Məhkəmə qərarları › İş №e-2-2(115)-257/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-257/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-257/2021 16.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, iddiaçı «Azərbaycan Koka-Kola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə məhkəmənin binasında, sadələşdirilmiş məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdim: İddiaçı «Azərbaycan Koka-Kola Bottlers» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı Cavabdeh “xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş V/C ensiz markalı 1 ədəd soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 (bir min altı yüz) ABŞ dolları və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada borcludan kreditorun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx xxxxxx 2021-ci il tarixli, e-2-2(115)-257/2021 nömrəli bildiriş göndərilərək, məhkəmə bildirişini rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair etiraz və mülahizələrini məhkəməyə təqdim etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz və mülahizə məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızından “xxxx” MMC ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən dəyəri 800 dollar olan VC markalı 2 ədəd və dəyəri 1500 dollar olan 1 ədəd D/D markalı soyuducu, cəmi 3 ssoyuducu verilmişdir. Müqavilənin 2.1.7ci bəndinə əsasən istifadəyə verilən əmlak istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halıaşkar edildikdə əmlakın ümumi dəyərinin 2 misli istifadəverənin nəfinə ödənilir. İşin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin materiallarından göründüyü kimi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (istifadəyəverən) ilə Cavabdeh (istifadəçi) arasında xx xxxxxx 2017-ci il tarixli “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanılmış və 800 ABŞ dolları dəyərində 2 ədəd soyuducu və ddəyəri 1500 dollar olan 1 ədəd soyuducu Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İddiaçı 1600 ABŞ dolları həcmində vəsaiti qeyd edilən müqaviləyə əsasən tələb edir. Tərəflər arasında bağlanılmış həmin müqavilənin şərtlərinə görə istifadəçi iki halda əmlakın ümumi dəyərinin iki mislini “istifadəyəverən”in nəfinə ödəməyi öhdəsinə götürmüşdür. Birinci halda, yəni müqavilənin 2.1.7-ci bəndinin şərtinə görə istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin iki mislini istifadəyəverənin nəfinə ödəyir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlardan istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi hallarının mövcud olması öz təsdiqini tapmır. İstifadəçinin soyuducunu başqa şəxsə satması, bağışlaması və sair qaydada sahibliyə və ya istifadəyə verməsi barədə dəlillər gətirilməmiş və bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Bunun əksinə olaraq iddiaçı ərizəsində göstərir ki, Cavabdeh “xxxx” MMC-nin əmlakı olan soyuducunu qaytarmamış, uzun müddət qanunsuz olaraq özündə saxlamış, mənimsəmişdir. Əmlak mənimsənildikdə onu əldə etmiş şəxsin öz sahibliyində saxlanılır, özgəninkiləşdirildikdə isə digər şəxslərin sahibliyinə verilir. İkinci halda, yəni müqavilənin 2.2.8-ci bəndində qeyd edilmişdir ki, müqavilənin xitamı haqqında “istifadəçi” tələb irəli sürdükdə o, əmlakın köhnəlməsi nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. Əmlakın göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində birgə müəssisəyə cərimə ödəməlidir. Lakin istifadəçi Cavabdeh tərəfindən müqavilənin xitamı haqqında tələbin irəli sürülməmişdir. Beləliklə, müqavilədə göstərilən iki haldan hər hansı birinin baş verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Həmin Məcəllənin 737-ci maddəsinə əsasən kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Həmin Məcəllənin 738-ci maddəsinə əsasən kirayəyə verənin əvəzsiz istifadəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquqları, habelə kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsi hüquqları altı aydan sonra, müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunmadığından 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. qət etdim: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı xx xxxxxx 2017-ci il tarixdə bağlanmış “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş soyuducunun dəyərinin iki mislinin, yəni 1600 (bir min altı yüz) ABŞ dollarının məcburi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar