyyətdə olmuşdur. Qeyd edildiyi kimi, kombayn 2014-cü ildə istehsal olunmuş və xx.xx.2019-cu il tarixə olan durumuna görə saz vəziyyətdə olmuşdur. Belə görünür ki, kombaynda qısaqapanmaya səbəb olan hal son 15 gün ərzində yaranmışdır. Bir halda ki, texnika 15 gün öncə saz vəziyyətdə təhvil verilmişdir, bu qısa zaman kəsiyində qısaqapanma hadisəsinin baş verməməsinin qarşısının alınması və texnikanın bu kimi hadisədən qorumaq üçün istifadəçinin hansı ehtiyat tədbirlər görməli olduğu halda onları görməməsi təqsirin yaranmasının kökündə dayanan məsələdir. Lakin iddiaçı bu barədə hər hansı bir dəlil təqdim edə bilməmişdir. Yanğının səbəblərini araşdıran və müəyyən edən orqanının tərtib etdiyi Yanğın haqqında aktdan göründüyü kimi yanğın hadisəsinin səbəbinin qısaqapanma olması da tam şəkildə müəyyən edilmir. Belə ki, aktın məzmunundan göründüyü kimi, yanğının qısaqapanma səbəbindən baş verməsi təyin deyil, güman olunur. Aktda qeyd olunanlardan görünür ki, yanğının səbəblərini araşdıran orqan belə gümana gələrkən öz araşdırması nəticəsində əldə etdiyi faktlara deyil, İddiaçı ASC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 71 nömrəli məktubda göstərilənlərə istinad etmişdir. Məhkəmənin qənaətinə görə, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli sürülən tələb əsaslı sayılmır. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Məhkəmə onu da qeyd edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1098/2022 saylı qərardadı ilə iş üzrə yanğın texniki ekspertizası təyin edilmişdir. “Məhkəmə Ekspertiza Mərkəzi”-nin xx.xx.2022-ci il tarixli, 10/5919 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatında göstərilir ki, 20 oktyabr 2022-ci il tarixdə tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmişdir. Baxış zamanı yanğın baş vermiş “New-Holland TC5050” markalı kombaynın hadisədən sonra ilkin vəziyyətdə saxlanılmadığı, yanğının baş verdiyi mühərrik bölməsində söküntü işlərinin aparıldığı, elektrik naqillərinin qalmadığı müəyyən edilmişdir. Bununla da, təqdiqat obyekti ilkin vəziyyətdə saxlanılmadığına görə tədqiqat aparılaraq rəyin verilməsi mümkün olmamışdır. Göründüyü kimi yanğın baş vermiş “New-Holland TC5050” markalı kombayn hadisədən sonra iddiaçı tərəfindən ilkin vəziyyətdə saxlanılmamışdır. Bu səbəbdən ekspert rəyinin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 48 530 manat dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar