Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-253/2024 26.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Orucova Vüsalə İsməli qızının katibliyi ilə İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 2268,38 manat, hesablanmış cərimə borcuna görə 453,67 manat və ödənilmiş mediasiya rüsumuna görə 70 manat olmaqla, cəmi 2792,05 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Kompleksi” MMC ilə fermer Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 620 saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 5 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 7575,70 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, gübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etməmiş, avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2268,38 manat borcu qalmışdır. Bundan əlavə müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 650 manatdır.) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 453,67 manat təşkil edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, əkdiyi pambıq yaxşı məhsul verməmişdir. Belə ki, toxumu müqaviləyə əsasən ona iddiaçı vermiş, lakin toxum çürük toxum olmuş, birinci dəfə toxum səpildikdən sonra pambıq yetişməmişdir. Bununla əlaqədar Bərdə PİEZ-ə məlumat vermiş, zavodun aqronomu və ərazi nümayədəsi gəlib əkin sahəsinə baxmışlar və 1 həftə də gözləməyini bildirmişlər. Lakin 1 həftə sonra da pambıq yetişməmişdir, hər üçü əkin sahəsinə girib əkilmiş toxumların çürük olduğunu görmüşlər. Daha sonra 2-ci dəfə toxum səpilmiş, lakin yenə də pambıq bitməmişdir. Sonra öz vəsaiti hesabına toxum alıb sahənin pambıq çıxmayan hissələrinə səpmişdir, lakin bu zaman da əkin üçün artıq gec olmuşdur. Bu dəfə də məhsul yaxşı olmamış, əkin sahəsinin hissəhissə yerlərində pambıq yetişmişdir, nəticədə iddiaçıya olan borcunu tam şəkildə ödəyə bilməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair 620 saylı müqavilədən görünür ki, fermer Cavabdeh mülkiyyətində, istifadəsində və ya icarəsində olan 5 ha torpaq sahəsində pambıq əkib alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, “X1 Kompleksi” MMC tərəfindən Cavabdeh müxtəlif xidmətlər göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qaimə-fakturaya əsasən 598 manat, xx.xx.2021-ci il tarixli qaimə-fakturaya əsasən 52,50 manat, xx.xx.2021-ci il tarixli qaiməfakturaya əsasən 45,50 manat, xx.xx.2021-ci il tarixli qaimə-fakturaya əsasən 72,50 manat, xx.xx.2021-ci il tarixli qaimə-fakturaya əsasən 21,50 manat, xx.xx.2021-ci il tarixli qaiməfakturaya əsasən 96 manat dəyərində mallar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh müqavilə üzrə avans borcundan 2268,38 manat zavoda borcu qalmışdır. Həmiçinin Cavabdeh dəfələrlə deyilməsinə baxmayaraq hazırlanmış üzləşmə aktına imza çəkməkdən və avans borc məbləğini ödəməkdən imtina etmişdir. İş materillarında olan üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh 24 yanvar 2022-ci il tarixə 2268,38 manat məbləğində avans borcu var və o, üzləşmə aktını imza etməkdən imtina etmişdir. İş materillarında olan 26 yanvar 2022-ci il tarixli 27 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh “X1 Kompleksi” MMC-nə qalıq borcu 2268,38 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borcla bağlı məlumat verilmiş, məsuliyyəti ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Cavabdeh onların şirkətlə 2021-ci ildə müqavilə bağlayaraq 5 hektar sahədə əkin əkmişdir. Bununla əlaqədar onun 2268,32 manat borcu qalmışdır. Şirkətə gələn çiyidin hamısı onlara xaricdən gəlir. Bütün fermerlər də bu çiyiddən istifadə edir. Əgər çiyid xarab olmuş olsa idi heç bir fermerdə məhsul bitməzdi. Yusif müəllimin sahəsinin 1 hektarından biraz artıq hissəsində bitiş yaxşı olmuş, qalan ərazidə isə bitiş seyrək olmuşdur. Buna görə də tarixi yadında qalmasa da həmin yerlərdə təkrar səpin aparılmışdır. İlkin səpindən bitiş aldıqdan sonra, təxminən aprel ayının axırlarında baxmışlar ki, yaxşı bitiş əldə edilməyib, bundan sonra təkrar səpin aparmışlar. Digər sahələrdə bitişin yaxşı olmamasına səbəb təbii hadisələrlə bağlı olmuşdur. Bununla əlaqədar hər hansı akt tərtib edilməmişdir. Çiyid keyfiyyətsiz olmamışdır, hər kəsə eyni çiyid verilmişdir. Çiyid səpiləndən sonra toxum düşən yerdə nəmlik qalmayanda toxum bitmir. Buna səbəb isə külək olmuşdur, küləyin çox olması nəticəsində torpağın nəmliliyi azalmışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Cavabdeh “X1 Kompleksi” MMC-yə təxminən 2000 manat borcu qalmışdır. Borcunun qalmasına səbəb məhsulun az olması ola bilər. Ərazi nümayəndəsi sahəyə gedib baxış keçirir, əsasən də texnikaları təşkil edir. Cavabdeh əkin üçün hər bir vasitə təmin edilmişdir. Hava küləki olduğuna görə məcbur ərazi tez suvarılmalı idi, lakin biraz səhlənkarlıq olmuş, bitiş yaxşı olmamışdır, buna görə təkrar səpin edilmişdir. Əvvəl səpilmiş sahənin yarısında bitiş yaxşı olmamışdır. Bitişin yaxşı olmamasına səbəb çiyidin çürük olması olmamışdır. Səpin arqotexniki qaydalara uyğun aparılmışdır. Sahənin yarısını suladıqdan sonra digər yarsı sulandığı zaman səpin edilir. Külək olanda əvvəl sulanan yerdə arat qaçır. Ərazini təkrar sulamaqla aratın qaçmasını aradan qaldırmaq mümkündür. Məhsuldarlığın az olmasına səbəb həmçinin alaq olmuşdur. Cavabdehin ərazisini alaq basmışdı, o gücü çatdığı qədər alağı təmizləmiş, lakin bu hal məhsuldarlığa təsir etmişdir. Onun sahəsində bütün işlər görülmüşdü. Təkrar səpin zamanı da səpilən çiyidi də “X1 Kompleksi” MMC vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, “X1 Kompleksi” MMC ilə Cavabdeh arasında 09 fevral 2021-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən fermer Cavabdeh 5 ha torpaq sahəsində pambıq əkib alıcı “X1 Kompleksi” MMC-nə satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürmüşdür. Alıcı tərəfindən satıcıya avans vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Lakin satıcı üzərinə götürdüyü öhdəliyi tam olaraq yerinə yetirməmiş, onu iddiaçıya 2268,38 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh əkdiyi sahədə bitişin yaxşı olmamasını, buna səbəb isə iddiaçıdan aldığı toxumun çürük olduğunu bildirmişdir. Lakin cavabdeh göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, izahatında qeyd etdiyi hallar isə iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təkzib edilir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması alıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, alıcı avansı verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 453 manat 67 qəpik məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 2268 manat 38 qəpik əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 2298 manat 38 qəpik məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 70 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 42 manat 98 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 620 nömrəli 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə üzrə yaranmış 2268 manat 38 qəpik məbləğində borc, 30 manat cərimə olmaqla 2298 (iki min iki yüz doxsan səkkiz) manat 38 (otuz səkkiz) qəpik pul və ödənilmiş 70 (yetmiş) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı “X1 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh 42 (qırx iki) manat 98 (doxsan səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-253/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-253/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver