Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2637/2025 28.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğnludan İddiaçı QSC-nin xeyrinə ATH000102 saylı xx.xx.2024-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 360 manat borcun, 54 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli ATH000102 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 360 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı QSC ilə X2 arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X1 Cavabdeh qarşı olan 360 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə görə satıcı alıcıya qeyd olunan müqavilənin 1 saylı əlavəsində göstərilən malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinə əsasən müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5% miqdarında dəbbə pulu ödəməlidir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin 360 manat əsas borcu, 54 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 18-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. İş materiallarında olan İddiaçı QSC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli R-1137/22 saylı faktorinq müqaviləsinə əsasən faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyəşdirməyi), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X2 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ATH000102 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya siyahısı müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi hesab edilən əlavə 1-də göstərilən malları satmağı, alıcı isə malları qəbul edib. Müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, qiyməti 360 manat olan 1 ədəd ehtiyat hissələri (ön fara, güzgü, duman işığı kalpak və s) alıcıya satıcı tərəfindən təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, iddiaçı “İddiaçı QSC sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan hüquqi şəxsdir. Cavabdeh isə sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. Lakin iddiaçı tərəflər arasında yaranmış hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, hazırkı iş üzrə cavabdeh nisyə alqı-satqı müqaviləsi bağlayaraq 1 ədəd 360 manat dəyərində ehtiyat hissələri götürmüş, malın dəyəri iddiaçı tərəfindən faktor müqaviləsinə əsasən satıcıya ödənilmiş və satıcı tələb hüququnu hazırkı iş üzrə iddiaçıya güzəşt etmişdir. İş materiallarında mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi ilə bağlı hər hansı sübut yoxdur. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, hüquq münasibətlərinin xarakterinə dair şərtlər mövcud deyil. Ona görə də hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Odur ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə umumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmənin qərardadından şikayət verildiyi təqdirdə şikayətə vəkilin orderi əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Yuxarıda qeyd edilən Plenum qərarının 9-cu bəndinə əsasən digər qərardadlardan fərqli olaraq Azərbaycan Respublikası MPM-nin 403-1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsi əsasında şikayətə baxarkən öz qərardadının ləğv edilməməsi barədə qənaətə gəldikdən sonrakı 7 gün ərzində şikayəti xəbərnaməli bildirişlə işdə iştirak edən şəxslərə göndərməli, habelə hər birinə şikayəti aldıqdan sonra 5 gün müddətində kassasiya instansiyası məhkəməsinə etiraz və yaxud izahatlarını göndərmək hüquqlarını izah etməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə müvafiq izah elektron qaydada işdə iştirak edən şəxslərə təqdim olunmalıdır. Yalnız bundan sonra iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir ki, sonuncunun işə məhkəmə iclası keçirmədən qısaldılmış 10 günlük müddətdə baxma imkanı olsun. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (qəbzin nömrəsi: **********) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-2637/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-2637/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver