Məhkəmə qərarları › İş №e-2-2(115)-26/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-26/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-26/2024 01.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23687,09 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 736,75 manat pulun və 205 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X4” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 225a saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliklər tamamilə icra etsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 23687,09 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 23687,09 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı MMC adında müəssisə tanımamış, ondan hər hansı mal almamışdır, iddiaçı ilə aralarında müqavilə bağlanmamışdır, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə, qiymət cədvəli və üzləşmə aktında olan imzalar ona aid deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2019-cu il tarixli 225a saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 3.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi, malların hər vahidinin qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilmişdir. İş materiallarında olan üzləşdirmə aktında xx.xx.2022-ci il tarixinə qarşılıqlı borclar üzrə yoxlamaya əsasən cədvəl üzrə alıcı Cavabdeh satıcı İddiaçı MMC-nə 23687,09 manat qalıq debitor borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-nə 23687,09 manat əsas borcu, xx.xx.2022-ci il tarixdən (üzləşmə aktının tərtib edildiyi tarxdən) xx.xx.2023-cü il tarixədək əldən çıxmış faydaya görə 736,75 manat borcu yaranmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 4/1596 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında “Müştəri” bölməsində “Qalıq kreditor borc” sözlərinin aşağısında “23687” rəqəmləri, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1-ci, 2-ci, 3-cü vərəqlərində “Alıcı” qrafalarındakı imzalar, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə olan qiymət cədvəlinin 1-ci, 2-ci, 3-cü, 4-cü vərəqlərində “Alıcı” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən icra olunmuşdur. Həmiçinin ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” bölməsində “İmza:” qrafasındakı imzalar, “FİN:” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 127 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 23687,09 manat əsas borcu, 736,75 manat faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc əsas və faiz borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 23687,09 manat əsas borc, 736,75 manat faiz borcu olmaqla, cəmi 24423,84 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçının nümayəndəsi tərəfindən 205 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 205 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 163 manat 27 qəpik dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2019-cu il tarixli 225a saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 23687 manat 09 qəpik əsas borc, 736 manat 75 qəpik faiz borcu olmaqla cəmi 24423 (iyirmi dörd min dörd yüz iyirmi üç) manat 84 (səksən dörd) qəpik pul və ödənilmiş 205 (iki yüz beş) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 163 (bir yüz altmış üç) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar